adalet.az header logo
  • Bakı 17°C

BİR QƏLBİN YAŞANTILARI VƏ SİRLİ İNTİHARI...

BABƏK YUSİFOĞLU
45091 | 2013-02-26 11:32
Bu dünyanın yazılmamış qaydalarından biri belədi: iradəndən asılı olamayaraq bu dünyaya gələcəksən, iradəndən asılı olmayaraq bu dünyadan köçəcəksən. Bəşər övladı min, milyon illərdi ki, beləcə gəlir, beləcə gedir. Amma bəzən elələri də olur ki, onlar həmin qaydanı dəyişməyə yönəlik addımlarda bulunurlar. Onlar arzuları olmadan həyata gəlsələr də getmələrinə özləri qərar verirlər. Bəlkə də belələri İlahinin insanın öz seçiminə  buraxdığı qaydaları pozduqlarına görədir ki, onlar günahkar insan olaraq Allahın dərgahına qovuşurlar.
Onsuz da Tanrıdan qeyri heç nə əbədi deyil. Və bu baxımdan, dünyanın zəka, ağıl sahiblərinə görə kimlərinsə yarımçıq kəsdiyi ömür nə vaxtsa bitmək zorundadırsa, bir yaradılmış olaraq onu bilərkdən sonlandırmaq qəti doğru deyildir. Bəzən, bunun bir çıxış yolu olduğunu görənlər, hansısa məqamda müəyyən dəhşətlərdən intiharı xilas yolu kimi seçənlər yəqin ki, belə addımları ilə özlərini Böyük Yaradan dərgahında əbədi günaha ürcah etmiş olurlar. Tanrının bəxş etdiyi əmanətə sədaqət olar, xəyanət yox...
Mən inanıram ki, intihar edənlərin çox böyük əksəriyyəti özlərinə əl qaldırarkən daha çox İblisin təsirinə düşmüş olurlar.
Məncə böyük istedad sahibi, sözün bütün çalarlarını ürəyi ilə hiss edən o məşhur yazıçı özünə əl qaldıranda  İblisə uymamışdı. Çünki o özü intiharın "Yaradanın əmanətinə xəyanət" olduğuna bütün varlığı ilə  inanmışdı... Bəs niyə Kavabata Yasunari özünə qıymışdı axı?..
(Əvvəli qəzetin
19 fevral sayında)

Öz ölkəsində  artıq kifayət qədər tanınan Kavabatanın bədii fəlsəfəsində, belə demək mümkünsə, qələmin "azadlığı"  üst səviyyədə idi. Əsərlərindəki hadisələrin  hansı dövrə aid olmasına baxmayaraq yazıçı ona daha müasir düşüncəylə, daha fərqli münasibətlə, bədii elementlərin təsvirinə bənzərsiz səmimiyyətlə yanaşırdı. Obrazların və hadisələrin təsvirində oxucunu düşündürə biləcək ədəbi priyomlarında da özünəməxsusluq vardı. Və Kavabata doğrudan da həmin dövrlərdə Yaponiyada təşəkkül tapmağa başlayan modernist iddialı yazıçıların hamısından fərqlənirdi.  Bəlkə də onun daha çox diqqət çəkməsində bütün bu amillər əvəzsiz rol oynamışdı.
Bunlardan başqa, Yasunari Kavabatanın əsərlərindəki fərqlilik bir az da onun insan kimi fərdi keyfiyyətlərindən irəli gəlirdi. Yaradıcılığındakı bədii həssaslıq, hadisələrə yanaşma onun həyat tərzi ilə o qədər də uyuşmurdu. Bəzən ətrafdakı proseslərə münasibət kənardan elə təsəvvür yaradırdı ki, sanki yazıçı bütün bunları ya görmür, ya da hər şeyi mənasız hesab edir.  Əslində necə idi, bunu onun özündən başqa kimsə bilmirdi.  Elə II Dünya Müharibəsi illərində Yaponiya  kritik dövr  yaşasa da Kavabata həmin qlobal proseslərə laqeyd münasibəti ilə təəccüb yaradırdı. Ədəbiyyatşünasların qeyd etdiyi kimi o, bəzi mərhələlərdə doğrudan da  siyasətdən qəti olaraq kənardaydı.
Məhz həmin illərdə Yasunari Kavabata dünyada və ya Yaponiyada heç nə baş vermirmiş kimi səyahətə başladı. O, Mancuriyaya uzun müddətli səfərə çıxdı. Lakin demək olmazdı ki, bu illərdə yazıçı yaradıcılıqdan da uzaq düşdü. Xeyr. Məhz  həmin dövrlər o, XI əsr yapon klassik romançılıq nümunəsi sayılan "Saqi o Qendzi"ni öyrənməyə, xalq ədəbi nümunələriylə daha dərindən maraqlanmağa və  yeni bir roman - "Qo oyunlarının ustası" (1942-ci il) üzərində işləməyə başladı. Və onun Yaponiya yazıçıları cəmiyyətinə daxil olması da elə həmin illərə təsadüf edir.
Yeri gəlmişkən, bildirim ki, həmin illər Yasunari qardaşının qızını övladlığa götürdü. Əslində Hediko adlı qızla evlənən və bir müddət Kamakurada adi kəndli həyatı yaşayan Kavabatanın özünün də bir qızı vardı.  

