adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Fevral 2017 00:38
4416
GÜNDƏM
A- A+

NƏŞRİYYATLARDA KEÇƏN ÖMRÜM

(Xatirələr)

Mustafa
Çəmənli


(əvvəli ötən şənbə saylarımızda)

O zaman müasirim olan yazıçıların yaradıcılıq laboratoriyası ilə maraqlanırdım. Neçə il idi ki, jurnallardan, qəzetlərdən, kitablardan məşhur yazıçı və şairlərin həyatlarını, söz sənətinə aid xatirələrini, müsahibələrini toplayırdım. Bir sözlə, yazıçıların sözü və əməli məni çox düşündürürdü. Müşahidə eləyib görürdüm ki, sözü ilə əməli üst-üstə düşən də var, daban-dabana zidd olan da. Müşahidələrimdən belə nəticə çıxarmışdım ki, sənət adamlarının sözü ilə əməli arasında həmişə bərabərlik işarəsi qoymaq mümkün olmayacaq. Səhnədə qəddar şah rolunda oynamaq asandır. Xalqımız da yaxşı deyib, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Xasiyyətlər fərqli olduğu kimi, yaradıcılıq işi də fərdidir və fərqlidir. Elə yazıçı var hər gün yazır, eləsi var aylarla, bəzən illərlə düşünür, sonra qələmə sarılır. Birisi gecələr, bir başqası sübh tezdən yazmağı sevir. Əlbəttə, günün hansı saatında, hansı şəraitdə yazmaq şərt deyil, əsas görülən işin nəticəsidir. Hər halda sənət adamlarının yaradıcılıq dünyasına baş vurmaq maraqlıdır. Nə gizlədək, biz çox vaxt istedadlı adamlarımıza adi gözlə baxmışıq. Çox vaxt zahirinə fikir vermişik, batinini unutmuşuq. Yaxud onları görmək istədiyimiz kimi görmək istəmişik. Bu isə, əlbəttə, mümkünsüzdü.
Diqqət etsək, görərik ki, adi bir cümlədə sənətkar mənəviyyatının zənginliyi, yaxud bəsitliyi üzə çıxır. Əgər Salman Mümtaz 1910-cu ildə böyük Mirzə Ələkbər Sabirlə İslamiyyə mehmanxanasında bir otaqda qalarkən onunla olan ədəbi söhbətini yazmasaydı, bu gün Sabirin bir yaradıcı şəxs olaraq bəzi xarakterik xüsusiyyətlərini, bəlkə də, bilməzdik. Salman Mümtaz Sabirdən soruşur:
" - Abbas Səhhətin neçə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?
- Başda o böyükdür, yaşda mən.
- Səhhət dərin savadlıdırmı?
- Mən onun şagirdiyəm, o mənə ustaddır".
Kiçicik bir dialoqda Sabirin böyüklüyü və müdrikliyi, dosta sədaqəti çox aydın görünür.
Mən də Salman Mümtaz yolunu tutaraq, redaksiyaya gələn yazıçıları elə-belə, niyyətsiz-filansız sorğu-suala tutardım. Nəşriyyatımızla müntəzəm əlaqə saxlayan yazıçı və şairlər isə çox idi.
Abdulla Şaiqin "Məhəmməd Hadinin faciəsi" adlı xatirəsində diqqətçəkən belə bir məqam var. O yazır: "Bir gün küçədən keçərkən üst-başı kirli, halı pərişan bir şəxs əlimdən tutdu. Əvvəlcə tanımadım. Çünki tanınacaq halda deyildi. O, titrək bir səslə:
- Şaiq, məni tanımadın? - deyə soruşdu. Səsindən, gözlərinin rəngindən Hadi olduğunu tanıdım. Qucaqlayıb bağrıma basdım.
- Aman, Hadi, bu nə haldır, - dedim.
O, gözləri yaşlar içində:
- Qardaşım, heç sorma, - deyə cavab verdi. Hadini götürüb oradan birbaş evə gəldim".
Mən nə səbəbdənsə içkiyə aludə olub gecələr barlarda, bağlarda, bəzən də tanış-tunuşunun evində gecələyən xeyli istedadlı adamlar tanıyırdım. Milli mentalitetimizə yaxşı bələd olduğumdan onların adını burada çəkməkdə çətinlik çəkirəm. Çünki sağlığında qədiri bilinməyən bu adamların dərhal "qədirşünasları" tapılacaq. Hücuma məruz qalarıq.
Bu istedadlı, lakin iradəcə zəif insanları, əslində, ailədəki anlaşılmazlıqlar, biganəlik yanlış yola salmışdı. Nə qədər çətin də olsa, istedadın qədrini bilmək lazımdı. Təəssüf ki, "Gözəlliyin, qəribəliyin yanımızda olduğunu biz çox gec başa düşürük" (A.Blok).
Belə çıxmasın ki, bizdə keçmişdə və çağımızda heç istedad qədri bilən olub-eləməyib. Nümunələr istənilən qədərdir. Böyük M.Ə.Sabir Tiflisdə xəstə yatarkən Cəlil Məmmədquluzadə və arvadı Həmidə xanım onu xəstəxanada yatmağa qoymayıb öz evlərində saxlamışlar. Sabir Tiflisdən dostu Abbas Səhhətə göndərdiyi məktubda məmnunluq hiss ilə yazırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər!.. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim".
Hətta Sabir Tiflisdən Şamaxıya qayıtdıqdan sonra da Həmidə xanımın qayğısını unutmamış, dönə-dönə razılıq etmiş, bir dəfə isə bədahətən farsca belə bir beyt söyləmişdir:
Nəgərdəd gəz əcəl püştəm xəmidə,
Kəşəm dərduşi-xud rənci-Həmidə.
(Əgər əcəl belimi bükməsə, Həmidənin xəcalətindən çıxaram). Əgər Həmidə xanım Mirzə Ələkbər Sabirin necə böyük istedad sahibi olduğunu dərk etməsəydi, bəlkə də, ona bu cür qayğı ilə yanaşmazdı. Doğrudan da, insanda İNSANLIQ ən böyük keyfiyyətdi.

