adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Mart 2017 16:18
8383
ELM VƏ TƏHSİL
A- A+

AzTU ilə Almaniya və Çexiya universitetləri arasında əlaqələr genişləndirilir

Almaniyanın Brandenburq Texniki Universiteti ilə Çexiyanın Liberek Texniki Universitetinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi Xalıq Yahudov Azərbaycanda texniki sahənin inkişafının prioritet istiqamət olduğunu bildirib. Rektor əvəzi AzTU ilə Avropa universitetləri arasında olan əlaqələrə diqqət çəkərək qeyd edib ki, qarşılıqlı əməkdaşlıq elmdə tərəqqiyə səbəb olaraq iqtisadiyyatda yeni inkişaf prosesi yarada bilər.

Xalıq Yahudov AzTU haqqında qonaqlara geniş məlumat verərək vurğulayıb ki, universitetdə yaradılan şərait və innovativ texnologiyaların elmə tətbiqi daha əlverişli əməkdaşlığa imkan verir.

Görüşdə bildirilib ki, əlaqələr çərçivəsində müəllim, tələbə mübadiləsi ilə yanaşı təcrübələrin aparılması üçün texniki bazadan yararlanmaq da nəzərdə tutulur.

Brandenburq Texniki Universitetinin maşınqayırma üzrə ixtisas rəhbəri, Metalkəsən dəzgahlar kafedrasının müdiri Silvio Simon da qarşılıqlı əlaqələrdən məmnun olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan haqqında geniş məlumata sahibdir və burada gedən inkişaf, xüsusi ilə texniki sahəyə olan diqqət sevindirici haldır.

Liberek Texniki Universitetinin maşınqayırma fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini Karel Frana da Çexiya universitetləri ilə Azərbaycan universitetlərinin tarixi əlaqələrini yada salaraq keçmişdə qalan bu əməkdaşlığın qarşıda böyük perspektivlər yaradacağına əmin olduğunu deyib. Qonaq AzTU-nun Maşınqayırma fakültəsi ilə artıq mövcud olan əlaqələrə diqqət çəkərək universitetlər arasında yaradılacaq əməkdaşlığın çox faydalı olacağını bildirib.

Görüşdə hər iki universitetin nümayəndəsi ilə Maşınqayırma fakültəsi ilə olan əlaqələr timsalında digər fakültələrlə də əlaqələrin qurulması məsələsi müzakirə olunub. İlkin olaraq AzTU-nun Mühəndis biznesi və menecment fakültəsi ilə əməkdaşlıq nəzərdən keçirilib. Qərara alınıb ki, Brandenburq və Liberek Texniki Universitetləri ilə iqtisadiyyat üzrə də əlaqələr yaradılsın.

Qeyd edək ki, qonaqlar səfər çərçivəsində AzTU-nun Maşınqayırma fakültəsinin müəllim və tələbə heyəti ilə də görüşəcək. Görüşdə tələbələrə Brandenburq və Liberek Texniki Universitetlərinin maşınqayırma sahəsində

əldə etdiyi yeniliklər və bu sahə üzrə dünyada baş verən tendensiyalar haqqında geniş məlumat veriləcək.