adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Fevral 2017 00:22
4021
GÜNDƏM
A- A+

İNKİŞAFIMIZIN PARLAQ TƏNTƏNƏSİ

Əvvəllər daha çox təbiət gözəlliklərinə görə diqqət çəkən Qax rayonu, artıq sürətli inkişaf nəticəsində modernləşən bir məkana çevrilməkdədir. Təbii prosesdir. Ölkədə gedən quruculuq işləri, Dövlət Proqramlarının uğurlu icrası məhz Qax rayonu üçün də arzulanan təntənə bəxş etmişdir. Bu səbəbdən də bütün qaxlılar həmişə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdar olduqlarını bildirirlər. Rayonun daha mükəmməl inkişaf perspektivi sözsüz ki, iqtisadi yüksəliş və turizm potensialları üzərində qurulur. Elə 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat iclasında da bu məqam xüsusi vurğulanmışdır.
Hesabat yığıncağında Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev məruzə ilə çıxış etmiş, görülmüş işlər barədə digər çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, 2016-cı ildə Qax rayonunda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən 2016-cı ildə rayon üzrə məhsulun ümumi buraxılışı 109 milyon 886 min manat olmuşdur ki, bu da ötən illə müqayisədə 20.9% çoxdur. Məhsulun ümumi buraxılışının tərkibində sənaye məhsulu istehsalı 20 milyon 356 min manat, ötən illə müqayisədə 2.9 dəfə çox, kənd təsərrüfatı məhsulu istehsalı 44 milyon 371 min manat və ya 3.7% çox, tikintidə 11 milyon 268 min manat və ya 4.9% az, nəqliyyatda 2 milyon 247 min manat və ya 3.5% çox, rabitədə 979 min manat və ya 2.7% çox, ticarətdə 30 milyon 665 min manat və ya 17.9% çox olmuşdur. Əhalinin gəlirləri 133 milyon 500 min manat, ötən illə müqayisədə 403 min manat çox olmuşdur.
2016-cı il ərzində rayon üzrə büdcəyə 3 milyon 500 min manat proqnoza qarşı 3 milyon 601 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 102.9 faizini təşkil etmiş və 101 min manat çoxdur.
Hesabat dövründə 547 yeni iş yeri açılmışdır ki, bu da ötən illə müqayisədə 221 iş yeri çoxdur. Rayon üzrə orta əmək haqqı 233.2 manat olmuşdur.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2016-cı ildə rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə sənaye məhsulları istehsalı üzrə 4 nəfər, kənd təsərrüfatı məhsulları istehsalı üzrə isə 58 nəfər olmaqla ümumilkdə 62 sahibkara 550 min manat güzəştli kreditlər verilmişdir. Verilmiş kreditlərin hesabına 100 yeni iş yeri yaradılmışdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında ölkə başçısı proqram xarakterli çıxışlarında rayon İcra Hakimiyyətləri qarşısında mühüm vəzifələr qoymuşdur. Yerli icra strukturlarına verilmiş tapşırıqların icrası məqsədilə hesabat ilində rayonda geniş "Tədbirlər Planı" tərtib olunmuşdur. Tədbirlər planına əsasən rayonda bütün sahələr üzrə müvafiq işlərin həyata keçirilməsi əsasən də kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsi nəzərdə tutulmuşdur.
"Tədbirlər Planı"nda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində hesabat ilində bir sıra işlər görülmüşdür. Belə ki, 2016-cü ilin məhsulu üçün əkilmiş 12890 hektar payızlıq taxıl, o cümlədən 8300 hektar buğda, 4590 hektar arpa sahələrindən rayonun tarixində ilk dəfə olaraq rekord miqdarda, yəni 36,4 min ton payızlıq dənlilər istehsal olunmuşdur ki, bu bu da ötən ildəkindən 7.8 min ton çoxdur. Tələb olunan bir sıra aqrotexniki tədbirlərin həyata keçirilməsinə daha ciddi yanaşılması, eləcə də hava şəraitinin əlverişli keçməsi nəticəsində payızlıq dənlilərin məhsuldarlığı ötən illə müqayisədə 1.9 sentner artaraq 28.2 sentner təşkil etmişdir. Hər hektardan 29.7 sentner buğda məhsulu, 25.7 sentner arpa məhsulu götürülmüşdür. 2017-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini əvvəlki təsərrüfat ilinə nisbətən hesabat ilində 978 hektar artırılaraq 13868 hektara çatdırılmışdır. Ötən il 1311 hektar qarğıdalı sahəsindən 8130 ton məhsul tədarük edilmişdir. Orta məhsuldarlıq 62 sentner təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 24.7 sentner çoxdur.
Hesabat ilində rayon üçün ənənəvi olan tütünçülük və baramaçılıq sahələrinin inkişaf etdirilməsinə xüsusı diqqət verilərək 331 ha sahədə tütün əkini aparılmış, 3230 ton yaşıl tütün yarpağı tədarük olunmuş, eyni zamanda 3884 kq yüksək keyfiyyətli barama təhvil verilmişdir. Yaxın gələcəkdə baramaçılığın yem bazasının gücləndirilməsi məqsədilə 1000 m2 sahədə tut toxumu səpini aparılmış, normal bitiş alınmışdır. Eyni zamanda inzibati ərazi dairələrndə 35200 ədəd, rayon Damazlıq İpəkçilik Stansiyası tərəfindən isə 20000 ədəd olmaqla cəmi 55200 ədəd tut tinginin əkilməsi təmin olunmuşdur.
Dövlət başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin icrası təmin olunmuş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara ciddi əməl olunmaqla və lazımi sənədlərin tərtibatı təmin edilməklə 2007-ci ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına 8.1 milyon manat, o cümlədən 2016-cü ildə 1 milyon 10 min manat məbləğində yardım verilmişdir.
Hesabat ilində rayonun iqtisadiyyatında mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə xüsusi diqqət verilmiş və aparılan məqsədyönlü tədbirlər nəticəsində mühüm uğurlar əldə edilmişdir. 01 yanvar 2017-cü il tarixə rayonda 22881 baş iribuynuzlu mal, o cümlədən 11883 baş ana mal, 66777 baş qoyun-keçi, 100361 müxtəlif növ ev quşları və 8724 arı ailəsi mövcud olmuşdur. Mövcud mal-qaranın yemə olan təlabatının ödənilməsi məqsədilə hər bir ərazidə örüş sahələrı ayrılmış, qoyunçuluqla məşğul olan hüquqi və fiziki şəxslərə təsərrüfatlarını saxlamaq üçün 13.1 min hektar qışlaq və 8.4 min hektar yaylaq sahəsi icarəyə verilmişdir. Mal-qara arasında qısırlıq hallarının minimuma endirilməsi, fərdi təsərrüfatlarda olan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlıq keyfiyyətlərinin yüksəldilməsi üçün süni mayalanmanın tətbiqi diqqət mərkəzində saxlanılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalının da intensiv artımı təmin olunmuş, nəticə etibarı ilə 2015-cü illə müqayisədə ət istehsalı 7.2 ton artaraq 3012.4 tona, süd istehsalı 79.6 ton artaraq 15936.3 tona, yumurta istehsalı 14 min ədəd artaraq 7 milyon 883 min ədədə, yun istehsalı 0.1 ton artaraq 126.8 tona çatmışdır.

(ardı gələn sayımızda)