adalet.az header logo
  • Bakı 20°C

ÖLMƏZ KAŞEY

6655 | 2017-02-25 00:17
Mən Kaşeyi hələ eee... 17-ci ildən əvvəl tanıyırdım. Kəndxuda idi, məzlumların dərisini soyurdu. Şura hökuməti gələndə yoxa çıxdı.
Günlərin birindəməni çağırdılar enkevedeyə. İçəri girəndə qədəmlərim tutuldu. O, Kaşey əynində meşen pencək oturmuşdu stolun arxasında:
- Həə, Sovet hökumətinə badalaq gələn köpəy oğlu sənsən?
- Vallah, mən heç kəsə badalaq-zad gəlməmişəm.
- Sən bolşevik partiyasının, Sovet hökumətinin, bütün xalqın düşmənisən, - deyə Kaşey düyməni basdı. İçəri girən kamvoya əmr elədi - Sibirə!
Göndərdilər ora. Müharibədən azca qabaq buraxılıb, evə qayıtdım. Müharibə başlayanda apardılar cəbhəyə. O nemes mənim, bu nemes sənin, qıra-qıra, qırıla-qırıla Berdinə tərəf gedirdik. Bir gün dedilər ki, bəs rota komandiri səni çağırır. Yeraltı qazmaya girəndə elə bil başıma "Misserşmidt" bomba tökdü. Kaşey qanlı-qanlı üzümə baxırdı:
- Həə, köhnə əclaf...
Sözünü qurtarmamış mərmilər guruldadı. Yer-göy bir-birinə qarışdı. Huşumu itirdim və ayılanda gördüm ki, əsir düşərgəsindəyəm. Gün keçdi, ay dolandı, dedilər düş qabağımıza, səni oberleytenant çağırır. Getdim. Gördüm yenə Kaşey...
Müharibədən sonra iş axtardım. Bir gün tapdım. Rəisin otağına girəndə gördüm Kaşey...
Bir gün mən də kommunist olmaq istədim. Sənəd-sünədlərimi düzəldib verdim... ora. Büroya girəndə gördüm başda oturan mənə tanış gəlir. Baxdım, baxdım, gördüm Kaşey...
Putça gəldi, gördüm Kaşey, putça getdi, gördüm Kaşey. Sov.İKP ləğv olunanda rahat nəfəs aldım. Daha dedim bu Kaşeylə qabaqlaşmaram.
Getdim təzə idarəyə ki, mənə bir az pensiyadan-zaddan verələr. Dedilər get yuxarılara. Getdim ora. Gördüm Kaşey...
- Həə, kommunist tör-töküntüsü, sən hələ sağsan? Sən hələ bu xalqın, bu ictimaiyyətin yaxasından əl çəkməmisən? Adə, sən ki, xalis marksistsən. Sən ki, leninizmin ən fəal təbliğatçılarından birisən. Rədd ol!
Rədd oldum. Axşamüstü küçədə gözümə bir qaraltı dəydi. Kimsə divarlara vərəqələr yapışdırırdı. Özümü saxlaya bilməyib bir-ikisini oxudum: "Sov.İKP-yə eşq olsun!", "Marksizm-leninizm bayrağı altında kommunizmin təntənəsinə doğru irəli!" Vay, dədə, vay! Ə, bunlar yenə gəldilər. Yenə gizli təşkilatlar, vərəqələr.
Birdən elə bil yuxudan ayıldım.
Həmin adamın arxasınca götürüldüm. Çatan kimi boynundan yapışıb, yerə yıxdım.
- Dayan, köpək oğlu! Yenə başlamısınız? - deyə üz-gözünü yumruqladım.
Başladıq palçığın içində süpürləşməyə. Gördüm o yandan bir maşın gəlir. Əl elədim ki, saxla. Saxladı. Bir dəstə adam düşdü.
- Bax, bu köpəy oğlu...
Söz ağzımda qaldı. Gördüm bayaqdan bəri süpürləşdiyim Kaşeydi. Üz-gözünün palçığını təmizləyə-təmizləyə onlara dedi:
- Bu əclafı 17-ci ildən əvvəl də tanıyırdım, sonra da. Gördüm divarlara vərəqə yapışdırır. Bu bolşeviklərin kökünü kəsmək lazımdır. Yoxsa yenə qırmızı terror, Sibir, satqınlıq, durğunluq, perestroyka, nə bili mnə? Aparın!
Sən demə, maşınla gələnlər "onlar" imişlər. Apardılar.
İndi qaranlıq kamerada oturub istintaqı gözləyirəm. Bayaq dustaqlardan biri dedi ki, kəlmeyi-şəhadətini oxu. Soruşdum niyə? Dedi ki, sənin işini bilirsən kim aparacaq?
- ...
- Kaşey!
Kaşey bəy, yoldaş Kaşey, tovariş komandir Kaşey, oberleytenant Kaşey, katib Kaşey, indi də belə Kaşey... Oturub yenə onu, ölməz Kaşeyi gözləyirəm...

TƏQVİM / ARXİV