adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Mart 2017 09:43
6324
GÜNDƏM
A- A+

Rənglər könül dünyamızın əksidir


Hər dəfə onun barəsində yazmaq qərarı verəndə özüm özüm ilə üz-üzə dayanıram, çünki, saçından-dırnağına qədər səmimiyyət, müsbət aura və Azərbaycan qadınının xanım-xatınlığını özündə yaşadan, daşıyan və heç kimə də bunu diktə etmədən görüntüləyən, yəni təbliğ edən Sona Çərkəz mənim həyatımda önəmli bir yer tutub. Elə bu doğmalıq da onunla söhbətimi həmişə həm canlı, həm də məsuliyyətli edir. Yəni, ona verəcəyim sualları da bilirəm, hətta bəzən, eşidəcəyim cavabları da. Lakin üz-üzə oturanda bu suallar da formatını dəyişir, cavablar da. Sanki onu yenidən tanıyıram, onun iç dünyasına özümdən bir qapı açıram. Bax, bu yenilik də söz adamlarının, eləcə də "Ədalət"in oxucularının yaxşı tanıdığı Sona xanım Çərkəzi yeni ampulada müsahib edir. Elə bu müsahibədə olduğu kimi...
- Yaradıcılığınızı izləyən, taleyinizə bələd olan biri kimi bilirəm ki, tanınmış şair və yazarlardan sizə çox sayda məktublar gəlib və gəlir. Taleyinizlə bağlı saysız müsahibələr vermisiniz. Mən də sizdən bayramlar ərəfəsində bir müsahibə almaq istəyirəm. Kimdir Sona xanım?
- Sona Məmməd qızı Məmmədova-Quliyeva Dərələyəz mahalının tanınmış kişilərindən sözünün əri olan, el-obasına yarayan, uzun illər hüquq-mühafizə orqanlarında şərəflə çalışan Məmməd Məmmədovun qızıdır. Anası Səriyyə xanım, Vedibasar mahalının qanyatıran kişilərindən sayılan Həsən Süleymanovun qızıdır və ömrünün əlli ilini təhsil sistemində çalışan bir xanımdır. Onu da deyim ki, atam nə qədər ciddi və tələbkar idisə, anam o qədər sakit və mülayim bir qadındır. Atam on ilə yaxındır ki, həyatda yoxdur. Anam isə şükürlər olsun yaşayır. Doğru deyib atalar, "ailə olmaq üçün biri od, biri su olmalıdır"...
- Sona xanım, siz istənilən yerdə, eləcə də qardaş məmləkətdə ölkəmizi əsl Azərbaycan xanımı kimi təmsil edirsiniz və bu da sizi tanıyanları, eləcə də məni qürurlandırır, ona görə ki, bu təmsilçilik bizim xanımların kimliyini ortaya qoyur. Bilirəm ki, qardaş Türkiyədə də dəfələrlə onların dəvəti ilə toplantılara qatılmısınız. Bilirik ki, sizi orada da çox sevirlər, oxuyurlar. Hətta on beş kitabınızın biri Türkiyə türkcəsində işıq üzü görüb. Hansı şəhərlərdə olmusunuz və ən çox yadda qalanlar?
- Mən ilk öncə bildirmək istəyirəm ki, rəhmətlik həyat yoldaşımla uzun illər BDU-nun filologiya fakültəsinin qiyabi şöbəsinin dekanlığında çalışan, Çərkəzi doğma qardaşı qədər sevən Tamilla Əliyeva artıq uzun illərdir Türkiyənin Əskişəhər Osmanqazi Universitetində çalışır. Və hətta orada onu Azərbaycan-Türkiyə arası sevgi körpüsü adlandırırlar. Çox vəfalı qadındır. Onu da deyim ki, artıq Türkiyə vətəndaşıdır. Uzun illər mənim