adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Mart 2017 09:31
20531
LAYİHƏ
A- A+

Naçıvan teatırının ulduzları

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Naxçıvan teatrı fəaliyyət göstərdiyi bütün dövrlərdə mütərəqqi ideyaları dəstəkləmiş, günün aktual məsələlərinə nüfuz etmiş, xalqının milli oyanışına çalışmışdır.
Vasif Talıbov,
NMR Ali Məclisinin Sədri

Teatr milli mədəniyyətin, milli incəsənətin tərkib hissəsidir. Incəsənətin mühüm sahələrindən olan teatr sənətinin təşəkkülü bəşəriyyətin inkişaf tarixi, mənəvi axtarışları ilə bağlıdır. Teatr xalqın estetik, mənəvi tərbiyəsində mühüm rol oynayır. Teatrı incəsənətin digər sahələrindən fərqləndirən başlıca xüsusiyyət burada bədii obrazın iş, əməl, hadisə vasitəsilə yaranmasıdır. Səhnə obrazları aktyorların əməllərində, tərəf müqabillərin münasibətində və bunların nəticəsində törəyən hadisələrdə təşəkkül tapır. Görkəmli rus tənqidçisi K.S.Stanislavski deyib ki, aktyorun ən böyük sevinci, uğuru ondadır ki, o başqasının hissini, həyəcanını, həyatını səhnədə özününkü kimi yaradır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrının direktoru, xalq artisti Rza Xudiyev də məhz bu cür sənətkarlardandır. O, 5 mart 1962-ci ildə Culfa şəhərində anadan olmuşdur. Sənətin zirvəsinə doğru mətin addımlarla gedən 55 yaşlı Rza Xudiyev teatr və kino sənətinə əvəzsiz töhfələr verib. Onunla həmsöhbət olmaq üçün yolumuzu böyük sənət məbədi olan teatrdan saldıq.
-Rza müəllim,xoş gördük. Ömrün 55 illik baharını geridə qoymaq, yaş üstə yaş gətirmək insanda hansı ovqatı yaradır?
-Ad günü bəzən insana sevinc gətirir. Bəzən də onu bir qədər düşünməyə, kədərlənməyə vadar edir. Çünki ötən hər gün ömürdən gedir. Ömür yolunda isə nə qazanmışıqsa, bir xatirəyə dönür. Bu baxımdan gərək sənə pay düşən ömrü elə yaşayasan ki, geriyə boylananda təəssüf hissi keçirməyəsən. Insan yaşadığı zaman özünə bir növü hesabat verməlidir. Hansı işləri görüb? Axı, yaşadığımız hər gün tarixə dönür.
-Rza müəllim, sənətə gedən yolunuz haradan başlanıb, hansı dönəmlərdən keçib?
-Sənətə gəlişim öz istəyimlə olub. İçimdə olan məhəbbət məni teatr sənətinə gətirib. Orta məktəbi bitirdikdən sonra ali məktəbə sənəd verdim, amma imtahandan keçə bilmədim. Sonra hərbi xidmətə çağrıldım. 1983-cü ildə hərbi xidməti başa vurduqdan sonra sənədlərimi M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verdim. İnstitutun dram və kino aktyorluğu fakultəsinə daxil oldum. Qeyd edək ki, hər bir sənətin özünəməxsus çətinlikləri olduğu kimi aktyorluq sənəti də hamar yoldan keçmir. Onun keşməkeşləri çoxdur. Insan gərək zəhmətə qatlaşa, ifa etdiyi rolları mənən yaşaya, obrazın daxili aləmini aça bilər. Teatrda musiqi də var, səhnə hərəkəti də. Əgər mükəmməl aktyor olmaq istəyirsənsə, gərək işinə məsuliyyətlə yanaşasan. Nə dərəcədə yaddaqalan aktyor olmuşamsa bilmirəm, amma tamaşaçıların reaksiyasından hiss edirəm ki, onlar məni sevirlər, alqışlayırlar.
-Teatrsevərlər bu gün də sizin adınız çəkiləndə ağızdolusu danışır, "işini sevən professional aktyordur, sənət zirvəsini çoxdan fəth edib" deyirlər.
-Məncə sənətin zirvəsi yoxdur. Bu sənətdə uğur qazanmaq üçün yenilik etməlisən. İstər kino, istərsə də teatr sahəsində uğurlarım çox olub. İşlədiyim müddətdə çalışmışam ki, tamaşaçıları ifa etdiyim rollarımnan məmnun edəm.
