adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Mart 2017 11:30
7055
ELM VƏ TƏHSİL
A- A+

Alim Qasımov Bakı Ali Neft Məktəbində - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) dünya şöhrətli tanınmış muğam ifaçısı, "Şöhrət” ordenli Azərbaycanın xalq artisti Alim Qasımovun Ali Məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq görüşü keçirildi. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, görüşdə Alim Qasımovla birlikdə ailə üzvləri və yaradıcı kollektivi da iştirak ediblər. Görüş görkəmli muğam ustasının həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başladı.

Tədbiri giriş sözü ilə açan BANM-in rektor Elmar Qasımov Alim Qasımovu Ali Məktəbdə salamlayaraq ona təklifi qəbul edib gəldiyi üçün öz təşəkkürünü bildirdi. Elmar Qasımov Alim Qasımovu Azərbaycan səhnəsinin, muğam ifaçılığının əfsanəsi adlandıraraq dahi sənətkarın həyat və yaradıcılığından danışdı.

"Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Yaponiya, İran və ABŞ kimi ölkələrdə təmsil edən sənətçimiz bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq milli musiqimizin və mədəniyyətimizin dünyaya yayılması istiqamətində əvəzsiz xidmətlər göstərib. Məhz bu fəaliyyətinə görə Alim Qasımov bir çox mükafatlara layiq görülüb”, - deyə Elmar Qasımov bildirdi.

"Alim Qasımov Azərbaycan muğamının, milli musiqi mədəniyyətinin fəxridir” deyən rektor E.Qasımov görkəmli ustadı ABŞ-ın Geogetown Universiteti və İordaniyada yerləşən İslami Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olduğunu da nəzərə çatdırdı. Rektor xanəndənin uğurlarından söz açaraq Azərbaycan muğamının UNESCO səviyyəsində məşhurlaşmasında onun əməyinin təqdirəlayiq olduğunu söylədi.

BANM-in müəllimlərini və tələbələrini salamlayaraq Alim Qasımov bu cür görüşlərin onun üçün böyük məsuliyyət və şərəf olduğunu bildirdi. "Mən hesab edirəm ki, belə görüşlər ölkənin bütün ali təhsil müəssisələrində ənənəvi olmalıdır. Çünki bizim kimi həyatlarını yaradıcılığa həsr etmiş insanların - musiqiçilərin, rəssamların, aktyorların - təcrübəsinə və söhbətlərinə gənclərin çox böyük ehtiyaci var”, - A.Qasımov dedi.

Dünya şöhrətli muğam ifaçısı öz gənclik və tələbəlik illərindən, bir müğənni kimi formalaşmasından, sənət yollarındakı çətinliklərdən, dünyada azərbaycan muğamının tanıdılması sahəsində görülən işlərdən, səhnə arxası rast gəldiyi maraqlı hadisələrdən danışdı. Görüş zamanı tanınmış sənətkar müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırdı.

Sonra Alim Qasımov və qızı Fərqanə Qasımova onları müşayiət edən ansamblın iştirakı ilə muğamlardan və xalq mahnılarından parçalar ifa etdilər.

Tədbirin sonunda BANM-in rektoru Elmar Qasımov maraqlı və mənalı söhbətə görə tanınmış qonağa səmimi təşəkkürünü bildirdi və ona xatirə hədiyyəsini təqdim etdi.