taleyimlə bağlı yazdığı xatirələr və məqalələrlə mən onun sayəsində orada yetərincə tanınırdım. Ən çox onun çalışdığı şəhərə dəvət almışam. Tokatda (Şeir şöləni adlanan tədbirdə) olmuşam. Çox məzmunlu və maraqlı çıxışlarım olub. Niksarda aşıq Əmrah Ərzurumlunun yubileyinə qatılmışam, ona həsr olunmuş o tədbirdə maraqlı çıxışım olub. Ən çox yaddaqalan isə Ankarada Atatürkün məzarını ziyarət etməyim və keçən il İqdırda Xocalı faciəsinə həsr olunmuş tədbirdəki, eləcə də may ayında Adana şəhərindəki Çukurova Universitetində "Yaşayan yazarlar" adlı toplantıdakı çıxışım və görüşlərim olub. Bütün bu görüşlərim haqda hər zaman mətbuatımızda geniş yazılarla çıxış etmişəm.
- Sona xanım, çox səmimi insansınız, buna görə də çox sevilirsiniz. Demədiyiniz, yazmadığınız nə isə varmı?
- Əlbəttə,var, həm də lap çox. Əslində, həyatımı planlaşdırdığım kimi yaşaya bilmədim. Nə əlimə qələm götürmək, nə də nə isə yazmaq ağlımda yox idi. Bunları dönə-dönə demişəm. Qələmə aldıqlarımı ömrün son iyirmi ilində yaşadıqlarım yazdırıb mənə. Demədiklərim yəqin ki, heç zaman deyilməyəcək, çünki yenə anamın çox işlətdiyi ifadələrdən birini deyəcəm: "Qarın süfrə deyil ki, hər gələnin qabağına açasan". Yazmadıqlarım var, ya qismət, çünki ömrün atkeçməz çox yolları var...
- Ağ saçlar sizə çox yaraşır... Fələyin acığına saçlarınızı rəngləmədiniz?
- Mən fələyin acığına çox şeylər eləmişəm. Məsələn, Çərkəzin yoxluğunun birinci ildönümünə qədər çox çətinliklərlə, 1995-ci ildə, qanuni surətdə pasportumda dəyişiklik edə bildim, yəni Sona Çərkəz oldum. Bu işdə mənə çox köməkliyi dəyən rəhmətlik atama və səlahiyyətli insanlara - Əlisahib Orucova, o vaxtkı hüquq fakültəsinin dekanı, mənə illərlə təsəlli verən professor Yusif Mehdiyevə bu gün də minnətdarlıq duyuram. Çünki o vaxtlar bunu etmək çətin məsələ idi. İndi 22 ildir ki, dərs apardığım fakültələrdə dərs cədvəllərində mənim auditoriyamın əvvəlində Sona Çərkəz yazılır. Elə həmin il ona həsr olunmuş ilk kitabım da işıq üzü gördü. O uzaq kənd yollarından yorulmayaraq, hər vaxt, elə bu gün də onun məzarını ziyarətə gedirəm. Çox sevdiyi iydə ağaclarını əbədi uyuduğu yerdə bitirə bildim. Yubileylərini çox yüksək səviyyədə həmkarları və sevənləri ilə qeyd etməyə çalışmışam. Adı nəvəmin adında yaşayır... Doğrudur, bunlar quru təsəllidir. Özü yoxdur... Lakin bu minvalla sanıram ki, onu unudulmağa qoymadım. Əslində, onu yaxşı tanıyanlar unuda bilməzlər... Saçlarımı rəngləməməyimin başqa səbəbi var. Bu yaxınlarda "Olaylar" qəzetindəki müsahibəmdə ilk dəfə bu haqda ətraflı danışmışam. 