adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Bizi özümüzdən qoru, Allah!

FƏRİDƏ RƏHİMLİ
47978 | 2017-02-25 09:06
İndi-indi sevinirik ki, Xocalı soyqırımını tanımaq, görmək istəməyən dünyaya illər sonra məcburən, yalvar-yaxarla, and-amanla tanıda bilirik. İndi də sapı özümüzdən olan baltalar öz ağacımızı baltalamağa cəhd göstərirlər. Dünyanın sübutlar qarşısında qəbul etməyə məcbur olduğu bu soyqırımı özümüzünkülərin etdiyini söyləyən "qəhrəmanlar" peyda olub. Məqsədləri nədir, bilmirəm, amma adları birmənalı olaraq "vətən xaini"dir onların.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi. Nəticədə günahsız insanlar vəhşicəsinə öldürüldü, evləri yandırıldı, insanların mal-mülkü talan edildi, qadınlar, qocalar təhqir olundu, Xocalının sağ qalan sakinləri Ağdama qaçdılar...
Xocalı Soyqırımı bütün dünyanı dəhşətə gətirən bir cinayətdir. Erməni hakimiyyəti bu soyqırımı rədd etməyə çalışsa da, bunun dəhşətli bir cinayət olduğunu sübut edən, çoxsaylı və danılmaz faktlar mövcuddur. Xocalı soyqırımı ilə bağlı tarixi faktlardan danışanlardan biri (Femida.az-a istinadən) həmin dəhşətli günün canlı şahidi olan, əslən erməni yazıçı-jurnalist Daud Xeyriyandır. O, erməni vəhşiliyini gözü ilə görən və bununla bağlı tarixi kitab yazan yazıçıdır.
Daud Mansur Xeyriyan 1942-ci ildə Beyrutda anadan olan ermənidir. 1992-ci ildə müharibənin qızğın vaxtlarında o jurnalist kimi Qarabağa yollanır. 1993-cü ilin oktyabrında Beyruta qayıdır və orada "Xeyriyanın qeydləri" adlı yazıları "Eş-şərq" (Şərq) nəşrində çap edilir. Daha sonra həmin faktlardan ibarət, ermənilərin törətdiyi bu dəhşətli cinayətləri sübut edən "Vo imə Kresta" (Xaç naminə ) adlı kitab 2000-ci ildə Livanın paytaxtı Beyrutda çap edilib. İlkin versiyada kitab ərəb və erməni dilində çap edilib. Bu kitabın çapından sonra erməni lobbisi onun yayılmasının qarşısını almaq üçün bütün imkanlardan istifadə etdi. Maraqlı və təəssüf olunası bir məqam da var ki, həmin kitab Azərbaycanda hələ də yoxdur. Kitabın 19-cu səhifəsindən 76-cı səhifəsinə kimi ermənilərin Qarabağ müharibəsi illərində törətdiyi vəhşiliklərdən bəhs edilir. Erməni müəllif kitabında yazır: "Biz Xaçaturyanla gəlirdik. Birdən pəncərədən zirzəmiyə baxanda gördük ki, bizim əsgərlər dirsəklərindən qan axan uşağı oraya gətirir. Uşaq səs-küy salmırdı. Sakit dayanmışdı. Xaçaturyan onun ölmüş anasının döşünü kəsib, uşağın ağzına soxdu və dedi ki, türklərin əcdadları illər öncə bizim uşaqlarımıza belə əzab verib. Daha sonra, mən onun sinə hissəsindən dərisini və qarnını soydum. O, 7 dəqiqədən sonra, qan itirmədən öldü. Mən bu hərəkəti edən zaman həzz alırdıq. Baxmayaraq ki, bizim qarşımızda balaca uşaq idi. Bütün bu olanlar onun gözünün qarşısında olurdu. Buna baxmayaraq, mən peşman deyildim. Ona görə ki, öz xalqımın qisasını almış oldum."
Daha sonra erməni müəllif daha dəhşətli cinayət faktlarını etiraf edir: "Xaçaturyan daha sonra, həmin uşağın bədənini hissələrə bölüb, itlərə atdı. Həmin gecə daha 3 türkü biz bu yolla cəzalandırdıq. Mən və Xaçaturyan bir erməni vətəndaşı olaraq, öz borcumuzu yerinə yetiridik. Bu hadisədən sonra Xaçaturyanın gözlərinə diqqətlə baxdım. Onun gözlərində qələbənin və sevincin qığılcımları saçırdı."
