adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Mart 2017 09:20
9957
LAYİHƏ
A- A+

Şərə meydan açan roman

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(Əvvəli ötən saylarımızda)
Çar hökumətinin Qafqaz türklərinin başına gətirdiyi faciələr və dəhşətlər sarsıdır, nifrətləndirir Hadini. Zəngəzur və İrəvan tərəflərdə yaşayan türk müsəlmanları ermənilərə qırdıran, onlara qaçqınlıq - köçkünlük acıları yaşadan, doğma ata-baba ocaqlarından perikləndirən məgər Şimal ayısı və bu ayının bir girdəkandan ötrü açdığı yüz-yüz, min-min saxta, süni, qurama hiylə-kələklər deyilmi?! "Ermənilərin yeni-yeni ayaq açdıqları bu torpaqlarda - Ağrıdağ vadisində, Araz boyunda gördükləri ona Şamaxı zəlzələsindən də ağır təsir bağışlamışdı. Bu, nə faciədir, ilahi! Şimal ayısı nə istəyir müsəlmanlardan? Türkün əli ilə qurulmuş, hər daşında dədələrinin əlinin izi olan İrəvanı nə günə qoyublar?!" (səh. 450).
Ucalır romanın əksər səhifələrindən rus çarizmində inləyən türkün fəryad-nalələri, türkün ağrı-acıları. Hamı: türk kəndlisi də, fəhləsi də, ziyalısı da şikayətçidir çarizmin siyasətindən. Hər kəs boğaza yığılıb qeyri-rus millətlərə (elə ruslara da) çarizmin yalançı mərhəmətindən. Ağlı-düşüncəsi başında olan hər kəs açıq-aydın görür və məişətində hiss edir zülm və işgəncəni. Cana doyub xalq rus məmurlarının özbaşınalığından, rus çinovniklərinin boz üzünü görməkdən. Bu baxımdan diqqətçəkəndir Mustafa Lütfinin Həştərxanda Hadiyə dedikləri: "Mən də çox qalmaram burada. Urus məmurlarının boz üzünü görməkdən yorulmuşam. İmkan vermirlər işləməyə" (səh. 146). Və yaxud Hadinin dilində səslənən aşağıdakı fikirlər Azərbaycan türkünün dərin sosial-iqtisadi çöküşündən, gündəlik gün-güzəranının ağırlığından xəbər vermirmi? "Kasıb Kürdəmirlə cah-calallı Bakının və Həştərxanın heç bir fərqi yoxdur. Hamsında eyni zülm və müsəlman olmanın eyni əzabı. Əcnəbilərin məhəllələri çıraqban, qəhvəxanaları sabaha kimi dolur-boşalır. Adam kimi yaşayırlar, iş işdir, istirahət istirahət. Ermənilər kilsələrini gətirib dirəyiblər İçərişəhərə" (səh. 172).
Məhəmməd Hadinin son günlərini də unutmur Sabir Rüstəmxanlı. Hadinin ADR hökumətini iftixarla qarşıladığını, bu hökumətin "Azərbaycan" qəzetilə əməkdaşlığını, qəzetin redaktoru C. Hacıbəyli ilə görüşünü, BDU-nun təsis edilməsini, "Əlvahi-intibah" poemasını üç kitabça halında çap etdirib dostlarına payladığını sevinclə, ürək coşğunluğu və məmnunluqla necə yazırsa, Hadinin yenidən içkiyə qurşandığını da, meyxanalarda dərdlərini ovutduğunu da, laübalı pərişanlığını da, acından ölməsin deyə şeirlərini küçələrdə satdığını da, çarəsiz yavrularla, vəhşilik qurbanları olmuş yurddaşları ilə sokaklarda yatdığını da eyni ürək ağrısı ilə göz yaşlarında boğula-boğula yazır Sabir Rüstəmxanlı: "İndi daha heç kimdən, yaxın dostlarından da qınaq eşitmək istəmirdi. Allaha yalvarırdı ki, bir daha xilaskarı olmuş doktor Qara bəy Qarabəyli ilə üz-üzə gəlməsin. Çünki daha xilaskar istəmirdi. Ümidin dalınca gələn ümidsizliklərdən, məhəbbətin dalınca gələn ayrılıqlardan, məşrutənin dalınca gələn istibdaddan, müstəqilliyin ardınca gələn dilənçilikdən yorulmuşdu. Şerində də eyni ahəng, eyni ziq-zaq, qalxmalar, enmələrg Yetər! Yetər! Qədirbilməz dünya!" (səh. 570).
"Şair və Şər" romanının maraqla, birnəfəsə oxunan epizodları çoxdur. Çerkov qəsəbəsində Hadinin İsrail adlı bir yəhudinin evində gecələməsi, ev sahibi ilə karaimlər, tatarlar, xəzərlər barədə söhbətləşməsi; Lvov şəhərində Hadinin qoca rahiblə görüşməsi və rahibin Hadiyə qıpçaq türklərinin dilində erməni əlifbası ilə 1618-də yazılan "Alqış bitik" dualar kitabını göstərməsi; Stokholmdan Ə. Hüseynzadənin Hadiyə göndərdiyi ümid-inam dolu məktublar; Hadinin karaim qızı Mariola xanımla türk və türk xalqları barədə diskusiyası; 1918-də ermənilərin Bakıda törətdikləri vəhşiliklər; Hadinin bazarların birində əmisi qızı - ilk məhəbətinin uğursuz yadigarı Əminə ilə təsadüfi görüşü və s. epizodlar oxucunu uzun müddət öz cazibə və sehrindən buraxmır və oxucu təkrar-təkrar bu epizodlara qayıdır.
Hadinin süqutu-iflası ilə tamamlanır "Şair və Şər" romanı. Lakin millət sevgisi, "vətən təəssübü üstələyir iflas və süqutu. Axtarır müdafiə qərargahını. Yazılır işğalçı Qızıl Ordu (Şər maşını) ilə vuruşan hissələrin birinə. Yaralanır Gəncə vuruşlarında mərmi qəlpəsindən. Yumur gözlərini xəstəxanaların birində. Yumur ki, Gəncənin yüz ildən sonra ikinci süqutunu görməsin (səh. 578).
Roman - düşüncə, roman - esse xarakterli - səciyyəlidir "Şair və Şər". Hadinin "millət və mən", "türk və mən", "azadlıq və mən", "zaman və mən", "şər və mən" düşüncə - mühakimələri romanın əsas fəlsəfi-psixoloji, mənəvi-dramatik məzmununu ehtiva edir. Sabir Rüstəmxanlı Hadinin düşüncə - mühakimələrini böyük şairin həm fərdi, həm sosial-ictimai, həm də hərbi-siyasi həyatı ilə elə mahircə sintez edir, elə ustalıqla çarpazlaşdırır- uzlaşdırır ki, bu düşüncə - mühakimələr romanın süjet xəttinə yamaq təsiri bağışlamır. Əksinə, romanın ümumi ideya və məzmununu tamamlayır, Hadi obrazının böyüklüyünü, cahanşümulluğunu, millətçiliyini, türkçülüyünü, azadlıq və istiqlal yolçuluğunu daha da qabardır. Və bu düşüncələr (Hadinin düşüncələri ayrı-ayrılıqda esse janrının ən gözəl nümunələridir), eyni zamanda, Hadinin ruhunda və varlığında qiyam və cihaddan da, üsyan və inqilabdan da, top və mərmidən də daha güclü -qüdrətli bir ehtiras və inam oyadır - bu, bədii sözə, şair qələminə və ümumiyyətlə, sənətin dünyanı, həyatı dəyişən güc-qüdrətinə inam və etiqaddır. Hadi bu həqiqətin, yəni bədii sözün imperiyaların və diktatorların taleyi və müqəddəratına necə təhlükələr yaratdığının dəfələrlə canlı şahidi olmuşdur.
