adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Fevral 2017 14:25
33251
MƏMLƏKƏT
A- A+

Heyvan bazarında insan sevgisi - REPORTAJ

Sədaqət dediyimizdə ağıla ilk gələn onlardır – itlər. İnsanların sadiq dostu olan itlər. O qədər sadiqdirlər ki, müdafiə və güvənmək kimi sahələrdə də onlardan yararlanırlar.

Qısa araşdırma:

Sən demə qədim insanlar bir-birindən minlərlə kilometr aralıda, Avropada və Asiyada iki fərqli canavar populyasiyasını əhilləşdirməklə itlərlə bir yox, iki dəfə dostlaşıblarmış.Alimlər müasir genetikanın verdiyi imkanlardan istifadə edərək itlərin təkamül tarixini araşdırıblar. Onlar aşkar ediblər ki, mənşəcə Avrasiya materikinin şərq və qərb hissələrindən olan itlər arasında dərin fərqlər var.İnsanlarla itlər azı 15.000 ildir ki, birlikdə yaşayırlar. İnəklər, keçilər və donuzlar onlardan 5000 il sonra əhilləşdirilib. Ancaq insanla itin ilk dəfə necə və harada dostlaşdığı sirr olaraq qalır. Alimlərin əksəriyyəti itlərin bir dəfə əhilləşdirildiyinə inanırdı. Onlardan bəziləri bunun ilk dəfə Avropada, bəziləri isə mərkəzi Asiya, yaxud da Çində baş verdiyini iddia edirdilər.

Bu dəfə yolumu paytaxtda daha çox "it bazarı” adı ilə məşhurlaşan "Təzə bazar”a tərəf saldım. Səhər saat 9 olmasına baxmayaraq, bazarda "iynə atsan, yerə düşməz” səviyyəsində canlanma vardı. Havanın küləkli olması heyvanlara da təsirsiz ötüşməmişdi. Bazarın heyvanlar satılan hissəsində müxtəlif cinsdən və yaşdan olan itlərə rast gəlmək olar. Bazarda cins itlərlə yanaşı, ev quşları, xüsusən tutuquşular, balıqlar, dovşan, siçan, göyərçin satılır. Dükan sahibləri buranın daimi işçiləri olsalar da, heyvanlarını satmaq üçün həftəsonu bazara üz tutan paytaxt sakinləri, heyvan alverçiləri də var. Satıcılar alverin olmadığından gileylənirlər. Məşədi İbad demişkən, bir növ adətkarda olublar – alverin səviyyəsinə baxmayaraq, göz qaytarmaq məqsədi ilə edilən giley-güzar... Heyvanlarsa öz işlərindədir: səsləri bazarı başına götürüb.


İt var isti damda, it var açıq havada - küləyin altında

Bazara üz tutan alıcıların əksəriyyəti it həvəskarlarıdır. Daimi satıcılar itləri rahatlığı ilə seçilən xüsusi damlarda saxlayır, müvəqqəti alverçilər girişdə - yelçəkən yerdə itləri zəncirlərindən tutub, küçüklərisə karton yeşiklərə doldurub müştəri gözləyirlər. Məlum olur ki, həyətlərində saxladıqları itlərin ballarını satanlar da var, böyük it ticarəti ilə məşğul olanlar da.



Qiyməti 2000 manatlıq it

Bazarda hər qiymətə - 150 manatdan 2000 manata qədər it tapmaq olar. Bazarın ən bahalı və nəhəng iti Türkiyənin Sivas bölgəsindən gətirilən "Kanqal” cinsindəndir. "Kangal” Türkiyə mənşəli bir çoban və gözətçi, it irqidir. Adı Sivasın Kangal rayonundan gəlmədir. Kangal itləri daha çox çoban iti, gözətçi vəzifəsini yerinə yetirirlər. Çünki digər çoban iti növləri sürünü qorumaqdan çox istiqamətləndirmə və idarə etməkdə ustadırlar. Kangal itinin ən diqqətə çarpan xüsusiyyəti isə, sahibinə duyduğu həddindən artıq sədaqət və vəfadır. Çox yaxşı bir döyüşçüdür. Canavar, çaqqal kimi vəhşi heyvanlara qarşı sürüsünü qoruyan bir gözətçidir. Onun qiyməti 700 manatdan başlayıb 2000 manata qədər yüksəlir. Sivas kanqallarını sifarişlə gətirirlər.



Bizimki - Qurdbasar iti

Bazarda Azərbaycana məxsus Qurdbasar it cinsi diqqətimi çəkdi,sən demə bu cinsi it, tək mənim diqqətimi çəkməyib, bütün bazara gələnlər birinci həmin itlərin yanına yaxınlaşıb, sahibindən bu itlər barəsində məlumat alırdı. Satıcının sözlərinə görə, Qurdbasar təmiz Azərbaycan təbiətinə məxsus cinsdir, əsasən mühafizə və sürülərin qorunmasında istifadə edilir. Adının Qurdbasar olması ,canavarlara və çaqqallara divan tutmasından yaranıb. Sahibinə qarşı çox mehriban olan bu itlər, əsasən böyük təsərrüfatları qorumaq məqsədilə alınır. Heyvansevərlər son dövürlər sürətlə nəsli kəsilən Qurdbasarın artımına çalışırlar.



Rotfeller  və Dobelman də ən çox satılan cinslərdir


Alman ovçarkasının qiyməti 250 manatdan başlayaraq 700 manata kimi yüksəlir. "Rotfeller” və dobelman də ən çox satılan cinslərdir. Onların qiyməti 400 manatdan başlayır. Ən çox qadınların maraq göstərdiyi Şipis cinsinin qiyməti 200-600 manat arasında dəyişir.