DÜNYAYA  ÇIXIŞ...

Və məhz o zaman qələmə aldığı "Doğulduğu yer", "Qürub", "Atanın adı", "Tokaydonun yolu" əsərləri dərc olundu və  qısa zaman içərisində oxucuların diqqətini özünə yenidən cəlb etdi.  Əslində belə demək də mümkündü ki,  onun müharibə və müharibədən sonrakı yaradıcılığı daha sanballı, daha məhsuldar olub. Çünki Kavabata Yaponiya hüdudılarını aşmağa başalayan ilk əsərlərini -  "Dağ fəryadı", "Min qanadlı durna"nı... məhz bu dövrlərdə  -  1949-cu illərdə ərsəyə gətirmişdi. Qərb oxucuları tərəfindən də çox böyük maraqla qarşılanan  usta yazıçı özünə Yaponiyadan kənar pərəstişkarlar qazanmaqda da  çətinlik çəkmədi.   
Maraqlıydı, həm bədii yaradıcılıqla məşğul olan, həm də müxtəlif mətbu orqanlarda çıxış edən Kavabata 1948-ci ildə dünya yazıçılarının birliyi hesab edilən PEN-klubun 4-cü prezidenti seçilmişdi. Bu  artıq o demək idi ki, Kavabatanın əsərləri beynəlxalq arenada da özünü lazımı dərəcədə doğruldub.  Əslində həqiqətən də Yasunari Kavabatanın Avropada çap olunan bir neçə romanı sürətlə müxtəlif dillərə tərcümə olunaraq dünyaya yayılmışdı.

O  BİR  SÖZ
 NƏHƏNGİ  İDİ

Müəllifin 1954-cü ildə ərsəyə gətirdi "Göl" və 1961-ci ildə qələmə aldığı "Yatmış gözəllərin evində" əsərləri ilə Kavabata ədəbiyyat aləmində yenidən səs-küy yaratmağı bacardı. Zəngin bədii təxəyyülün və real hadisələrin fonunda verilmiş psixoloji təhllilər həqiqətən də yazıçının inanılmaz istedadının bəhrəsiydi. Müəllif əsərin kompozisiyasını elə ustalıqla təsvir edir ki, oxucu bütün əsər boyu duyduğu təsirdən qurtula bilmir. Bəli, sözün əsl mənasında Yasunari oxucusunu qələminə bağlaya bilmək istedına malik bir sənətkar idi.  Və gün gəldi ki, dünyanın ədəbi nəhəngləri də bunu etiraf etdilər.
Məşhur Edqar Po yazırdı: "...Bu ideal nəsrdə müəllif çoxcəhətli effekt yaratmağa  nail olub". Artrur Q.Kimballa görə Kavabata əsərlərində həyatla ölüm duyğularının təhlili ilə zəngin olduğu bədii lövhədə müxtəlif çalarlı təbii, real həyat mozaikası yaratmışdır. Və beləcə  digərləri də yapon yazıçıya yüksək dəyər veriblər.
Maraqlıdır ki, müharibədən sonrakı həyatında və jurnalistik fəaliyyətində Yasunari Kavabata daha çox ictimailəşib, sosiallaşıb. Onu tez-tez müxtəlif tədbirlərdə, müxtəlif hərəkatlarda görmək mümkün idi. Hətta müəllif beynəlxalq tədbirlərə də qatılırdı. Məhz həmin illərdə o bir neçə yazıçı dostu ilə Xüsusən də Yukio Misimoyla kommunist Çindəki "mədəni inqilab"a qarşı beynəlxalq petisiyaya qoşulmuşdu.        

