adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Fevral 2017 19:53
85829
MÜSAHİBƏ
A- A+

Xocalı faciəsi ilə bağlı Azərbaycan mediası niyə susdu? - MÜSAHİBƏ

Sosial şəbəkələrdə Xocalı Soyqırımı baş verən gün Ağdamda 9-10 xarici media nümayəndələrinin iştirakı ilə bağlı məlumat paylaşılıb. Bununla bağlı həmin vaxt Ağdam Rayon Sovetinin sədr müavini işləmiş Rüstəm Hacıyevin fikirlərini öyrəndik.

-Sosial şəbəkədə yayılan bu məlumatla bağlı nə düşünürsünüz?

-25-dən 26-a keçən gecə baş verən Xocalı faciəsi ərəfəsində bir çox ölkələrdən müxbir və operator gəlib. Yerli müxbirlərimizdən Seyidağa Mövsümov, Tahir Qarayev, Türkiyə televiziyasından gələn Seyfəddin Altaylı və bir operator çəkilişlər aparıb. Məhz bu adıçəkilən jurnalistlər yerli özünümüdafiə dəstələrinin üzvləri ilə birlikdə Xocalıdan çıxan əhalinin köməyinə gəldi. Faciənin əsl dəhşətlərini yalnız səhər açılandan sonra görməyə başladıq. Əsas çəkilişləri məhz bu üç operator həyata keçirib və erməni-rus hərbi birləşmələrinin törətdiyi vəhşilikləri lentə alıblar. Faciənin baş verdiyi günün səhərisi artıq dünyanın 50-dən çox KİV-lərindən nümayəndələr Ağdama gəlmişdilər. Lakin vəziyyətlə əlaqədar olaraq onlar hadisənin baş verdiyi ərazilərə buraxılmadıqları üçün fevral ayının 27-də onların iştirakı ilə Ağdam Mədəniyyət Evində böyük mətbuat konfransı keçirdik.

Konfransda türkiyəli operator və yerli operator Seyidağa Mövsümovun lentə aldığı dəhşətli görüntüləri nümayiş etdirməklə əslində Xocalıda soyqırım törədildiyini dünya ictimaiyyətinə çatdırmağa çalışdıq.

Qadağalara baxmayaraq bir çox xarici jurnalistləri gizli yolla vəhşiliklərin baş verdiyi ərazilərə getməsinə şərait yaratdıq ki, onlar bu vəhşiliklərin şahidi olaraq gördüklərini lentə alsınlar.

-Bu qədər ölkədən 50-dən çox jurnalistin Qarabağa gəlməsi kim tərəfindən təşkil olunmuşdu?

-Ümumiyyətlə hadisənin biləvasitə içində olduğumuz üçün deyə bilərəm ki, Xocalıya hücum olacağı barədə öncədən də məlumatlar alırdıq. Bütün dövlət orqanları, o cümlədən o vaxtkı prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəliyi də əvvəlcədən bu məlumatları alırdılar. Lakin Dövlət səviyyəsində hər hansı tədbirlər görülmürdü. Artıq 15-20 gün idi ki, rabitə vasitələri istisna olunmaqla Xocalı ilə bütün əlaqələr kəsilmişdi. Dövlət rəhbərləri isə hələ də Rusiyaya inanaraq demək olar ki, heç bir tədbir görmürdü.

Sualınıza cavab olaraq isə demək olar ki, Azərbaycanın o vaxtkı hakimiyyətindən başqa başda Rusiya olmaqla digər aparıcı dövlətlər belə bir faciənin baş verə biləcəyindən xəbərdar idilər. Məhz buna görə də əminliklə demək olar ki, bu sayda jurnalistlərin həmin dövrdə Ağdama cəmləşməsi müəyyən bir nöqtədən, çox güman ki, Rusiyadan koordinasiya olunmuşdur.


