adalet.az header logo
  • Bakı 17°C
28 Fevral 2017 22:05
10145
MARAQLI
A- A+

4 ildə bir yaş qocalan insanlar

Bu il 57 yaşı tamam olan Asya Aşırova ömründə cəmi 14 dəfə doğum gününü məhz doğulduğu gündə qeyd edə bilib. Ona bu məhdudiyyəti yaradan səbəb isə məhz 57 il əvvəl fevralın 29-da dünyaya gəlməsidir.

Lakin publika.az-a danışan Asya xanım doğum tarixinin məhz bu günə təsadüf etməsinə təəssüflənmir, hətta çox sevdiyini deyir: "Doğum günümü keçirməyi sevən biri deyiləm. Yalnız 4 ildən bir dünyaya gəldiyim günü – 29 fevralı ad günüm kimi qeyd etmək şansım olur. Digər illərdə isə övladlarım və dostlarım mənim üçün sürpriz edir və ayın 28-də doğum günümü qeyd edirik. Hətta martın birində zəng edib təbrik edənlər də olur. Xarici ölkədə yaşayan qohumlarım da bu günü xatırlayıb, təbrik edirlər. Əlbəttə, bunun başlıca səbəbi məhz ad günümün 29-na təsadüf etməsidir”.

Bəzən ailələr məhz dünyaya gələn övladlarının doğum gününü 4 ildən bir qeyd etməmək üçün övladlarının anadan olma tarixini dəyişirlər. Lakin Asya xanım deyir ki, onun valideynləri bu məsələdə tərəddüd etməyiblər.

"Mən özüm də ad günümün məhz bu günə təsadüf etməsinə görə uşaqlıqdan sevinirdim. Uşaqlıqdan hər zaman öz bacı-qardaşlarımdan, həmyaşıdlarımdan fərqlənmək istəyirdim. Doğum günümün bu günə təsadüf etməsi məni fərqləndirən səbəblərdən biri idi. Hətta telekanalların birində izləmişdim ki, Allah bu gündə dünyaya gətirdiyi bəndələrini sevir və onların üzərində bir ulduz kimi dayanır. Həyatım boyu hər zaman bu gündə doğulanları axtarmışam. Ən sevimli şagirdlərimdən biri bu gündə doğulmuşdu. Onunla xarakterimiz də çox uyğun idi”, - deyə Asya xanım bildirir.

O, doğum gününün bu tarixə təsadüf etməsinin hər hansı hüquqi proseduralarda problem yaratmadığını deyir.

Qeyd edək ki, şəxsiyyət vəsiqələrinin verilməsi prosedur qaydalarına görə vəsiqələr şəxsin 25, 35 və 50 yaşına çatdıqda dəyişdirilməlidir. Doğum günün fevralın 29-na təsadüf etməsi bu məsələdə problem yaratmır.

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsindən deyirlər ki, bu insanların doğum tarixi fərqli olsa da, onlar şəxsiyyət vəsiqələrini adi qaydada ala bilirlər.

Onu da bildirək ki, fevralın 4 ildən bir 29 gün olması e.ə. 46-cı ildə Roma imperatoru Yuli Sezarın tapşırığı ilə bağlıdır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır. Beləliklə, il dörd ildən bir 366 gün çəkir. 29 fevral 28 ildən bir bazar gününə düşür və bu, fevralın 5-ci bazarı olur.

Yeni təqvim Roma imperiyasının tərkibinə daxil olan bütün xalqlar arasında yayılır və yulian sistemı adını alır. Sezar başqa bir əmri ilə aylardan birinə - iyul ayına öz adını verir. Sonradan imperator Oktavian Avqust da növbəti aya öz adını verir və o, avqustun iyuldan 1 gün az çəkməsini şəninə sığışdırmadığından fevraldan 1 gün kəsib avqusta calayır. O zamandan bəri fevral ayı 4 ildən bir 29, qalan illərdə isə 28 gün çəkir.

29 fevralın özəlliyi ondan ibarətdir ki, məhz bu gün qadın sevdiyi kişiyə evlilik təklif edə bilər. Bu adət ənənə ilk dəfə V əsrdə İrlandiyada yaranıb. Rəsmiləşməsi isə XIII əsrdə Şotlandiyada xüsusi qanunun qəbuluna təsadüf edir. XVIII əsrə qədər fevralın 29-u bir çox Avropa ölkələrində qəbul olunmurdu. Təqvimdə fevralın 29-u olsa da, hüquqi cəhətdən rəsmi gün sayılmırdı. Bu gün müqavilələr bağlanmır, borc verilmir, ödənişlər aparılmırdı. Çünki, bu tip işlərin məhkəmədə baxılmasında problem ortaya çıxırdı.

Dünyada 4 milyon-a qədər insan 29 fevralda dünyaya gəlib. 4 ildən bir ad gününü qeyd edən, başqa sözlə 4 ildə 1 yaş böyüyən bu, dünya əhalisinin 0,069 faizini təşkil edir.

Sonda xatırladaq ki, 29 fevralda bir çox tanınmış şəxsləri dünyaya gəlib. İtalyan bəstəkarı Antonio Rossini, fransız aktrisası Mişel Morqan, Azərbaycan yazıçısı Ənvər Məmmədxanlı, məşhur xizəkçi Raisa Smetanina, Əlcəzair əsilli fransız müğənni Khaled, türk müğənni Erol Büyükburc həmin gün anadan olublar.