***
"Yazıçı" nəşriyyatının nəsr şöbəsində "Azərbaycan romanı" seriyasından hər il nəşrə kitablar hazırlanırdı. Biz redaksiyanın əməkdaşları bu seriyadan əsərlər çap etmək üçün "Azərbaycan romanı" axtarışına çıxırdıq. Biz Rusiyada yaşayan ədiblərimizi də unutmamışdıq. Onlardan biri də Çingiz Hüseynovdu. 1986-cı ildə onun "Azərbaycan romanı" seriyasından "Fətəli fəthi" romanı nəşriyyatın planında idi. Roman öncə Moskvada rus dilində çap edilmişdi. Romanın ana dilimizdəki variantı həcmcə daha böyük idi. Müəllifin öz istəyi ilə romanın redaktorluğu yazıçı Mövlud Süleymanlıya tapşırılmışdı. Bu əsərin çapı ərəfəsində Çingiz Hüseynovu bir neçə dəfə nəsr redaksiyasında görmüşdüm. Diqqətimi ən çox cəlb edən Çingiz müəllimin ana dilində çox təmiz və sərbəst danışmasıydı. 1952-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini bitirəndən sonra Rusiyada qalıb işləyən Çingiz müəllimin nitqində, qəribə idi ki, bir kəlmə də olsun rus sözünə rast gəlmirdik.
Çingiz Hüseynov "Fətəli fəthi" romanının elə ilk səhifəsindəcə azərbaycanlı oxucusunu əsəri oxuyarkən diqqətli olmağa səsləyirdi: "Əsərin qəhrəmanı Şərqi və Qərbi fəth edən, adı dünyaya yayılmış Fətəlidir; o Mirzə Fətəli ki, ziddiyyətli ömür yolu keçmiş, yüksək rütbələrədək ucalmışdır, sinəsi nişanlı, çiyni poqonlu libası altında həmişə xalqın dərdinə qalan, yanar alovlu ürək döyünmüşdür".
"Leyli və Məcnun" - 100 il səhnədə" kitabımın üzərində işləyərkən Çingiz müəllimin yaşca özündən böyük qardaşı tarzən Əlikram Hüseynovla görüşüb söhbət etmişdim. Maraqlıdır ki, hər iki qardaş Bakıda, milyonçu İsa bəy Aşurbəyovun mülkündə anadan olmuşlar. Uzun illər opera teatrının orkestrində solist olmuş Əlikram müəllimlə görüşüb söhbət edəndə gözləri tamamilə tutulmuşdu, lakin tarı yenə ustalıqla çalırdı. Yaddaşı çox yaxşıydı və sənət yoldaşları, görkəmli şəxsiyyətlər haqqında dəqiq və qərəzsiz xatirələr söyləyirdi. O, əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olduqlarından, zəlzələ vaxtı atalarının qundaqda olduğuna görə salamat qalmasından danışırdı. Milyonçunun mülkünü isə, əmisi Məşədi Ağaəlinin aldığını deyirdi. Söyləyirdi ki, İsa bəylə Üzeyir bəy yaxın dost imişlər. Üzeyir bəy onlara gələndə maraq göstərdiyinə görə dirijor çubuğunu İsa bəyin oğlu Süleymana verirmiş ki, saxlasın, sabah gəlib götürəcək, amma sındırmasın. Əlikram müəllim deyirdi ki, İsa bəy 1937-ci ilə qədər sağ imiş, onları 31 dekabr 1937-ci ildə tutublar. O, Bakının daşnaklardan təmizlənməsində fəal iştirak etdiyinə görə ittiham olunaraq güllələnmişdir.
Əlikram müəllim yazıçı Çingiz Hüseynovun qardaşı olmağından qürur duyurdu.