-Bildiyimizə görə, Ağdamda Mətbuat konfransını da siz aparmısınız. Bu mətbuat konfransının keçirilməsi hansı zərurətdən doğmuşdur?

-Yuxarıda qeyd etdiyim kimi, gələn jurnalistlər erməni-rus hərbi birləşmələrinin tarixdə görünməmiş vəhşiliklər törətməsini gizlətmək üçün hadisənin baş verdiyi ərazilərə buraxılmırdılar. Ona görə də hesab elədik ki, bu vəhşilikləri ən azından dünya ictimaiyyətinə çatdırmaq üçün belə bir mətbuat konfransının keçirilməsi vacibdir. Türkiyəli jurnalist Seyfəddin Altaylı da KİV-lərin məlumatlandırılması üçün mətbuat konfransının keçirilməsini və onunla birlikdə olan operatorun çəkdiyi vəhşilikləri əks etdirən kadrların nümayiş olunmasının vacibliyini bildirdi. Təxminən 3-4 saat çəkən mətbuat konfransında demək olar ki, bütün jurnalistlərin verdikləri suallar cavablandırıldı.

Amma sonradan bu faciənin dünya mətbuatında necə işıqlandırılması ilə bağlı məlumatımız olmadı. O vaxt bizim izləyə biləcəyimiz Rusiya KİV-ləri demək olar ki, o vəhşiliklər barədə nəinki susdular, hətta baş verən hadisələrdə daha çox Azərbaycanlıları günahlandırdırmağa çalışdılar. Çox təəssüf ki, hakimiyyətdə olanların sifarişi ilə yerli mətbuatımız da Xocalı faciəsində özümüzü günahlandırmaq niyyətlərini gizlətmirdilər.

-Həmin mətbuat konfransında yerli KİV-lərin nümayəndələri iştirak etmirdilər?

-Təbii ki, yerli KİV-lərin nümayəndələri də iştirak edirdilər. "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas və onun müavini Mehman Cavadoğlu da iştirak edirdi, hətta həmin vəhşilikləri gözləri ilə görən və çəkilişləri aparan Azərbaycan Teleradio Şirkətinin operatoru və digər dövlət mətbuatını təmsil edən jurnalistlər də iştirak edirdi, amma təəssüf ki, həmin vaxt bütün dünyanın KİV-ləri Xocalıda baş verən faciədə yüzlərlə dinc əhalinin vəhşicəsinə soyqırıma məruz qalmasını bizim təqdim elədiyimiz foto və video görüntülərlə yaydığı bir vaxtda, "Səhər", "Ədalət" və bir də, səhv etmirəmsə, müxalifət qəzetlərindən hansısa istisna olunmaqla Azərbaycan rəhbərliyinin göstərişi ilə digər KİV-lər hələ də Xocalının işğal olunmadığı və iki nəfərin qətlə yetirilməsi ilə bağlı məlumatlar yayırdılar.

Təəssüf ki, sonradan bizim gördüyümüz və mətbuat konfransında nümayiş etdirdiyimiz kadrlar sonradan yoxa çıxdı və ya nədənsə hələ bu günə qədər də nümayiş olunmur. Rəhmətlik Milli Qəhrəmanımız Çingiz Mustafayevin çəkdiyi və bu günədək nümayiş edilən görüntülər əsl faciənin 20-30 faizidir. Ən dəhşətli kadrlar Türkiyəli jurnalist Seyfəddin Altaylının və onun operatorunun çəkdiyi görüntülərdə vardı. Seyidağa Mövsumovun da arxivində, əgər sonradan o vaxtki dövlət rəhbərliyinin göstərişi ilə məhv edilməyibsə, bu görüntülər olmalıldır. Ən azından həmin mətbuat konfransının lent yazıları o vaxtkı DTK-nın (KQB) arxivində olmalıdı. Çünki onlar da həmin mətbuat konfransını lentə alırdılar.

Rüfət Soltan