-Sənətə gedən yolunuzun ilk cığırı tələbəlik illərində rol aldığınız "Mən sizi dünyalar qədər sevirdim" filmindən başlanıb. Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanovun qardaşı rolunda çəkilmisiz.
-Mən bunun üçün sənət müəllimlərimə borcluyam. Onların sayəsində sənətin incəliklərini öyrənmişəm. Tələbəlik illərində istər institut daxilində, istərsə də film çəkilişlərində müəllimlərim həmişə məni önə çəkib, yol göstəriblər. Burada qüdrətli sənətkar, xalq artisti Mehdi Məmmədovdan, Nəsir Sadıqzadədən, Əşrəf Quliyevdən və başqa müəllimlərdən sənətin sirrlərini öyrənmişəm. Ikinci kursda oxuyarkən kino sahəsində sanki ulduzum parladı. Yəni, professional səhnəyə qədəm qoymamış kinoya çəkilmişəm. Bu da general Həzi Aslanovun həyatından bəhs edən film idi. Filmdə mənim rolum 5 dəqiqəlik epizodik rol olsa da çox maraqlı idi. Müharibə dövründə iki qardaşın uzun müddətdən sonra görüşməsindəki qısa epizod, hisslərini bölüşməsi tamaşaçının birbaşa şüuruna təsir edir. Bu filmin çəkilməsi mənim bu sahədə ən böyük uğurum oldu. Çünki mən artıq tanınmağa başladım. İnstitutu qurtardıqdan sonra 1987-ci ildə Naxçıvan Teatrına qayıtdım. Sonra Bakıdan "Şahid qız" filmində baş rollardan birinə çəkilmək üçün dəvət aldım.
-Rza müəllim, həmin anda şöhrət sizi üstələyirdi, yoxsa yenilik?
-Hər bir sənət adamı əgər uğurları ilə arxayınlaşırsa irəliyə gedə bilməyəcək. Onda sənət bitir. İnsan gərək daim çalışsın, axtarsın. Nə yaxşı ki, xarakterimdə tənbəllik yoxdu və öz rollarımı zövqlə ifa edirəm. Tənbəl aktyor rejissoru da qane etmir. Nəticədə də rol ala bilməyəcək. Bu da onun sənətdən uzaq düşməsinə səbəb olacaq.
-Teatrın gücü və ictimai əhəmiyyəti onun müasir mövzulu tamaşalara üstünlük verməsi ilə ölçülür.
-Teatr həyatın gerçək güzgüsüdür. Teatr bir məktəbdir. Teatr yenilikdir. Naxçıvan teatrı bu baxımdan daim öz repertuarını yeniləyir, sənət aləmində baş verən yeniliklərdən bəhrələnir. Hər bir sənətdə axtarış mütləq olmalıdır. Əminliklə demək lazımdır ki, teatr incəsənətin aparıcı qüvvəsidir. Tamaşaçı ilə ünsiyyətdə teatrın rolu daha böyükdür.
-Sənətkarlıq cəhətdən mühüm əhəmiyyət kəsb edən iş üslubunuz nədən ibarətdir?
-Hər bir sənət adamının iş üslubunda özünəməxsusuluq olmalıdır. Bu onun yaratdığı rolda özünü göstərməlidir. Əgər aktyor başqasını təqlid edirsə onun rolu zövq oxşamayacaq. Mən çalışmışam ki, böyük sənətkarlarımızdan öyrəndiyimi təqlid formasında deyil, təkmilləşdirib mənimsəyim.
-Aktyorun özünü təsdiqi haqqında nə deyərdiniz?
-Əgər aktyor özünü təsdiq edə bilmirsə o qəbulolunmazdır. Dərin məzmunlu rol aktyoru sanki qidalandırır. Aktyorun böyüklüyü ondadır ki, hər bir rolun öhdəsindən gəlməyə çalışır. İstər komik, istərsə də dramatik obrazları yarada bilir. Mən dram və kino aktyoruyam. Amma təkcə dram əsərləri oynamıram. Aktyorlar rejissorlarla birgə işləyir. Rol bölgüsündə rejissorun ən böyük uğuru rol seçimini düzgün etməsindədir.
-Görkəmli şair Səməd Vurğunun Fərhad və Şirin beşpərdəli mənzum dramı əsasında hazırlanmış tamaşada Fərhad roluna görə 2007-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına laiq görülmüsüz.