***
Moskvada yaşayan digər yazıçılarımızdan biri də Fəthi Xoşgnabi idi. Biz onun vaxtilə nəşr olunmuş "İki qardaş", "Ata" romanlarını bir kitabda çap etməyi planlaşdırmışdıq. Doğrusu, indi o əsərlərin məzmununu xatırlamaqda çətinlik çəkirəm. Amma bilirdim ki, Fəthi Həmzə Əli oğlu Xoşgnabi Cənubi Azərbaycanın Xoşgnab kəndində doğulmuşdur. "21 Azər" inqilabının fəallarından olmuş, 1946-cı ilin dekabrından keçmiş Sovetlər İttifaqında mühacir həyatı yaşamışdır. Moskvada İctimai Elmlər Akademiyasının aspiranturasını bitirmişdi.
Həyatda onu bircə dəfə "Yazıçı" nəşriyyatında gördüm. Nəşrə hazırladığımız kitaba görə gəlmişdi. Ucaboy, yaraşıqlı bir kişiydi. Yadımdadı, biz ondan kitabında çap etmək üçün bir şəkil istəmişdik, o da makinada yazdığı kiçik məktubla redaksiyaya iki şəkil göndərmişdi. Bu günə qədər şəxsi arxivimdə saxladığım həmin məktubda F.Xoşgnabi yazırdı:
"Əziz və hörmətli Mustafa müəllim!
Şaxtalı Moskvadan atəşin salamlar! İki şəkil göndərdim. Bir-birindən gözəl! "İyidin adını eşit, üzünü görmə!" Şəkillərə baxan kimi sizin başınıza gələn fikir bundan ibarət olacaqdır: Neyləmək, "Bərge səbz əst töhfeye dərviş".
Salamlarımı təkrar etməklə çəkdiyiniz zəhmətlər üçün sizə səmimiyyətlə təşəkkür eləyirəm.