İtlərin hamısı qeydiyyatdan keçir və sənədləşdirilir

Burada satılan həm yerli, həm də xaricdən gətirilən itlər hamısı Dövlət Baytarlıq İdarəsində qeydiyyatdan keçir və sənədləşdirilir. Satılarkən itin sənədləri də müştəriyə təqdim olunur. Çünki, ölkə xaricinə çıxarkən itlər üçün də sənəd tələb olunur. İtlər ən çox Rusiya Federasiyasından gətirilir, həmçinin Ukraynadan, Gürcüstandan, Türkiyədən gətirilən it cinsləri də az deyil.Satıcılar alıcılara aldıqları heyvanı həmin an həkimə göstərməyi tövsiyə edirlər. Deyirlər ki, alıcı iti alıb aparır, soyuq suda çimizdirib xəstələndirir, sonra da qaytarıb gətirir ki, bəs satılanda xəstəymiş.



Məhəbbət tutuquşuları tək qalanda ölürlər

Bazarda quşlar və balıqlar üçün ayrılmış xüsusi guşələr var. Bu guşəyə maraq böyükdür. Alıcılar 10-15 manat civarında olan tutuquşu növlərinə üstünlük verirlər. Tutuquşuların qiyməti həm də onun növünün az tapılan və ya yayılmış olması ilə bağlıdır. Danışıq öyrədilə bilən "Korella” tutuquşusunun ən ucuzları 50 manatdır. Qiymət həm də quşun neçə söz öyrənməsindən asılıdır. Nadir növ sayılan və nəsli kəsilmək üzrə olan albinos "Korella”ların biri 100 manatdır. Onların gözləri qırmızı, özü isə ağ rəngdə olur. Məhəbbət tutuquşusunun biri 60 manatdır. Digər tutuquşulardan fərqli olaraq, onları tək saxlamaq olmaz. Quşun başındakı qırmızı naxış digər quşla yanbayan dayandıqda ürək formasını alır. Bu quşu digər quşdan ayırdıqda ölür. Məhəbbət quşlarının gözəl səsləri var”.


Pişik dovşandan bahadır

Dovşan balalarının birinin qiyməti 5-10 manat arasında dəyişir. Böyük dovşanlar 15-20 manatadır. Bazarın ən çox maraq kəsb edən sakinlər pişiklərdir.Pişiklərin sirri UNO-ların sirrinə bərabərdir.Onların o qədər sirri var ki, hətta elm də bunların hamısını açıqlaya bilmir və sübut olunub ki, pişiklərin "üçüncü göz”ü var.Pişiklər 10000 ildir ki, insanlarladır və qədimdə onları Tanrının elçisi kimi inanaraq ona baş əyirdilər. Orta əsrlərdə isə onları yandırırdılar, inanaraq ki, onları şeytan bu dünyaya yollayıb.

Yarım əsr olar ki, pişik hissiyyatlarını təcrübələrlə Avropada, Amerikada və keçmiş SSSR-də öyrəniblər.Artıq pişiklərin təhlükəni hissetmə bacarıqlarının olması elə də sirr deyil, buna görə də insanlar onları hansısa səyahətə, gəmi səyahətinə və s. yerlərə özləri ilə götürürlər.

Bazarda alıcılarını gözləyən heyvanlardan biri də,Şotland pişikləridir. Öz yaranmasına görə bu pişiklər 1961 - ci ildəŞotlandiyanınPetşir qraflığında yerləşən fermada doğulmuş və gözlənilməz mutasiya aşkarlanmış pişik balalarına borcludurlar. Çoban Uilyam Ross ağ pişik balası Syuzini əldə edir. Müasir skotiş - foldlar məhz Syuzidən törəyiblər. Təəssüflər olsun ki, bu pişik erkən yaşda avtomobilin altında qalsa da o vaxta qədər o, daha bir qulağı sallaq pişik balasını - Snuksu dünyaya gətirməyə macal tapmışdı. Snuks bu cins pişiklərin artmasında böyük rol oynamışdır. İlk vaxtlar hesab edirdilər ki, bu pişiklər kardır. Lakin bu ehtimallar özünü doğrultmadı amma xüsusi quruluşuna görə onların qulaqlarına tez - tez təmizləmə lazımdır. Bu pişiklərin biri 250 manatdır. Şotland pisikləri həm görnüşləri həm rəngləri ilə alıcıları özlərinə cəlb edirlər. Satıcının sözlərinə görə, bu pişiklərə maraq daha böyükdür.

Ən ucuz heyvanlar balıqlardır


Balıqlar bazarın ən ucuz heyvanlarındandır, qiymətlər 1 manatdan başlayır. Ucuz oldğundanmı, ya bu hevanlara marağın böyüklüyündənmi, bilmirəm, amma balıq alıcıları daha çox idi bazarda. Demək olar ki, hər 5 müştəridən biri balıq almadan bazarı tərk etmirdi. Ancaq qeyri-adi balıq növlərini 17-20 manata da tapmaq olar. Akvariumlar və ona aid hər cür aksesuarları da bazardan tapmaq mümkündür.

Son

Ey heyvanlarına hörmət və sevgi insanlığın müsbət tərəflərindəndir. Bu üzdən "İt bazarı”ndakı alıcı çoxluğuna sevinmək gərək. 

Sübhan Mahmudov