Sabir Rüstəmxanlı Hadi əfəndini dövrün əxlaqi-mənəvi atmosferindən, böyük sosial-iqtisadi, hərbi-siyasi burulğanlarından keçirir, adını bəşəriyyətin böyük söz və fikir nəhəngləri - Ə. Hüseynzadə, Ə.Ağaoğlu, M.Cəlil, M.Ə. Sabir və başqaları ilə yanaşı çəkir, Hadini təkcə XX əsrin böyük "millət şairi", "inqilabçı şair", "azadlıq və istiqlal şairi" deyil, habelə bizim günlərin - XXI əsrin də böyük şairi, yorulmaz türkçüsü, cəfakeş turançısı kimi xarakterizə edir və Hadini yalnız XX əsrin fırtına qoparanlarından yox, eyni zamanda, XXI əsrin böyük savaşçılarından, mükəmməl söz-qələm qovğacılarından sayır. Sabir Rüstəmxanlının Hadisi yalnız XX əsrdə ilişib - qalan Hadi deyil, həm də XXI əsrin savaşan - dalaşan, çarpışan-vuruşan, sevinən-kədərlənən, nikbinləşən-bədbinləşən Hadisidir.
Dünya döyüş-savaş meydandır. Bir cinahında Şər dayanıb silah-sursatıyla. Topu, tüfəngi, avtomatıyla. Dünyaya hökm edən kinli krallarıyla. Qaniçən, hikkəli şahlarıyla. Yerə-göyəsığmaz sultanlarıyla. Yıxır. Uçurur. Qarətləyir. Ağladır. Yaralayır Şər minləri, milyonları. O biri cinahında Şair silahlanıb sehrli-möcüzəli sözüylə. Özündə yer gücü, göy qüdrəti yaşadan Allah kəlamıyla. Çevrəsində sıram-sıram dayanmış "ruh bağbanlarıyla, dəli ozanlarıyla, Məcnun şairizlərlə. İlan kimi gülləyə uçan haqq aşiqləriylə. Gözü oyulan, dili kəsilən, dərisi soyulan, torpaqda yandırılan Allah sevdalılarıyla" (səh. 520). Ümidləndirir. İnamlandırır. Ruhlandırır Allah bəndələrini şair Allah dərgahına, Allah ucalığına. Bu savaşda gah Şər qələbə çalır, gah Şair. Şər var olduqca, Şər xıncımladıqca xeyirxahları-xeyirxahlıqları, gözəllikləri, yaxşılıqları Şair də var olacaq. Sözü kəsərli - dəyərli, keçərli-təpərli olacaq. Min qəsdin yolunu kəsər. Min havalı-davalı başı uzaqlaşdırar qan çanağından. Bu savaş dönəmlərində tanrı duaları, ana alqışları necə önəm daşıyacaqsa, S.Rüstəmxanlının "Şair və Şər"i də öz mənəvi-əxlaqi gücü ilə o sayaq savaşar, xeyirxah əməlçilərin ən kəsərli, ən təsirli silahı olacaq. Bədheybət Şərə imkan verməyəcək gerçəkləşdirsin amansızlıqlarını, dünyanı qan dənizində çalxalandırmağı. Bu baxımdan sipərdir-qalxandır S.Rüstəmxanlının "Şair və Şər" romanı Şər zülmünə, Şər istibdadına.
Dirənişdir, əxlaqi-mənəvi üsyandır S.Rüstəmxanlının "Şair və Şər" romanı millətin-xalqın buxovlanmış təbii bacarıq və istedadına.
Şərə meydan açır. Zülmə-zülmkara qəbir qazır. Nadan-cahil başbilənlərə ölüm hökmü yazır S.Rüstəmxanlının "Şair və Şər" romanı.

Musa Xanbabazadə
filoloq-ədəbiyyatşünas,
AJB-nin üzvü