adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Fevral 2017 11:38
6707
GÜNDƏM
A- A+

Bakı-Tbilisi-Qars dəmir yolu - Azərbaycanın önəmini artıran faktor

Bu il istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu artıq əksər beynəlxalq səviyyəli danışıqların müzakirə mövzusuna çevrilib. Son olaraq Prezidenti İlham Əliyevin fevralın 23-də Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşündə bu məsələ gündəmə gəlib.
Tərəflərin müzakirəsində Azərbaycan ilə Avropa Komissiyası arasında enerji məsələləri ilə yanaşı, nəqliyyat dəhlizləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Yeni Asiya-Avropa nəqliyyat dəhlizindən istifadə imkanlarından danışan Maroş Şevçoviç Avropa şirkətlərinin bu layihəyə cəlb olunmasının və bu məsələdə Avropa Komissiyasının mümkün dəstəyinin əhəmiyyətini vurğulayıb.

Görünən odur ki, yeni dəmiryolu xəttindən təkcə 3 tərəfdaş ölkənin deyil, beynəlxalq qurumların da gözləntiləri az deyil.

Bəs, görəsən Bakı-Tbilisi-Qars dəmiryolu xətinin Gürcüstan hissəsində işlər nə yerdədir? Xəttin tam şəkildə istismara verilməsi nə zaman baş tutacaq?

Bu barədə "Yeni Müsavat”ın suallarını cavablandıran "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirdi ki, təmsil etdiyi qurum müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də ciddi yanaşır: "Bu yöndə XXI əsrin əsas tikintilərindən olan və təkcə üç ölkəni deyil, həmçinin onlarla ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Bu il bağlantının istismara verilməsi gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Gürcüstan hissəsində 183 km-in 153 kilometrində, yəni Marabda-Axalkalaki sahəsində reabilitasiya, rekostruksiya və tikinti işləri, 30 kilometrində, yəni Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) sahəsində isə tikinti işləri aparılıb.

S.Qədirova onu da bildirdi ki, artıq bəzi sınaqların keçirilməsinə başlanılıb:"Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi qatarların dizel ilə işləyən lokomotivlərlə bir neçə dəfə sınağı keçirilib. İşçi qatarları müntəzəm hərəkətdədir. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilirlər. Bu yaxınlarda Axalkalaki stansiyasındakı yüklü vaqonun təkər arabacıqlarının dəyişmə və iritonnajlı konteynerin vaqondan-vaqona götürülüb-qoyulması məntəqələrində qurğular uğurla sınaqdan keçirilib, sahə üzrə tamamlama işləri aparılır. Sərhəddə tikilən 4450 metr uzunluğunda tunelin Gürcüstan hissəsinə düşən 2070 metrində qazma işləri başa çatdırılıb, betonlama işlərinin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur”.


Sevinc Qədirovanın sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atdı:"Bu xəttin gətirə biləcəyi bütün iqtisadi dayaqlarla yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir”.
Xatırladaq ki, 21 noyabr 2007-ci ildə Gürcüstanın Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı - Tbilisi - Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 24 iyul 2008-ci ildə isə Türkiyənin Qars şəhərində Bakı - Tbilisi - Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilib. Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yükün daşınması mümkün olacaq.


Mətbuat xidməti rəhbərinin sözlərinə görə, gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin "Stadler” şirkətinə 30 ədəd yataq tipli müasir vaqon sifariş edib.


Qeyd edək ki, bu günlərdə Bakı-Tiflis- Qars dəmir yolu layihəsinin önəmi bir çox mötəbər tədbirlərdə vurğulanıb. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili 53-cü Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazda regional əməkdaşlıq mövzusunda müzakirələr çərçivəsində bildirib ki, bu xəttin tikintisi Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir.