adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Xalid KAZIMLI: Masonların həm faydalı, həm zərərli icadı

XALİD KAZIMLI
56166 | 2017-03-07 12:13

Dünən facebook sosial şəbəkəsinin faydaları və zərərləri barədə düşünərkən (səbəbləri vardı), birdən elə həmin şəbəkədəcə belə bir status gördüm:


"Sizcə, Marka (feysbuku yaratdığına görə) təşəkkür düşür? Əsaslandırsanız, minnətdar olarıq”.
Statusun müəllifi İlqar Kamil idi.


Bir neçə nəfər də statusa şərh yazmışdı və biri qeyd edirdi ki, bu şəbəkə masonlar tərəfindən yaradılıbsa, ona niyə təşəkkür düşməlidir.


Şərh sahibi davam edərək yazırdı ki, onların fikri insanları Allah yolundan yayındırmaqdır və buna nail olurlar.


Qeyd edim ki, bu fikir çoxdan var və müxtəlif ölkələrdən olan müsəlmanlar elə hey deyirlər ki, facebook müsəlmanları din yolundan sapdırmaq üçün icad edilib. İntəhası, bu şəbəkənin üzvü olan müsəlmanlar hər halda xristianlardan çoxmuş kimi görünür. Özləri də, maşallah, çox fəaldırlar, hətta bu şəbəkədən istifadə edərək, din-məzhəb təbliğatı aparırlar. İnşallah, axırı yaxşı olar.


Sözügedən statusa şərh yazan daha bir nəfər isə problemə pozitiv prizmadan yanaşmışdı: "Məncə, yalnız təşəkkür düşür. Çünki Mark bu sosial şəbəkəni insanların bir-biri ilə əlaqə saxlaması, yeni dostluqlar edinməsi (belə yazıb), hər gün yeni məlumatlar öyrənməsi, boş vaxtlarını səmərəli keçirməsi üçün yaradıb”.


Bu qardaş da düz deyir. Sadəcə, keşkə masonlar biz müsəlmanları din yolundan sapdırmaq məqsədi güdməyəydilər. Bununla belə, proses göstərir ki, biz də masonları öz silahları ilə vurmağa başlamışıq -şəbəkəni fəth etmişik.


Səmimisini deyim ki, mən bu sosial şəbəkəni yeni əsrin möcüzəsi sayıram. Otururuq, tutaq ki, Sulutəpədə, Çikaqodakı dostumuzla görüntülü danışır, müzakirə aparırıq, bir-birimizə bağlantılar göndəririk, qruplar düzəldirik, informasiyalar bölüşürük, sözün məcazi və əsl mənasında əlçatmaz olan insanlarla ünsiyyət yaradırıq və sair və ilaxır.


Əlbəttə, bütün bunları edərkən masonları, eləcə də hər birimizin profillərimizi izləyən, barəmizdə kəşfiyyat məlumatları toplayan (artıq nəyə lazımdırsa) SİA-nı (MKİ) da unutmaq olmaz. Çalışmalıyıq ki, onların bizi idarə etməsinə, özümüz və xalqımız barəsində informasiya toplamasına şərait yaratmayaq. Yaramazlar hər şeyi bacarırlar.


Sadəcə, bir çox soydaşlarımızın facebookdan istifadə üsulları xoşuma gəlmir. Hiss olunur ki, adamlar bura başqa məqsədlə girirlər. Bir çox məkrli insanlara baxanda, sosial şəbəkəyə, jarqon ifadə ilə desək, "qız tutmağa” girən cavan uşaqların məqsədi daha ülvidir. Bəziləri isə burada yalnız kimisə qaralamağa, ifşa etməyə, pisikdirməyə, qisas almağa, öz başıxarablığını dünyaya göstərməyə girirlər.
O üzdən bizim ölkədə facebook iti bıçağa oxşayır - bəziləri ondan çörək doğramaq üçün yararlanır, bəziləri - adam vurmaq üçün.
Əslində facebooku baltaya da bənzətmək olar. Bəziləri bu "balta”dan odun yarmaq, xarratlıq eləmək üçün istifadə edir, bəziləri də - yıxılanı baltalamaq üçün.


Burada hər şeyə dözmək olur - gündə yeddi şəklini qoyan özünübəyənmişlərə də, şeirli-bayatılı romantik statuslar yazan ağsaqqallara da (az-az aralarında ağbirçəklər də olur), özünü status yazandan sonra intihar edəcəkmiş kimi aparanlara da, adamı qruplara əlavə edən, tez-tez "səhifəmi bəyənin də” deyə xahiş-tələb göndərənlərə də və s. Amma hər söhbətə, türkün sözü, maydanoz olanara, ən ciddi məsələlərə dair müzakirələrdə Cem Yılmazlıq edənlərə, özünü eyzən "haqq-ədalət keşikçisi və çarçısı” kimi aparanlara, bir adamın sözündən, yazısından yapışıb, onu hədəfə çıxaran və söydürənlərə, başqa dövlətlərin rəhbərlərinin təəssübünü çəkənlərə dözmək olmur.


Dözülməsi mümkün olmayan başqaları da var, amma onların haqqında nəsə yazsam, özlərini tanıyacaq və məndən inciyəcəklər.
Hər halda, düşünürəm ki, masonların bu möhtəşəm icadının faydalı tərəfləri zərərli şeylərindən daha çoxdur.


P.S. Görəsən, bir neçə milyardlıq buddistlər ordusu da narahatdırmı ki, facebook onları Buddanın yolundan sapdırmaq üçün icad olunub.


TƏQVİM / ARXİV