adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Fevral 2017 12:09
64370
ƏDƏBİYYAT
A- A+

Azərbaycanın ən qədim kitabxanaları

Xətib Təbrizinin şəxsi kitabxanası

Azərbaycan kitabının inkişafında misilsiz xidmətləri olmuş şəxsiyyətlərdən biri Xətib Təbrizidir. Təbrizinin Təbrizdə zəngin şəxsi kitabxanası olmuşdur. O, Azərbaycan alimi Əbu Mənsur Məhəmməd Əl-Əzhərinin  "Təhzibül-lüğə” ("Dilin təmizlənməsi”) kitabını tədqiq edərkən kitabda rastlaşdığı bəzi çətin məsələləri araşdırmaq üçün, həmin kitabı özü ilə götürüb ərəb filosofu Əbül-Üla Müərrinin  yanına - Bağdada getmiş və ömrünün sonunadək Bağdadda yaşamış, orada da dəfn edilmişdir. İlk Azərbaycan ədəbiyyat nəzəriyyəçisi kimi tanınan X.Təbrizi Ə.Müərrinin yanına gedərkən hədiyyə olaraq ərəb aliminə şəxsi kitabxanasından bir neçə kitab da aparmışdır. O, Bağdadda dəfn edilərkən həmin kitabların (17 adda) və bütün əsərlərinin sərgisi təşkil edilmişdir. Xətib bir müddət ərəb alimi Ə.Müərrinin yanında təhsil almış və sonralar Nizamülmülkün 1067-ci ildə təsis etdiyi "Nizamiyyə” mədrəsəsində çalışmışdır. O, burada ədəbiyyatdan dərs demiş, ədəbiyyat kafedrasına başçılıq etmiş və bu təhsil ocağının kitabxanasının müdiri olmuşdur.


Nəsrəddin Tusi və"Seyyidəna” kitabxanası

Azərbaycan və dünya kitab nümunələrinin toplanılıb gələcək nəsillərə ötürülməsində N.Tusinin əməyi də misilsizdir. Tarixi mənbələrdə qeyd edilir ki, Tusi Qəzvin şəhərinin şimalında tikilmiş Ələmuq qalasında iyirmi ildən artıq həbsdə olarkən burada Həsən Səbbah tərəfindən yaradılmış kitabxanasında müdir işləmişdir. Hülaki xanın göstərişi ilə 1256-cı ildə Tusi həbsdən azad olunmuşdur. Tusinin türk mənşəli olduğunu müəyyənləşdirəndən sonra Hülaki xan onu özünə baş məsləhətçi təyin etmişdir. Bundan sonra Tusi, Hülaki xanın əmri ilə tikdirdiyi Marağa rəsədxanasında kitabxana təşkil edib dünyanın müxtəlif ölkələrindən bura dörd yüz mindən çox kitab toplamışdır. Bu kitabların böyük bir qismi Bağdad, Şam, Əlcəzair, Mosul və digər şəhərlərdən toplanılmışdı. N.Tusi kitab irsinin himayədarı kimi daha iki təqdirəlayiq iş görmüşdür: Bunlardan biri 1258-ci ildə Bağdada yürüş edən Hülaki xanı xəlifə Mötəsim tərəfindən Bağdadda açılmış dini məktəbin kitabxanasında toplanılmış səksən min cild əlyazma kitabı yandırmaq fikrindən daşındırması olmuşdur. Digər xeyirxahlığı da yenə də Hülaki xanla bağlıdır. Belə ki, Hülaki xan Bağdadı fəth etdikdən sonra oranı kitabxanalarında saxlanılan kitablardan heyvanlar üçün axur və tövlə tikilməsində kərpic və daş materialları əvəzinə istifadə olunması barədə göstəriş vermiş, bu məqsəd üçün yaramayan kitabların Dəclə çayına tökülməsinə əmr vermişdir. Lakin Tusi onu bu dəfə də həmin bəd niyyətindən çəkindirə bilmişdir. Çox təəssüf ki, 1258-1261-ci illərdə tikilmiş kitabxanadan Tusinin yüz əsərinin hamısı bizə gəlib çatdığı halda, Marağa rəsədxanasındakı kitablardan əsər-əlamət qalmamışdır.