44 yaşım vardı onda, saçlarımda bir dənə də ağ saç yox idi. Lakin oğlumun toyu ərəfəsində həyat yoldaşım mənə xına alıb gətirdi və "xınanın ətrindən xoşum gəlir, toydan əvvəl bunu saçlarına qoyarsan" dedi. "Mütləq" dedim, lakin toyun təlaşı, vaxtımın azlığı unutdurdu o söhbəti mənə və heç qoymadığım halda yenə qoymadım. Toydan bir neçə gün sonra məlum qəza baş verdi, həyat yoldaşımı itirdim. Qırxıncı günü mən o xınanı evdə gördüm, çox pis oldum və aparıb o xınanı onun məzarı üstünə səpdim. Elə oradaca da and içdim ki, bir daha əlimə xına götürməyəcəm. Bir il sonra isə saçlarım artıq ağappaq idi.
- Bilirəm kimi, iki oğlunuz var, qızınız yoxdur. Bir şeirinizdə "qızsız ana duzsuz olur" yazmısınız. Belədirmi?
- Bu, deyimdir. Mən yazılarımda belə deyimlərdən tez-tez istifadə edirəm. Əlbəttə ki, qız ananın tumarıdır, o, edə biləni oğul edə bilməz. Lakin mən həyatda elə oğullar görmüşəm ki... Elə biri mənim həyat yoldaşım. 90 yaşlı anasının qarşısında özünü körpə uşaq kimi aparardı. Onun hər sözü oğlu üçün pozulmaz qanun idi. Xoşu gəlməyən birisinə anası desəydi ki, salam vermə, çalışıb o adamla üz-üzə gəlməzdi. Bunu bütün qohum-əqrəba və Çərkəzi tanıyanlar bilir. Deyirdi ki, "anam mənim yerdəki Allahımdı, məni sevən anama diqqətli olsun". Bir dəfə anasını xəstəxanaya müayinə üçün aparmışdı, inanın ki, baş həkim Maqsud doktordan şöbə müdirinə qədər hər kəs təəccüb eləyirdi ki, biz heç belə oğula rast gəlməmişik, səhər-axşam anasının başüstündədir... Övladın bu cür diqqəti ananın ürəkli olması deməkdir. Nə isə... Oğulun da, qızın da baş uca edəni, türklər demiş, xeyirlisi...
- Sona xanım, kitablarınızın birində "Qaynanamdan" adlı yazınızı-hekayənizi oxumuşam və son kitabınızda ona həsr olunmuş gözəl bir şeiriniz də var. Özünüz necə qaynanasınız?
- Mən indi özümü tərifləyim? Yox, sadəcə olanları deyəcəm, çünki siz demiş, ətrafımda çox insanlar var, yəni məni tanıyanlar, qohum, qonşu mənim necə qaynana olduğumu bilirlər. Bilirsiniz ki, biz gəlin gətirdikdən iki həftə sonra qaynatası-dayısı məlum qəzada dünyasını dəyişdi. Əslində, mən o vaxtdan qaynana sözünü içimdə dəfn elədim. Sadəcə ona necə dəstək olmağımdan danışacam. Biz onu orta məktəbi bitirdikdən sonra gətirmişik. İlk zamanlar başımı ağrı-acıdan qaldırıb nə haqdasa düşünmək istəmirdim. Sonralar fikirləşdim ki, gəlin də təhsil almalıdır. Qardaşım Fəzlinin köməkliyi ilə ona təhsil verə bildim. Sonra Bakı Dövlət Universitetində işə düzəltdim. İllərdir orada çalışır. İlk gündən iki nəvəmin hər əziyyətinə onunla bərabər çiyin verirəm. Heç kəsdən, nə onun tərəfindən, nə öz tərəfimdən kömək istəmədən. Yenə türklər demiş, "yeməmişəm, yedirmişəm, geyməmişəm, geydirmişəm". Bu gün nəvələrim ikisi də tələbədir. Onların təhsil problemi, üstəlik, xeyir-şər və s. problemlər mənim üstümdədir. Heç kəs mənim qədər onların qəhrini çəkməyib. Hərdən də düşünürəm ki, ən sonda mənim də adım qaynanadır, nənədir. Bunlar yazıda