adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Zabildən qalan baməzə söhbətlər...

XALİD KAZIMLI
42768 | 2017-02-28 16:01

Onun nakam taleyi haqqında yazmaq, hətta düşünmək də çox kədərlidir. Zabil çox şən, pozitiv, baməzə adam idi, şənliklərin adamıydı. Ciddi yumoru vardı. Bu gün onun yalnız təbəssüm doğuran xatirələrini qələmə alacam, qoy ruhu şad olsun.

***
Bir dəfə mətbəxdə oturub yemək yeyirdik. Aşpazımız Mahizər xanım vermişel və qarabaşaq yarması bişirmişdi. Zabil belə yeməkləri sevməzdi, amma ta başqa variant yox idi, sakitcə yeyirdi. Birdən başını qaldırıb aşpazımızdan soruşdu: "Mahizər bacı, siz əvvəllər internatda-filanda işləməməsiniz?”


Mahizər bacı "yox” dedi və kontr-sual verdi: "Nədi ki?”


Zabil başını yenidən boşqabına tərəf endirərək dedi: "Heeç, yetim-yesir yeməklərini yaxşı bişirirsiz, ona görə deyirəm”.


***


Zabildə baməzə planlar qurmaq, iş yoldaşlarıyla zarafatlaşmaq şakəri vardı. Bir dəfə xaricdə olan baş redaktorumuzun adından (onun e.mail adresinin adında bir hərfi dəyişərək bənzərini yaratmaqla) qəzetdə getmiş yüngül bir səhvə görə Famil Cəfərliylə yazışmışdı. Özü də sırf R.Arifoğlunun yazı ritorikası və üslubunda: "Yahu, bu xəyanətmi, səhlənkarlıqmı? İzahat gözləyirəm”. Famil də təfərrüatlı izahat yazmışdı. Sonradan Zabil o izahatdan sitatlar gətirir, danışırdı. Çox məzəli bir olay idi.


***


Üç-dörd il qabaq əməkdaşımız Etibar Seyidağa KİV DF-nin müsabiqəsində 1000 manat məbləğində mükafat qazanmışdı və bu münasibətlə bir hind toyuğu alıb redasiyaya gətirmişdi ki, kollektiv kəsib yesin. Hind toyuğu karton qutuda eyvandaydı. Zabil və Samir Kazımlı pul toplayıb, bazara adam göndərdilər, bir arıq beçə alaraq, hind toyuğunun qutusuna qoydular. Kəsim saatı gəlib çatdığında Etibar və kollektivin fəalları bıçağı itiləyərək, karton qutunu da götürərək həyətə düşdülər. Etibar hind toyuğunu təntənəli şəkildə qutudan çıxarmaq istəyəndə əlinə arıq beçə gəldi, bir anlıq çaşıb qaldı, sonra Zabilgilin qəhqəhəsini görəndə əsəbiləşdiyindən bıçağı yerə atıb, deyinə-deyinə otağa qayıtdı. Sonradan uşaqlar gəlib onun könlünü aldılar, "zarafat edirik” dedilər.


***


Bir dəfə Zabilin növbətçi redaktor olduğu vaxt, gecə saat iki radələrində qəzet səhifələnib plyonkaya verilirmiş, artıq beş-on dəqiqədən sonra nəşriyyata göndəriləcəkmiş. Dizaynerlərdən biri internetdə xəbər görür: "İraqda terror aktı olub”. Xəbəri görən dizayner Zabil eşidə-eşidə deyir ki, bunu Rauf əmiyə deyim, tapşırıb ki, gecə təcili xəbər olsa mənə məlumat ver. Zabil anlayır ki, baş redaktor o xəbəri mütləq səhifəyə qoyduracaq, daha yarım saat gec çıxası olacaqlar. Ona görə də dizaynerə təpinir: "Otur aşağı. Deyirsən, əmin o xəbərə görə bizi əsir eləsin burda?”


***


3 il öncə qəzetimizin 8-9 əməkdaşı mayın 28-də Sumqayıt tərəflərdə dəniz sahilindəki dostumuzun restoranına getmişdik. Zabil də oğlu Əliylə gəlmişdi. Bir az həyətdə futbol, voleybol oynadıq, sonra dəniz qırağına getdik. Çimdik. Qayıdıb bir də futbol oynadıq. Axşam düşdü, şam yeməyini də burda eləmək istədik. Bir də gördük, Zabil hardansa iki aşıq tapıb gətirib. Aşıqlar bir az çalıb oxudular, Zabil qol götürüb oynadı, axırda da aşıqların cibinə pul qoyub yola saldı.


***


"Ergenekon” işində adı keçən general Vəli Küçükdən məhbəsdə müsahibə götürmək üçün Türkiyəyə gedən Zabili MHP-nin rayon təşkilatlarından birinin fəalına həvalə edirlər ki, onu müşayiət eləsin. Adam da bacardığını edir. Qayıdandan sonra Zabil danışırdı: "Getdik, nahar eləməyə, qardaş dedi ki, abi, bir hamsi yeyəkmi, dedim, yeyək. Yedik, ləzzətliydi. Axşam oldu, şam eləməliyik, qardaş yenə dedi, abi, gedək hamsi yeyək. Üzə düşdüm, yenə hamsi yedik. Ertəsi gün nahar vaxtı o, bir də ”hamsi qonaqlığı" təklif edəndə dedim ki, qardaş, sən canın, icazə ver, bu gün mənim hesabıma başqa bir şey yeyək, hamsi yeyə-yeyə trabzonluya döndük".


***


Bir gün işdən sonra saat 6 radələrində Zabil və dostları növbəti xudmani ziyafətə getmək üçün redaksiyanın yerləşdiyi binanın qapısı ağzında məşvərət edirdilər. Nəsə bir çatışmazlıq vardı. Birdən qəzetimizin direktoru Ələsgər Süleymanov maşınla gəldi, düşdü, baqajdan Ukraynadan yenicə gətirdiyi bir şüşə istiotlu araq çıxarıb onlara verdi, dedi, gedin, nuş eləyin. Zabil üzünü dostlara tutub dedi: "Sizə demirdimmi, Allah kor bayquşun ruzisini yuvasında yetirər”.


***


Belə bir adam idi Zabil - deyib-gülən, yeyib-içən, dosta sadiq... Heyf ki, özü demişkən, tormoz şlanqı nasaz idi. Getdi...


TƏQVİM / ARXİV