NOBEL  MÜKAFATI... ÖZÜNƏ  QƏSD...

1961-ci ildə Mədəniyyət Ordeni ilə mükafatlandırılan Kavabata "Köhnə paytaxt" povestini, bir neçə  il sonra  isə sürrealist əsər sayılan "Əl"i, ardınca "Zəncirotu" povestini (1964) yazdı. Nəhayət 1968-ci ildə dünya onun yaradıcılığına layiq olduğu qiyməti verdi. Belə ki, yazıçılıq sənətkarlığına, ədəbiyyata xidmətlərinə görə Yasunari Kavabata Nobel mükafatına layiq görüldü. Onu da qeyd edim ki, Kavabata ədəbiyyat üzrə bu ali mükafatı alan ilk yapon yazıçısı idi. Və kimsəyə bənzəməyən Yasunari mükafatlandırılma mərasimində xarakterindəki təvazökarlıqdan gələn səmimiyyətlə belə demişdi: "Anlaya bilmirəm, nəyə görə mükafatlandırmaq üçün məhz məni seçiblər... Yazıçıdan ötrü şöhrət ağır yük olur..."
Amma o, haqqı ilə, istedadı ilə qazanmışdı həmin diqqəti. Bundan ötrü onun yaşantılarına, keçdiyi ömür yoluna rəğmən yaratdığı  əsərlərə nəzər yetirmək kifayət idi. Yasunari Kavabata yaradıcılığında bənzərsiz olduğu kimi həyatdakı seçimlərində də, həyat tərzində də kimsəyə oxşamamışdı, elə ölümündə də kimsəyə bənzəmədi. Yazıçı günlərin birində özünü öldürdü və onun intiharı hamı üçün sirr olaraq qaldı. Hər kəs səbəb axtardı, faciəni haralara qədər yozdular, lakin heç biri həqiqətə bənzəmədi. Çünki səhhətindəki problemlərə görə xəstəxanada müalicə olunan Kavabata çıxdıqdan  bir neçə gün sonra özünü niyə öldürməliydi ki?..
Onun intiharını dostu Yukio Misimonun harakiri edərək özünü öldürməsi ilə əlaqələndirmək istəyənlər də  oldu.  Amma bunlar həqiqət yox, yalnız müxtəlif iddialardan biriydi. Ona görə ki, Kavabata özünə qəsdi qəbul etməyənlərdən biri idi. Çoxları onun Nobel mükafatının təqdim olunma mərasimdəki çıxışını yaxşı xatırlayırdı. Yasunari Kavabata o vaxt belə demişdi: "İnsan bu dünyaya hansı dərəcə də yadlaşırsa yadlaşsın, intihar etiraz forması ola bilməz. Hətta ideal olan bir insan əgər özünü öldürürsə o, saflıqdan çox uzaqdır".  
Elə isə Kavabata görəsən bəs hansı səbəbdən 1972-ci il, 16 apreldə Dzusidəki evində özünü qazla zəhərləyərək həyatına son vermişdi? Nə bir məktub, nə də bir son söz qoymadan. Yoxsa, bu da taleyin bir istezasıydı?..  Ya  yazıçının növbəti və son özünəməxsus addımıydı?..  Bəli, saysız-hesabsız ehtimallar, müəmmalar... Amma bunların arasında yeganə doğru olanı da vardı. O da Yasunari Kavabatanın həyatdan köçməsiydi.
Bu intihar demək olar ki, dünyanın ədəbi aləmini, bütün  Yaponiyanı silkələdi. Çünki o, bir söz nəhəngi idi. Və yazdıqları ilə dünya insanının ürəyini fəth etmişdi...  Və Kavabata "Ədəbiyyatın inkişafına görə" mükafatının, İncəsənət Akademiyasının Ədəbiyyat ödülünün, Almaniyada Höte adına Frankfurt medalının, Fransada İncəsənət və Ədəbiyyat ordeninin, fransızların "Ən yaxşı əcnəbi kitabı" mükafatının,  Yaponiyanın Mədəniyyət ordeninin...  ona nahaqdan verilmədiyini ləyaqətlə sübuta yetirmişdi...
BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV