adalet.az header logo
  • Bakı 20°C
24 Fevral 2017 13:19
6613
ELM VƏ TƏHSİL
A- A+

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir

Fevralın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib, faciə qurbanlarının xatirəsi anılıb.

Adalet.az xəbər verir ki, tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov mənfur ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərdən danışıb. Rektor əvəzi bildirib ki, Xocalı soyqırımı XX əsrdə bu regionda baş verən ən dəhşətlifaciədir. Xalıq Yahudov Azərbaycanın siyasi və diplomatik uğurlarına diqqət çəkərək qeyd edib ki, beynəlxalq güclərin ölkəmizə qarşı ikili yanaşmasına rəğmən bu gün dünyanın bir çox ölkəsi Xocalıda baş verən dəhşətli qətliamı soyqırımı kimi tanıyıb və bununla bağlı rəsmi sənədlər qəbul olunub. Vurğulanıb ki, bunun bariz nümunəsi kimi Xocalıda baş verənləri Azərbaycandan başqa, tam səviyyədə soyqırımı olaraq Pakistan və Sudan dövlətləri də tanıyır.

AzTU-nun İctimai fənlər kafedrasının baş müəllimi Arif İbrahimovsa tədbir iştirakçılarına qətliamın tarixi aspektləri haqqında danışıb. Çıxışda bildirilib ki, Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı böyük bir cinayətin, qəsbkarlığın göstəricisidir. Arif İbrahimov qeyd edib ki, tarixə qanla yazılan Xocalı faciəsi heç zaman unudulmayacaq.

Xocalı sakini, Xəzər rayon icra nümayəndəsi Allahverdi İmanov tədbir iştirakçılarına şahidi olduğu həmin gecənin görünməyən dəhşət olduğunu bildirib. Allahverdi İmanov Xocalıya hücum zamanı əhalinin ən vacib əşyalarını belə götürməyə imkan tapmadığını deyib. Bildirilib ki, əksəriyyət yüngül geyimdə qaçmağa məcbur qaldığı üçün sərt qışın soyuğuna tab gətirə bilməyib müxtəlif dərəcəli donvurmanın qurbanına çevriliblər.

O, qeyd edib ki, Xocalı sakinlərinin təxliyəsi üçün yaradılan sözdə "azad dəhliz”də pusqu quran ermənilərin niyyəti hər kəsi bir nəfər kimi öldürmək olub. Mənfur düşmən buna nail ola bilməsə də soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
AzTU-nun tələbəsi Ziya Bayramovsa çıxışında bildirib ki, onun yaşıdları bu bəşəri cinayətin şahidi olmasalar da qətliamın miqyası və dəhşəti Xocalı haqqında tam məlumatın əldə olunmasına, soyqırımı olaraq qəbul edilməsinə birmənalı şəkildə imkan verir.

Sonda Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya və sənədli film nümayiş olunub.