adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Fevral 2017 18:30
16918
İQTİSADİYYAT
A- A+

Vergilər Nazirliyində hansı struktur islahatları aparılıb? – Rəsmi açıqlama

"Vergi ödəyicilərinin fəaliyyətinin risk modulları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi, vergi nəzarəti metodlarının təhlil olunmuş məlumatlar əsasında seçilməsi, vergi potensialının daha dəqiq qiymətləndirilməsi, risklərin müasir İKT vasitələrindən istifadə edilməklə idarə olunmasını həyata keçirmək, eləcə də çoxsaylı dövlət qurumlarının inteqrasiya olunmuş elektron məlumat bazalarından əldə edilmiş məlumatların emalını təmin etmək məqsədilə nazirliyin strukturunda Vergi risklərinin təhlili və nəzarəti departamenti fəaliyyət göstərir.

Nazirliyin aparatında aparılmış digər dəyişikliklərlə idarəetmə funksiyalarının təkmilləşdirilməsi, vergi orqanlarının fiskal funksiyalarına daxil olan sahələr üzrə əlaqələndirilməsi, o cümlədən vergi nəzarəti, audit, vergi borclarının alınması sahəsində fəaliyyətin effektivliyinin artırılması məqsədilə Vergi qanunvericiliyinin icrasına nəzarət və Vergi öhdəliklərinin icrasına nəzarət departamentləri yaradılıb”.

Adalet.az xəbər verir ki, bu sözləri Vergilər naziri Fazil Məmmədov Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) saytında yerləşdirilmiş məqaləsində deyilir.

"Nazirliyin mərkəzi aparatında 2 yeni mərkəz də təsis edilib. Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzi (İTM) vergi sistemində informasiya texnologiyalarının daha geniş tətbiqi və nazirliyin İKT strategiyasının səmərəli həyata keçirilməsi ilə məşğul olur və bu sahədə vahid idarəetməni təmin edir.

İTM-in əsas vəzifəsi vergi orqanlarında informasiya proseslərinin əlaqələndirilməsinə, geniş imkanlara malik proqram təminatlarının hazırlanması və onların fasiləsiz işlək vəziyyətdə saxlanılmasına, məlumat təhlükəsizliyinin təmin edilməsinə, bu sahələrdə risklərin qiymətləndirilməsinə, informasiya ehtiyatlarının və sistemlərinin mümkün təhdidlərdən qorunmasına, elektron imza vasitələrinin hazırlanması, tərtibi və idarə edilməsinə, müasir informasiya texnologiyaları infra-strukturu qurmaqla vergi inzibatçılığının təkmilləşdirilməsinə töhfə verməkdir.

Media və Kommunikasiya Mərkəzi isə vergi ödəyicilərinin və cəmiyyətin bütün təbəqələrinin məlumatlandırılması, vergi sistemində həyata keçirilən islahatların, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin İKT-nin imkanlarından istifadə etməklə ictimaiyyətə düzgün çatdırılması, bu sahədə yeni yanaşmaların və yeni vahid kommunikasiya siyasətinin formalaşdırılması, media ilə işlərin müxtəlif platformalarda və sosial müstəvilərdə yenidən təşkili və genişləndirilməsi məqsədilə yaradılıb.

Paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərən vergi orqanlarının da strukturunda ciddi dəyişikliklər edilib. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Departament ləğv edilərək onların bazasında Vergilər Nazirliyi yanında Milli gəlirlər departamenti, Bakı şəhəri Lokal gəlirlər departamenti və Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamenti yaradılıb.

Bu departamentlərin yaradılması "dövriyyə intervalları” prinsipinə söykənir və vergi ödəyiciləri ilə işin qurulmasında yanaşmaları diferensiallaşdırmaq, iri, orta və kiçik sahibkarlarla fərdi yanaşma əsasında işləmək məqsədi daşıyır. Artıq strukturların fəaliyyət prinsipləri, vergi ödəyiciləri ilə işin qurulması ilə bağlı normativ-hüquqi bazası da təsdiq edilib.

Həyata keçiriən struktur və kadr islahatlarının daha bir mühüm məqamı yeni yaradılmış departamentlərdə direktorlar və baş direktorlar institutunun təsis edilməsidir.

Direktorluq institutu işlərin və funksiyaların icrasında cavabdehlik və məsuliyyəti artırmaqla yanaşı, həm də idarəetmə sistemində horizontal və vertikal nəzarətin effektiv şəkildə həyata keçirilməsinə imkan verəcək, yeni yaradılmış departamentlərin daha səmərəli, düzgün və rasional idarə olunmasını təmin edəcəkdir”, - deyə nazir qeyd edib.