çox asan başa gəlir, əməldə - həyata keçməkdə isə cəfa, fədakarlıq, qıyım və zaman tələb edir. Qaynana tanıyıram (qohum-əqrəbada da, dostlarımın arasında da), deyir ki, "gəlinin uşaqlarına anası baxsın" və yaxud "atasına baxmışam, uşaqlarına da mən baxmalıyam?". Bu illərdə dilə almadığım sonsuz əzablarım və qayğılarım da olub ki, onları yaddaşımda və ürəyimdə pərdələmişəm. Qaldı ki, mən qaynanam haqqında yazmışam, yazacağam da yəqin ki, çünki o, Çərkəzin anasıdır... Bir də mən yaxşılığı yaddaşıma əkirəm, acıları ürəyimə gömürəm.
- Sona xanım, sizcə oğul-gəlin problemi nə üçün bitmir?
- Bunun çox səbəbi var. Hər şey oğuldan asılıdır. Oğul ananı gəlindən öncə tanıyır, onun hansı xarakterə və ya hövsələyə sahib olduğunu bilir. Əgər oğul bütün bunları bilərək, ananı ayağa verirsə, dəyərini bilmirsə, hörmətini saxlamırsa, gəlin hökmən bir gün "ərəbzəngiyə" dönməlidir. Valideynini ayağa verən kişi anlamalıdır ki, özü özünü gözdən salır və sözü kəsərdən düşür. Bu problemlərin kökündə çox şeylər var deyə, həlli tapılmır. Bəzi gəlinlər anlamaq istəmirlər ki, onlar da bir gün qaynana olacaqlar. Bir də ən böyük problem qızların ayaqlarının altına daşdan uca pilləkən qoyan analardadır...
- Sona xanım həyata yenidən gəlsəydi və bilsəydi ki, bu ağrılı taleyi yaşayacaq, yenə də müəlliminin sevgisinə "hə" cavabı verərdi?
- Bəli, heç düşünmədən. Onu da deyim ki, mən on birinci sinifdə ancaq təhsil haqqında düşünürdüm və o vaxt Çərkəz mənim ədəbiyyat müəllimim idi... Ətrafımızda hər kəs bilir ki, o, məni yüzlərin içindən seçmişdi. Çünki qohum-əqrəbadan çoxları öz qızlarını açıq-aşkar Çərkəzə verməyi onun anasına bildirmişdilər. Hətta uzun illər qohum-əqrəba içində qısqanclıq və kin bizə münasibətində özünü biruzə verirdi. Sevmək, seçmək azdır, dəyər vermək lazımdır. Çərkəz dəyər verməyi bacaran insan idi, çünki özü dəyərli idi, diqqətli idi. Onun yazdığı bir gündəlik var, mənə verdiyi qiymət və övladları haqda düşüncələri o gündəlikdə açıq-aydın və təfərrüatı ilə əksini tapıb. Mənim üçün də ən böyük qədir-qiymət odur...
- İnsanlarda sevmədiyiniz və ya ətrafınızdan ən çox umduğunuz nədir?
- İnsanlarda sevmədiyim və heç görmək istəmədiyim xüsusiyyətlərdən birincisi səmimi olmamaq və məkrlilikdir. Elələri çox təhlükəli olur... Mənəm-mənəm deyənləri, haqq-saya təşəkkür hissini itirənləri sevmərəm. Həyatda bəzi insanlar var ki, onlar ümumiyyətlə "sağ ol", "minnətdaram", "nə yaxşı ki, varsan" ifadələrini deməkdən qorxurlar sanki. Mən belələrinə qarşı çox üsyankaram. Ataların gözəl misalı var: "Biri bilməyən, mini də bilməz".
Mən, ümumiyyətlə, həyatda maddi olaraq heç kimdən heç nə ummaram. Hətta ən yaxınım mənə nə isə maddi yöndə bir şey eləyəndə onun əvəzini etməsəm, özümü pis hiss edirəm.