Rəşidəddin və"Rəşidiyyə” kitabxanası

XIII-XIV əsr Azərbaycan və dünya kitabının himayədarı kimi F.Rəşidəddinin adı xüsusilə qeyd edilir. O, Elxanilər dövlətinin baş vəziri işləmiş və dörd hökmdarın dövründə ölkənin mədəni həyatına, o cümlədən, təhsilin və kitab sərvətinin inkişafına rəhbərlik Rəşidəddinə tapşırılmışdı. O, Təbriz, Qazaniyyə və b. şəhərlərdə bir çox kitabxanalar təsis etdirmişdir. Özünün adı ilə adlandırılan, Təbrizin şimal-qərbində yerləşən Rəşidiyyə şəhərciyində iki kitabxana, eyni zamanda universitet və onun tərkibində bir kitabxana fəaliyyət göstərmişdir. Altmış mindən çox kitabı olan hər iki kitabxanaya, o cümlədən Azərbaycanın ilk universiteti sayılan "Rəşidiyyə” universitetinin kitabxanasına, şəhərin məscid və şəfa evi kitabxanasına kitablar Iran, Hindistan, Misir, Çin, Yunanıstan, Bizans və b. ölkələrdən toplanılmışdı. Bu kitablar arasında Azərbaycan müəlliflərinin kitabları da əsas yer tuturdu. Rəşidəddinin təşkil etdiyi zəngin kitabxanalar N.Tusinin açdığı kitabxanadan sonra ölkənin ikinci böyük elm ocağı hesab edilirdi. Kitab sərvətini qorumaq üçün Rəşidəddin öz himayəsində olan xəttatlara ən zəruri hesab etdiyi kitabların üzünü dəfələrlə köçürtdürüb ölkənin başqa kitabxanalarına göndərirdi ki, təbii fəlakətlər vaxtı xalqın kitab sərvəti itib-batmasın. Çox təəssüf ki, xainlərin xəyanət və yalan məlumatları nəticəsində Ulcaytu xanı zəhərləyib öldürməkdə müqəssir bilinərək Rəşidəddinin ölümünə fərman veriləndən sonra onun məktəbi, kitabxanası, kitab emalatxanası, dağıdılmış, avadanlığı qarət edilmişdir. Qiymətli kitabların bir qismi yandırılmış, bir qismi oğurlanmış və başqa ölkələrin kitabxanalarına daşınmışdır.


Kitabxanaların sonrakı inkişaf dövrü

Kitabçılığın inkişaf etdiyi orta əsrlərdən sonra Azərbaycanda artıq bir neçə növ - saray, dini, xüsusi elmi və şəxsi kitabxanalar mövcud idi. Saray kitabxanaları arasında Şirvanşahlar Sarayının kitabxanasını, Təbriz kitabxanalarını, Ağqoyunlu, Qaraqoyunlu və Səfəvilər dövlətlərinin saray kitabxanalarını qeyd etmək lazımdır. Saray kitabxanaları arasında XIV əsrdə Azərbaycanın görkəmli dövlət xadimi böyük sərkərdə Şah Ismayıl Xətai tərəfindən yaradılan Təbriz saray kitabxanası çox mühüm yer tuturdu. 1522-ci ildə Şah Ismayıl Xətai kitabxana işi haqqında dövlət fərmanı imzalamışdır. Bu dövrün dini kitabxanaları arasında Ərdəbildəki Şeyx Səfi rəsədxanasının kitabxanası, elmi kitabxanalar arasında isə fondunda 400 000-dən çox kitab olan Marağa rəsədxanasının kitabxanası xüsusilə mühüm yer tuturdu.
XIX əsrin 40-cı illərindən başlayaraq, Azərbaycanda yeni milli ictimai kitabxanalar, habelə bir çox görkəmli simaların şəxsi kitabxanaları meydana gəlməyə başladı. 1905-1907-ci illərdə Azərbaycan milli mədəniyyətinin inkişafı üçün çalışan ziyalılar, inqilabın təsiri altında xeyriyyə cəmiyyətləri təşkil edir, kitab nəşrini yaymağa çalışır,kitabxana və qiraətxanalar açırdılar.


Azərbaycan Demokratik Respublikası dövründə (1918-1920-ci illər) M.Ə.Sabir adına Kitabxana və Bakı Dövlət Universitetinin kitabxanası yaradıldı. 1920-ci ildə Azərbaycanda 965 məktəb kitabxanası vardı. Bakı və onun ətraf rayonlarında 50-yə yaxın, rayon və kəndlərdə isə 100-dən çox kitabxana fəaliyyət göstərirdi.