Həmin kitabın 26-cı səhifəsində: "Şaxtalı səhər idi. Hava həddindən artıq soyuq idi. Bizə göstəriş gəldi ki, Daşbulağa getmək lazımdır. Amma yol palçıqlı olduğu üçün keçmək mümkün deyildi. Komandir göstəriş verdi ki, öldürülən türklərin meyidlərindən körpü düzəldin və bataqlıq hissəni o cür keçin. Mən meyidləri daşımaq istəmirdim. Çünki, içimdə bir qorxu yaranmışdı. Onda polkovnik-leytenant Aqanyan mənə bir işarə verdi ki, mən qorxmayam. O deyirdi ki, bu müharibənin qanunlarından biridir. Ondan sonra mən təxminən 9-11 yaşlı bir qızın meyidinin sinəsinə ayağımı qoyub, keçdim. O, təzə öldüyü üçün başından və qarnından qan axırdı. Biz meyidləri daşıyıb, palçıqlı yola tökürdük ki, oradan keçə bilək. Ona görə, mənim bütün paltarım, çəkmələrim və saçım belə qana bulaşmışdı. O zaman 1200 meyiddən körpü kimi istifadə edildi. Mən təxminən o qədər meyid gördüm.
Daha sonra erməni yazar Daud kitabın 63-cü səhifəsində yazır:
"...Mart ayının 2-də "Qaflan" adlı erməni qrupu alçaq monqollardan (red- türkləri nəzərdə tutub) təxminən 2000-ə qədər meyit yığdı və onları ayrılıqda Xocalıdan bir neçə kilometr qərbdə yandırdı."
Kitabın ən dəhşətli və qandonduran hissələrindən biri də, 10 yaşlı bir qızın başına gətirilən dəhşətli bir cinayətlə bağlı olan bölümdür. Səhifə 63-də müəllif yazır: "Sonuncu yük maşınında təxminən 10 yaşlarında olan qız var idi. O, boynundan və əlindən yaralanmışdı. Yarası çox ağır idi. Amma o yavaş-yavaş nəfəs alırdı. Hava çox soyuq idi. Güclü şaxta var idi. Bu qədər yarasına baxmayaraq uşaq hələ də yaşayırdı. Həyatımda heç vaxt unutmayacağım bir hadisə ilə rastlaşdım. Heç vaxt o uşağın ölümlə mübarizə aparan gözlərini unutmayacağam. Bir az keçdikdən sonra, Tiqranyan adlı əsgər onu qulağından tutaraq mazutlanmış leş yığınına tərəf sürüdü və daha sonra onları yandırdılar. Orada bir nəfər qışqıraraq, kömək istəyirdi, yalvarırdı. O, qədər həyəcan keçirmişdim ki, yeriyə bilmirdim.
Ancaq mən bütün müqəddəslər tərəfindən lənətlənmiş türkləri qırmaq və Şuşanı azad etmək istəyirdim. Ona görə də mən qayıtdım. Onlar isə özlərinin "Xaç naminə " yürüşlərini davam etdirdilər".
Erməni müəllifin yazdığı tarixi faktlardan da məlum olduğu kimi, Xocalıda Azərbaycan türklərinə qarşı misli görünməyən bir soyqırım törədilib. Dünyada baş verən müharibələrin heç birində görülməyən vəhşilik məhz Xocalıda, ermənilər tərəfindən törədilib. Xocalı Soyqırımı zamanı 613 insan həlak olub, onlardan 63ü- uşaq; 106- sı - qadın; 70-i - qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb. Girov götürülən insanların sayı - 1275 , İtkin düşənlərin sayı - 150 nəfərdir.
Erməni cinayətlərini özündə əks etdirən Xocalı Soyqırımı dəhşətlərinin qeyd olunduğu, ən əsası müəllifi erməni olan "Vo imə Kresta" kitabından faktları təqdim edir. Serj Sərkisyan hələ 2000-ci il dekabrın 15-də britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibədə XX əsrin ən böyük insanlıq cinayətlərindən olan Xocalı soyqırımının müəlliflərinin ünvanını açıq şəkildə göstərib: "Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu"...
Zori Balayanın kitabındakı dəhşətli faktları da bunlara əlavə etsək, o zaman "Xocalı soyqırımın azərbaycanlılar törədib" deyən şəxslərin hansı məzhəbə qulluq etdiyi aydındır. Allah bizi öz bədhaxlarımızdan qorusun! Ölünü qoyub, dirini ağlamaq budu!

TƏQVİM / ARXİV