adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"ÖLÜM MƏLƏYİ" SİZƏ NEÇƏ YAŞ VERİB?

FƏRİDƏ RƏHİMLİ
16192 | 2017-03-03 16:43
Müstəqillik qazanıldıqdan sonra ölkəmizdə geniş miqyasda başlayan tikintilərin arasında şadlıq evlərinin sayı sürətlə artmağa başladı. O qədər çox tikildi ki, insanlar nəinki toyları, nişan, xınayaxdı, hətta ad günlərini də şadlıq evlərində qeyd etməyə başladılar. Hər məhəllədə, bəzən bir neçə şadlıq evi yan-yana düzülərək müştəri gözləməyə başladı. Amma dünyadakı təcrübədən fərqli olaraq bizdə say artdıqca qiymətlərdə azalma olmadı. Rəqabət əslində keyfiyyətə, ucuzlaşmaya gətirib çıxarmalıdır. Bizdə rəqabət də analoqsuzdu. Nə keyfiyyətdə, nə israfçılıqda, nə qiymətlərdə azalma olmadı, əksinə daha da kəlləçarxa vurdu. Özlərini yüksək qiymətləndirən "manıslar" isə əvəzedilməz olduqlarını sanaraq qiymətdə bir qəpik də güzəştə getmədilər. Bir geyimi min manata alan müğənni düşünmədi ki, bu pullar insanların əynindən, boğazından kəsdiyi qənaətin hesabınadı. Sözsüz ki, bunda hər kəsin günahı var, çünki onları özümüz belə harınlatdıq. "Qonşudan qalma dala" xəstəliyinə hamımız ellikcə yoluxmuşuq. Övladının toy gününü qeyd edən valideyn bu gözəlliyə sevinməyə imkan tapmadı, çünki fikri ancaq necə ödəyəcəyini düşündüyü borcun yanında oldu.
Sonradan yas məclislərini də "saray"larda keçirməyə başladılar. Hətta yasın verildiyi ünvanı soruşanda filan yerdəki toyxanada, yaxud filan şadlıq evində, deyə cavab verilirdi. Daha sonra bir az da inkişaf edib, "Mərasim evi", "Mərasim zalı" adlı tikintilər meydana gəldi.
Son aylar ölkə "qənaət rejiminə" keçəndən sonra sanki toyların sayı azalıb. Bu, şadlıq evlərinin toy-düyün sahiblərini soymasından və ehtiyacın get-gedə artmasından irəli gəlir. Bu üzdən şadlıq evlərinin "bazarı" bir az kasadlaşıb. Toy müğənniləri də artıq söylədikləri təkəbbürlü sözlərini "yalayıb" "razılaşma yolu ilə toy danışırlar".
İşbazların çoxu indi də şadlıq evlərinin adını dəyişib, mərasim zalı adıyla istifadəyə veriblər. Və menyu (içkidən başqa) demək olar ki, eyni toydakı kimidir. Yəni, qazanan yenə də onlar, soyulan xalqdır.
Statistika nə deyir, bilmirəm, amma məncə son illər ölüm sayı çoxalıb. Bu, təkcə cəbhədəki gərginliklə - şəhidlərimizlə bağlı deyil, həm də stresslə, depressiya ilə və s. bağlıdır.
Milli Məclisin Əmək və sosial siyasət komitəsi fevralın 28-də "Əmək pensiyaları haqqında" Qanuna təklif olunan dəyişiklikləri müzakirə etmişdi. Pensiya qanununa 98 dəyişiklik təklif edilir. Dəyişikliklər, əsasən, pensiya yaşının və pensiyaya çıxmaqdan ötrü iş stajlarının artırılması ilə bağlıdır. Mövcud qanuna görə, kişilər 63, qadınlar isə 60 yaşında pensiyaya çıxır. İndi bu yaş həddini 65-ə qaldırırlar. İndi də hörmətli deputatın növbəti "xalqı çalxalayan bəyənatı"nda öncəgörmə proqnozuyla: "Pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur. İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir" fikrini söyləsə də, indiki durumla əhalinin ömrünün uzandığına, gələcəkdə daha da uzanacağına şübhə var.
Yuxarıda mərasim zallarının artığını yazdım. Bu təsadüfi deyil. İnsanlar dözümsüz olub, ölümlər cavanlaşıb. Ən son günlərdə ölənlərin (tanıdıqlarımın) iki nəfərinin yaşı 70-i keçmişdi. Elə isə, o pensiya kimə veriləcək?!.
Deputat həmçinin deyib ki, müəllimlər, həkimlər onlarla qırğın edirlər ki, "gümrahıq, işləyə bilərik. Amma siz bizi pensiyaya çıxardırsınız". O, həmçinin qeyd edib ki, pensiyaçı qadınların dünyadan köçmə yaşı statistikaya əsasən, 78.5 ildir. Əvvəla, bu millətin hamısı həkim, yaxud müəllim deyil. Fəhləsi var, işsizi var, arvad maaşıyla dolanan kşilər var, səhhəti işləməyə imkan verməyənlər var, pensiya yaşı çatdığında dincəlmək istəyənlər var. Hər kəs "biz gümrahıq, işləmək istəyirik" demir. Və hər kəs 78.5 il yaşamaya bilər. Gəlin "Ölüm mələyi"nin vəzifəsini əlindən almayaq, buraxın öz işini vaxtında görsün. Səlahiyyət sahiblərini bilmirəm, bəlkə ömürlərini də uzada biləcək yolları tapıblar artıq, amma mən neçə yaşda bu dünyaya əlvida deyəcəyimi proqnozlaşdıra bilmirəm. Əlbəttə, bunu mənim üçün düşünənlər var, sağolsunlar. Amma inciməsinlər ey, mən 78-ə çatacağıma nə isə inanmıram. Həm kasıb millətə o yaşı veribsə, imkanlılara yəqin daha çox verər. Məsələn, 178, 278...
Yox, bu yanlış oldu, milyonları bu dünyada sağa-sola xərcləmək olar, amma "Ölüm mələyi"nin vəzifəsində nə rüşvət keçmir, nə yuxarıdan zəng, nə tapşırılma.
Pensiyaları kəsin, amma ömürlərini kəsməyə çalışmayın, onsuz da bizim millət "birtəhər dolanmağ"a öyrəşib. Burda da bir yolunu tapacaqlar.


TƏQVİM / ARXİV