Hörmətlə: Həmzə
25.XI.88".
Təəssüf ki, 1989-cu ildə Fəthi Xoşgnabinin vəfatı xəbərini aldıq. Yanılmıramsa, ilk nəşrlərindən iyirmi doqquz il keçən "Ata. İki qardaş" kitabının təkrar nəşrini görmək ona qismət olmadı. Kitabına görə ona çatacaq qonorarı isə, poçt vasitəsilə arvadının aldığı dəqiq yadımdadır.

***
Əziz dostum yazıçı-dramaturq Əli Əmirli ilə də nəsr redaksiyasında tanış olmuşdum. Onun "Axirətdən qabaq gəzinti" romanı 1989-cu ilin planında idi və çap üçün hazırlanırdı. O zaman o, demək olar, nəsr əsərlərinin əksərini səbir və həvəslə səhnələşdirirdi. Məhz bu mütəmadi məşğulolma nəticədə onun istedadlı dramaturq kimi tanınmasına səbəb oldu. Əli Əmirli zaman keçdikcə nəsr əsərlərini səhnələşdirmə işindən vaz keçib müstəqil pyeslər yazmağa başladı və çox böyük uğurlar qazandı.
88-ci ildən başlayaraq respublikada baş verən ictimai-siyasi hadisələri yaxından müşahidə elən Əli Əmirli, necə deyərlər, isti-isti, Azadlıq hərəkatının inkişaf edərək hansı nəticə ilə sonuclanacağını gözləmədən "Meydan" adlı maraqlı bir roman yazmışdı. Biz də elə isti-isti bu romanı nəşriyyatın tematik planına salmışdıq. Təəssüf ki, respublikadakı fasiləsiz mitinqlər, tətillər nəşriyyatlara, "Azərkitab", "Kəndkitab" kimi sifarişçi kitab ticarəti təşkilatlarının səmərəli fəaliyyət göstərməsinə də mənfi təsir göstərirdi. Buna görə də bir çox kitablar kimi Əli Əmirlinin "Meydan" romanı da maliyyə çatışmazlığından nəşr olunmadı. Yaxşı ki, bu dəyərli roman o zaman "Azərbaycan" jurnalında dərc edildi.

***
Mən əyalətdə yaşayan tək-tük yazıçılarımıza qayğı ilə yanaşırdım. Onların izafi xərcə düşməməsi üçün nəşriyyatın qovluğunda olan əsərlərinin vəziyyəti, plana düşüb-düşməməsi, istehsalatdakı vəziyyəti barədə məktub yazıb göndərirdim. O zaman paytaxtı tərk edib Lənkəranda yaşayan dəyərli yazıçımız Əlisa Nicatın "Gəncəli müdrik" əsərini "Azərbaycan romanı" seriyasından plana salmışdıq. Bodenştedtin "xeyirxahlığı" üzündən ədəbi taleyi gətirməmiş şair Mirzə Şəfi Vazehin həyatından bəhs edən bu romanı özüm oxumuşdum. Bəzi suallarıma cavab verməsi və xırda-para düzəlişlərimlə tanış olması üçün Əlisa Nicata məktub göndərmişdim. O vaxta qədər Əlisa Nicatın "Tarixin sübh çağı", "Qızılbaşlar", "Qəbilə başçısı" kitablarını oxumuşdum. Onun əsərlərində bir oxucu kimi bəhrələnməli çox dəyərlər vardı.
Məktubu alan kimi Əlisa Nicat Bakıya, "Yazıçı" nəşriyyatına gəlmişdi. Onunla oxu prosesində ortaya çıxan sualları həll etdik, düzəlişlərlə tanış olub razı qaldı. Bu onun mənə bağışladığı kitabındakı avtoqrafından da görünür. "Zövqünə dərindən hörmət etdiyim, ilk romanlarını hədsiz intizarla gözlədiyim və bütün yazılarıma redaktor olmasını arzuladığım yazıçı dostum Mustafa Çəmənliyə hörmətlə. Əlisa Nicat. 14.02.1990".

(ardı gələn şənbə sayımızda)