-Bu tamaşada Azərbaycan xalqının qəhrəmanlıq ənənələri, azərbaycançılıq ideyası, yadelli işğalçılara qarşı aparılan vətənpərvərlik mübarizəsi öz parlaq səhnə həllini tapıb. Fərhad həm sənətkar və sərkərdə, həm də vətənini və xalqını hədsiz sevən saf qəlbli, xeyirxah, nikbin bir adamdır. Fərhadın yaratdığı gözəl saray, möhkəm qala həm nadir sənət əsəri, həm də qəsbkarlara qarşı mübarizə üçün bir istehkamdır. Buna görə də həmin möhtəşəm tikinti qurtarıb hazır olanda onun qarşısında el bayramı təşkil edilir. Tamaşanın əsas ideyası vətənə məhəbbətdir. Çünki torpaq bizə ata-baba əmanətidir. Onu qoruyub gələcək nəsillərə çatdırmaq isə hər kəsin vətəndaşlıq borcudur. Bundan əlavə Adil Babayevin ümummilli liderimiz anadan olmasının 85 illik yubleyinə həsr olunmuş "Koroğlunun Çənlibelə qayıdışı" tamaşasında Koroğlu obrazını canladırmışam. Bildiyiniz kimi vətən həmişə dara düşəndə öz igidlərini köməyə çağırıb. Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər yetirsək bunun şahidi olarıq. Vaxtilə Babək, Koroğlu kimi igidlərimiz Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparıblar. Əsərdə Koroğlunun timsalında 1990-93-cü illərdə Azərbaycan xalqı olum ya ölüm dilemması qarşısında qaldığı bir dövrdə yenə də öz qəhrəmanı ulu öndər Heydər Əliyevə üz tutur, onu köməyə çağırır. Tamaşada 1990-cı illərdə Azərbaycanın düşdüyü ağır vəziyyət və fenomenal şəxsiyyətin ölkəni fəlakətdən xilas etməsindən bəhs olunur. Heydər Əliyevin Azərbaycana qayıdışı və ölkəni düşdüyü bəladan xilas etməsi tamaşanın əsas leytmotivini təşkil edir. Tamaşada Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, muxtyar respublikada gedən hərtərəfli inkişaf da əks olunur. Tamaşanın finalında da aktyorların günəşə doğru irəliləməsi isə Azərbaycanın parlaq gələcəyinə işarə edilir. Onu da qeyd edim ki, ötən il İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İftixar Priyevin "Qurtuluş dastanı" epik tarixi dramı əsasında hazırlamış eyniadlı tamaşada ümummilli lider Heydər Əliyevin obrazını canlandırdım. Tamaşada ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərini əhatə edən müxtəlif məqamlara müraciət olunub. İkihissəli epik tarixi dram Milli Qurtuluş Günündə ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq səhnəyə qoyulub. Tamaşada ümummilli liderimizin bədii obrazının səhnə təcəssümü öz ifadəsini uğurla tapıb. Mənimçün ən maraqlı məqamlardan biri əsərin finalında aktyorların müəllifin "Müstəqil vətənin memarı" rekviem-poemasını söyləməsi, qurtuluşa stimul olan, qurtuluşun mahiyyətini özündə təcəssüm etdirən milli birliyin rəmzi kimi təqdim edilməsi idi.
-Teatrın repertuarını zənginləşdirmək üçün hansı tamaşaları hazırlamaq nəzərdə tutulur?
-Bu il mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi tamam olur. Bunun üçün onun şah əsəri olan "İblis"i repertuara salmışıq. M.S.Ordubadinin əsərlərinə də müraciət etməyi düşünürük. Hazırda Moris Meterlinqin "Göy quş" və Əli Əmirlinin "Onun iki qabırğası" tamaşası üzərində məşqlər gedir.
-Rza müəllim, sizə sənət uğurları arzulayırıq. Çox sağ olun.
-Sağ olun.
Xalq artisti Rza Xudiyev tetrda işlədiyi müddət ərzində bir-birindən fərqli obrazlar yaratmışdır. C.Məmmədquluzadənin "Anamın kitabı"nda Qənbər, "Qurbanəli bəy"ndə Naçalnik, Üzeyir Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarında Əsgər, Sərvər, Hüseyn Cavidin "İblis" faciəsində Arif, N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" əsərində Çar Uruz, R,Səməndərin "Şəhidlər" dramında yaratdığı İlham obrazı Rza Xudiyevə az şöhrət qazandırmamışdır. Rza Xudiyevin əməyinə dövlət tərəfindən də yüksək qiymət verilmişdir. 2000-ci ildə Naxçıvan MR-ın əməkdar artisti, 2008-ci ildə xalq artisti fəxri adına layiq görülmüşdür.
