adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
07 Mart 2017 11:29
16344
İQTİSADİYYAT
A- A+

Hərbi Liseyə qəbul elan olunub

Heydər Əliyev adına Hərbi Liseyə 2017-2018-ci tədris ilində namizəd qəbulu elan olunub.

Adalet.az xəbər verir ki, liseydə təlim dili Azərbaycan, təhsil forması əyanidir.

Təhsil müddəti 3 il olan liseyə cari ildə ümumtəhsil müəssisələrinin 8-ci sinfini bitirmiş, 15 sentyabr 2017-ci ilə qədər 14 yaşı tamam olan və 16 yaşı keçməyən oğlanlar qəbul edilirlər. Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 10-dək Hərbi Lisey rəisinin adına ərizə ilə müraciət etməlidirlər.

Ərizəyə şəxsən yazılmış tərcümeyi-hal, oxuduğu sinfin 1-ci yarımilinin qiymət cədvəli, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (notarius tərəfindən təsdiq olunmuş), sinif rəhbəri tərəfindən yazılan və məktəb direktoru tərəfindən təsdiq edilən xasiyyətnamə, evlər idarəsindən və ya müvafiq icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış, 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas), valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusunda təsdiq olunan razılıq ərizələri, burunətrafı boşluqların rentgenoqrafiyası, sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ, qanın ümumi analizi, qan qrupu və rezus-faktor, qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri, qanın hepatit C və hepatit B-yə aid müayinələrinin nəticələri, nəcisdə helmintlərin yumurtalarının müayinəsinə aid tibbi sənəd, dizenteriya qrupuna aid müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə, Psixi Xəstəliklər, Ağciyər Xəstəlikləri dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar, xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatında olub-olmaması barədə məlumatlar, ambulator xəstənin tibbi kartı, (keçirilmiş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartından çıxarışlar (forma № 27/U), rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibbi kartası – forma № 26/U) daxildir.

Hərbi Liseyə qəbul 2 mərhələdə keçirilir. 1-ci mərhələdə qəbul olmaq istəyən namizədlər Heydər Əliyev adına Hərbi Liseydə hərbi həkim komissiyasından keçməlidirlər. Liseyə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır. 2-ci mərhələdə namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq ixtisas qrupu üzrə test üsulu ilə keçirilən qəbul imtahanı verirlər.

Naxçıvan Muxtar Respublikasında yaşayan Heydər Əliyev adına Hərbi Liseyə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə və Hərbi Tibb Məktəbinə qəbul olmaq arzusunda olan namizədlər Heydər Əliyev adına Hərbi Liseyə müraciət etməlidirlər.