Mənim ətrafımdan tək umacağım,
Bilənlər bilir ki, diqqətdir, dostum.
Dünyada olanlar dünyada qalır,
Umsan, sən də, məncə, silqətli dost um.

- Sona xanım kim üçün və ya nə üçün darıxır?
- Darıxmaq hissi zamanla dəyişə bilir. Bəzən atam üçün darıxıram, son günlərini xatırlayanda göz yaşlarına boğuluram. Mən onun ilki idim, anasının adını vermişdi mənə atam. Mən də o adı nəvəmə vermişəm. Bəzən özümü xoşbəxt saydığım Çərkəzli günlərə dönürəm, göynəyirəm, sızlayıram, qələmi əlimə alıb taleyimin gileyini yazmağa başlayıram. Qardaşım Füzuli üçün çox darıxıram. Onun bu dünyadan nisgilli getməsi, bir ömür haqq-sayının suya dönməsi ürəyimin ağrılı qabarıdır. Demək istəyirəm ki, darıxmaq hissini hər an yaşayıram. Etibarlı, səmimi, dərdimdən yorulmayan rəfiqələrim var, mənə hər an diqqətli olan həmkarlarım var, onlar üçün darıxıram. Allahıma min şükür, anam var. Başına pərvanə tək dolanan qardaşım Fəzlinin yanında olsa da, tez-tez görsəm də, yenə onun üçün darıxıram. Səni anlayan, olduğun kimi qəbul edən üçün darıxarsan, biganə, sosur və daşqəlbli birisi üçün kim darıxar ki? Bu yöndə əslində mən şanslı insanam. Ləyaqətli, candan yanan və məni olduğum kimi qəbul edən dostlarım çoxdur. Onları çox sevirəm və onlar üçün hər an darıxıram.
- Sona xanım nədən qorxur həyatda?
- Təkəbbürlü və hörmət-izzət qanmayan unutqanlardan, iç üzünü daim pərdələyənlərdən və bir şeirimdə yazdığım kimi, "bu dünyanı evi bilib, hasarını hörənlərdən". Bir ömür əzabını çəkdiklərimin soyuqqanlılığından çox qorxuram. Bilirsiniz niyə qorxuram? Mən heç özümü düşünməmişəm həyatım boyu, insanlara dünya malı ilə deyil, canımla, zamanımla yararlı olmuşam... Bəziləri bu gün deyirlər ki, olan olub, keçən keçib, unut, elədiklərini də, bilməyənləri də... Sən o bilməyənləri, haqq-say qanmayanları dəyişə bilməyəcəksən ki.

Unut deyirsənsə, unudacağam,
Əgər unutmağa ömür yetərsə.
Mənim çəkdiyimi göydəki bilir,
Unutdum deməklə hər şey bitərsə...

