adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Fevral 2017 21:30
14159
MƏDƏNİYYƏT
A- A+

Bir Evlilikdən Mənzərələr

Həftəsonu iş olmadığından köməyimizə filmlər və kitablar yetişir. Günlərcə beynimdə İsveçli rejissor İnqmar Berqman fırlanırdı. Onun bəzi filmlərini izləmişdim. İnsanın tənhalığını, müxtəlif səbəblərlə çəkdiyi ruhi ağrılarını, cinsi problemlərindən qaynaqlanan tramvalarını filmlərindən az da olsa tanıyırdım.

"Bir Evlilikdən Mənzərələr” filmindən yazmağa çalışacam. Berqman filmdə Marianne və Johanın on illik evlilik həyatlarını gözlər önünə sərir. Qadın və kişi münasibətini bütün çılpaqlığı ilə incələyən rejissor bu film haqqında "üç aya yazdım, dörd aya çəkdim, amma bütün bir ömrün təcrübələrindən faydalandım”demişdi.

Evlilik çıxmazında iki insan qarşımızda dayanır. Həyat eşqlərini cəmiyyət uğrunda fəda etmiş, mükəmməlik şarının içində oksingensiz qalmış iki nəfər… Seçdikləri fotoşəkilin içində "mutlu-məsud” yaşarkən, əslində hər şeyin yalan olduğunu anlamış bir cütlük. Özləri üçün yox, toplum üçün, valideyinləri üçün, dost-tanışları üçün yaşayan ər-arvaddır onlar. Altı seriyadan ibarət olan filmin ilk hissəsi "Məsumluq və Təşviş” adlanır.


"Məsumluq və Təşviş”

Bu bölümdə aşiq olaraq deyil, əksinə, yaşadıqları uğursuz sevgi macəralarının onlarda buraxdığı yaraları sağaltmaq üçün məntiqi bir evlilik quraraq bir-birlərinə sığınan iki insan qarşımıza çıxır. Cütlüyün bir televizor programına verdikləri müsahibə ilə başlayan filmdə Marianne özünü sadəcə Johanın həyat yoldaşı olaraq təqdim edə bilir. Həyatı boyu başqalarını düşünərək və xoşbəxt etməyə çalışaraq yaşamışdır Marianne. Evlilikləri boyunca bütün vəzifələrini layiqincə yerinə yetirməyə çalışmış həyat yoldaşına kiçik bir xoşbəxtlik yaşatmaq üçün əlindən gələni əsirgəməmişdir. Marieanne bütün bunları edərkən öz istəklərini, öz həyatını arxa plana atmış və kimliyini unutmuş vəziyyətə gəlmişdir.

Johan isə Marieannenin əksinə olaraq özündən əmin istəkləri doğrultusunda yaşayan bir adamdır. Reportaj zamanı özü haqqında geniş məlumat verən və özünəvurğunluq nümayiş etdirən bu adam hətta izləyicinin qıcıqlanmasına da səbəb olur.

Film boyunca başlıqda xoşbəxt ailə tablosu kimi tamaşaçıya təqdim edilən bu cütlüyün evlilik həyatlarının əslində göründüyü kimi olmadığı ortaya çıxır. İkili əslində ailələri və çevrələrindəki insanlara göstərişli bir evlilik oyunu oynayıblar. Ailə dostları ilə şam yeməyi yeyən cütlüyün yemək əsnasında istifadə elədikləri "hörmət” kəliməsi əslində münasibətlərindəki qeyri səmimilikdən xəbər verir.

On il müddətində hər bazar günü səhər yeməyini ailəsi ilə yeyən Marieanne bu adətdən iyrənmək halına gəlmişdir. Johannla bu barədə danışan və istəklərini bölüşən Marieanne zəng edərək ailəsinə bu bazar onları gözləməmələrini bildirir. Bu onun evliliyi vəzifə olaraq görüb istəmədiyi şeyləri etmək məcburiyyətindən qurtulub üsyan etməsində başlanğıc idi.


"Xalçanın altına süpürmə sənəti"

İkinci hissədə, cütlük problemləri olduqlarını görür, bundan şübhələnməyərək, problemlərini xalçanının altına süpürərək bir müddət daha rahat, təhlükəsiz həyat yaşamaq istəyirlər. Həqiqətlərini ört-basdır edərək yaşan cütlüyün taleyi kabusa çevrilməyə doğru yönəlir. 


"Paula"

Bu bölümdə Johan Paula adlı bir qadına aşiq olduğunu və ayrılmaq istədiyini bildirir. Marianne isə eşitdiklərinin qarşısında təəccüb və həyəcan duyaraq Johana ayrılmamaları üçün yalvarışlara başlayır. Evliliklərində nəyin çatışmamasınıdan tutmuş öz yalnışlarını müzakirəyə açaraq hər şeyi sorğulayır və yenidən başlamağın mümkünlüyündən danışan Marieannenin bütün cəhdlərinə baxmayaraq Johan boşanma fikrindən daşınmır. Bütün evliliklər boyu daima fədakar davranan, anlayış göstərən Marieannenin bütün bu cəhdləri evliliklərinin bitməsinə əngəl ola bilmir.


"Gözyaşı vadisi"

Johan və tamaşaçının qiyabi olaraq tanıdığı sevgilisi Paulanın Parisə getməsindən bir il keçir. Marieanne və Johan münasibətlərini və qızları haqqında danışmaq üçün bir araya gəlirlər. Marieanne artıq Johana olan asılılığından qurtulmuş, baş verənləri qəbul etmiş və öz yolunu tutmuşdur. Johanın isə gözləntiləri özünü doğrultmamış, heç nə istədiyi və planladığı kimi getməmişdir. Paula ilə münasibətləri bitmək üzərədir iş yerində gecələyir və yalnış qərarlarından dolayı peşmanlıq hissləri keçirir. Bütün bunları böyük bir həyəcan içərisində keçmiş arvadına danışan Johanla Marianne arasında münasibətlər yenidən istiləşir.


"Cahillər"

Bu seriyada iplərin qopduğu və ikilinin bütün gerçəkliyi ilə nifrətlərini bir-birlərinə bildirdikləri hissədir. Marieanna bu uzun müddət özünü və varlığını sorğuladıqdan sonra özünü, kimliyini tapmış olaraq qarşımıza çıxır. Bütün özgüvənini itirmiş Johan isə peşmanlıq içində qıvrılmaqdadır.


"Gecəyarısı qaranlıq evdə"

Final səhnəsində artıq boşanmaları gerçəkləşmiş cütlüyün hər ikisinin də başqa həyatları olduqalrını görürük. Köhnə bir dost kimi hər kəsdən xəbərsiz bir tətilə çıxan cütlük gəncliklərində gəldikləri bir evə gəlirlər.

Filmin mesajı ondan ibarətdir ki, insan cəmiyyət üçün yox, özü üçün yaşamalıdır. Həqiqəti özündən savayı heç kim tapa bilməz.

Rejissor digər filmlərində olduğu kimi bu filmində də möhtəşəm dialoqları ilə diqqət çəkmiş kişi və qadın münasibətlərini geniş şəkildə sorğulamışdır. Rejissora əbəs yerə "İsveçin dünyaya hədiyyəsi” deyilməmişdir.