Xalq artisti Yasəmən Ramazanovanın sənət yoldaşı Rza Xudiyev haqqında dedikləri:
Rza Xudiyev dedikdə Naxçıvan teatrında öz dəsti-xətti olan bir sənətkar yada düşür. Universiteti bitirib Naxçıvan teatrına gəldiyi bir müddətdən biz tamaşalarda Rza Xuydiyevlə tərəf müqavili olmuşuq. Demək olar ki, ən yaxşı tərəf müqabillərimdən biridir. Rza Xudiyev. Biz həmişə onunla birlikdə baş rollarda oynamışıq. Və bəzən elə olub ki, biz sevgili obrazı oynamışıq, bəzən bacı-qardaş, bəzən də dost olmuşuq. Hətta axırıncı oynadığımız Ağa Məhəmməd Şah Qacar tamaşasında Rza mənim oğlum rolunu oynayırdı. Onunla tərəf müqabili olmaq həm asandır, həm də çətin. Nə mənada asandır, bir aktirisanı, inasnı tərəf müqavili duyur, çətindir ona görə ki, o cür səhnəni həyatda olduğu kimi oynamaq hər kəsə qabil olan bir iş deyil. Bu ancaq Rza Xuydiyev və o səpkili aktyorlara aiddir. Rzayla bizim ilk tamaşamız Rəsul Rzanın "Bir gündə insan ömrü" poemasından başlayıb. O Katib obrazını oynayırdı. Və məndə katibin həyat yoldaşını oynayırdım. Burda bizim səmimi olmağımız lazım idi. Çünki həyat yoldaşı idilər. Rza təzə gəlmişdi utanırdı, mənimsə bu sahədə bir neçə illik təcrübəm var idi. Axır mən bir gün ona dedim ki, Rza utanma bu səhnədir, sənətdir. Biz həyatda bir-birimizin əlindən tutmuruq. Ama səhnədə bir-birimizin əlindən də tutmalıyıq, qucaqlamalıyıq da. Və Rza mənim bu sözümdən daha da həvəsləndi. O gündən bizim aramızda səmimi bir dostluq var, bir səmimi tərəfmüqabillik var. Əgər sən doğrudan da tərəf müqabilinə hörmət qoymasan, onu sevməsən onunla tamaşada oynaya bilməzsən. Əksinə sənət adamlarının bir-birinə yaxınlığı, münasibəti insanı daha da yaxşı oynamağa sövq edir. Və mən doğurdan da sevinirəm ki, mənim ən yaxşı tərəf müqabillərimdən biri də Rzadı. Rza hər bir zaman öz üzərində çalışan bir aktyordur. Hər bir obrazdan-obraza dəyişən aktyordur. Düzdür rejissorlar ona həmişə eyni səpkili rolları verirlər, amma Rza hər zaman çalışır ki, onlarda bir fərqlilik yaratsın. Məsələn, o "Kəllə" tamaşasında böyük bir rol oynayırdı. İnanın həqiqətən mən özüm ona valeh oldum. O obrazın xarakterini tamamilə tapmışdı. Doğurdan da o xarakter aktyorudur. Onun gözəl səsi var. Musiqili tamaşalarda oynayır və partiyaları ifa edir. Ümumiyyətlə demək olar ki, Rza hərtərəfli aktyordur. Belə bir aktyorla teatrda işləmək, onun sənət yoldaşı olmaq doğurdan da böyük bir fəxrdir. Mən Rzaya hər bir zaman uğurlar arzulayıram. Həm həyatında, həm də sənətində. Mən ona Rza Xudiyev zirvəsi arzulayıram. Hər zaman zirvədə olsun. Gələcək nəsillərə örnək olsun. Rza Xuydiyev bizim teatr üçün çox böyük işlər görüb. Onun gördüyü işlər danılmazdır. Mən Rza Xudiyevə can sağlığı arzulayıram.
Rza Xudiyev bu gün də 134 yaşlı Naxçıvan Teatrında yeni tamaşaların ərsəyə gəlməsində köməkliyini əsirgəmir. Teatrsevərlər isə ondan yeni-yeni tamaşalar gözləyir.
Adilə Səfərova
Azərbaycan Respublikasının
Əməkdar Mədəniyyət Işçisi