- Yaşamaq nədir Sona xanım üçün?
- Bu sualın cavabını, məncə, böyük şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi cavablandırsam, daha doğru olar: "Yaşamaq yanmaqdır, yanasan gərək". Hər mənada yanmaq. Valideyninə, evinə-ocağına, dost deyə bildiyinə, qohumuna, qonşuna... Ümumiyyətlə, yaşamaq ömrün adıdır, məncə.
- Sona xanım hansı rəngi sevir?
- Əvvəllər bənövşəyi rəngi, yəni açıq yasəmən rəngini çox sevərdim. Yeri gəlmişkən, bir də yasəmən çiçəyini çox sevərdim. Çərkəz o çiçəyin ən gözəlini "Pasaj bazarı"ndan seçib alardı mənə. Bu gün isə sevdiyim iki rəng var - qara və boz. Rənglər iç dünyamızın əksidir, məncə.
... Bəli, Sona xanımla növbəti bir söhbətin də yekununa gəlib çıxdıq. Düşünürəm ki, səmimi, duyğusal, bir az da düşündürücü bir zaman kəsiyi yaşadıq. Çünki xatirələr də çözüldü, arzular da dilə gəldi. Və mən bir daha tanıdığım, şəxsiyyətinə, xanımlığına qibtə etdiyim Sona Çərkəzi bir daha sevdim. Sevinirəm ki, onu hər dəfə özüm üçün kəşf edəndə mənim ürəyimdə də çox duyğular, arzular təzələnir. Ona görə ki, onun içində yaşatdıqları - həyat eşqi, özünə inamı, ailəsinə, sevgisinə, ətrafına bağlılığı nə qocalmır, nə də yaşlaşmır. Əksinə, hər gün cilalanır, hər gün təzələnir. Deməli, bu həyat eşqidir. Həyat eşqiniz sönməsin, Sona xanım! Qarşıdan gələn bayramınız mübarək olsun! Siz həyatda tanıdığım, el-obamda, ətrafımda görüb, xəyalımda yaşatdığım, arzuladığım Azərbaycan qadınının çox mükəmməl bir təmsilçisisiniz. Düşünür və inanıram ki, hər bir ailədə sizin kimi xanıma xüsusi yer, ehtiyac var və sizin əllərinizin bəzədiyi bayram süfrəsinin də özəllikləri fərqlidir.

P.S. oxucularımıza Sona xanım Çərkəzin iki şeirini təqdim edirik:

Necə oldu?

Yurdumuzu görəmmədim,
gördüyümə Vətən dedim.
Gözlərimi açar-açmaz
qəribliyin dadın bildim.
Bu dərd qalıb qubar oldu,
qəlb göynədi, gözlər doldu.
Yanağından qan damanın
rəngi bircə gündə soldu...
Dağdan arana enənlər
dözməyib köçdü dünyadan.
Qanovuzdan don geyənlər
geymə geymədi cunadan.
Ayrılıq dəmrov kimiymiş,
gündə bir az dərinləşdi,
Dərman-dava tapılmadı
düşən yeri dəlib deşdi...
Hanı ağlar qalan dağlar,
harda qaldı, necə oldu?
Ora gedə bilməməyim
köksümün altında qordu...
Son sözümü deməyəcəm
damarımda qanım dondu,
Gözlərim qaldı yollarda
yollar gözlərimi yordu,
yollar gözlərimi yordu...

Atam evində...

Yolum kəndə düşmüşdü
günlərin bir günündə,
gedib atam evində
əriyin altda baxdım,
Yox idi kürsüsündə
çox sevdiyi yatağı,
Yəqin dönən deyildi
yığılmışdı ta taxtı...
Bilə-bilə ki, artıq
atam yoxdur dünyada,
Anlamadım gözlərim
kimi gəzdi orda?
Boylandım otağına
bomboş idi otağı,
Min şükür Yaradana
gur yanırdı çırağı.
Yayın cırhacırında
bədənim bumbuz oldıı,
Boylandım sağa-sola
əlim saçımı yoldu...
Başımı dala əyib
göyün üzünə baxdım,
Buludlar topa-topa
göyün üzündə axdı,
Və ata evimizin
üstündən uzaqlaşdı.
Birdən özümə gəlib
anladım ki, atamın,
Nə səsi vardı orda
nə də artıq nəfəsi,
Atalı günlərimin
solmuşdu xatirəsi.
Əkdiyi ağacların
boyunları bükükdü,
Bəlkə elə deyildi,
mənə elə görükdü.
Şükr elədim Allaha,
orda yaşayan da var,
Qürurla, ləyaqətlə
adın daşıyan da var.
Amma nə danım ki, mən,
atam deyildi onlar,
atam deyildi onlar...

Fəridə RƏHİMLİ