adalet.az header logo
  • Bakı 19°C
23 Fevral 2017 19:18
82779
MÜSAHİBƏ
A- A+

Cavanşir Paşazadə: “İslahatlar aparılmalıdır” - MÜSAHİBƏ

Millət vəkili Cavanşir Paşazadə "Ədalət” qəzetinə müsahibə verib. O, müsahibəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili, Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti seçilməsi, ABŞ və Rus generallarının Bakı görüşü və digər məsələlər barəsində danışıb. Müsahibəni sizə təqdim edirik.

-Cavanşir müəllim, ötən günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti seçildi. Bu təyinatla bağlı sizin fikirlərinizi bilmək istərdik.

- Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti seçilməsi təbii ki, çox düzgün bir qərardır. Mehriban Əliyevanın xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki Mehriban xanım fəaliyyəti dövründə hər zaman Azərbaycanın haqq səsini dünyaya tanıtmaq yönündə addımlar atıb. Prezident İlham Əliyevin yürütdüyü siyasətin ən güclü təbliğatçısıdır. Və eyni zamanda Azərbaycan mədəniyyətini, Xocalı soyqırımını dünya ictimaiyyətinə lazımi səviyyədə tanıdıb. Azərbaycan muğamı bu gün demək olar ki, bütün dünyada qəbul olunur. Muğamı sevə-sevə dinləyirlər. Bununla yanaşı bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi zamanı Mehriban xanımın əvəzsiz xidmətləri olub. "Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsini buna misal olaraq göstərmək olar. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olub. Təsadüfi deyil ki, bu il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban Əliyevaya həvalə edilib. Bu Oyunların Təşkilat Komitəsinin sədri də odur və hazırlıq işləri yüksək səviyyədə aparılır. Mən öz növbəmdə seçildiyim 75 saylı Lənkəran-Masallı seçki dairəsinin seçiciləri adından Mehriban xanımı təbrik edirəm.

-Birinci vitse-prezidentlik institutu Azərbaycanda yeni formalaşmış bir institutdur. Bu institut ölkəmizin inkişafına nə kimi töhfələr verəcək?

-Belə bir institutun formalaşdırılması zərurətdən irəli gəlir. Zamanın tələbidir. Bu idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından mühüm bir amildir. Məhz belə bir instituta Mehriban Əliyevanın rəhbərlik etməsi isə təqdirəlayiqdir. Konstitusiyaya edilən əlavə və dəyişiklərə görə, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə60 gün müddətindənövbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətləriniAzərbaycan RespublikasınınBirinci vitse-prezidentiicra edir. Konstitusiyada göstərilən 60 gün müddəti çox önəmlidir. Məlumdur ki, ölkədə və eləcə də regionda Azərbaycanı sevən qüvvələrlə yanaşı sevməyən qüvvələr də var. Bu qüvvələr hər bir vəziyyətdən istifadə edib hökumət çevrilişi və ya hansısa bir xoşagəlməz hadisələri törətməkdə maraqlıdırlar. Belə olan halda birinci vitse-prezident institutu hökumətin saxlanılmasını, mənfur istəkli insanların arzularının reallaşmamasını təmin edəcək.

-Cocuk Mərcanlı kəndinin yenidən qurulması istiqamətində işlər uğurla davam etdirilir. Şeyx həzrətləri ötən gün KİV-ə verdiyi açıqlamada Cocuk Mərcanlıda məscid tikiləcəyini deyib...

-Bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuk Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Artıq sərəncamdan irəli gələn işlərin icrasına başlanılıb. Çox mühüm işlər görülüb. Artıq Cocuk Mərcanlıda insanların rahat yaşaması üçün lazım olan bütün infrastruktur işləri həyata keçirilir. Ötən günlərdə Şeyx həzrətləri də Cocuk Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcəyini bildirib. Bu ideya cənab prezident İlham Əliyevə məxsusdur. Bu, təbii ki, gözəl hissdir.

-Bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərinin Cocuk Mərcanlıya səfəri təşkil olundu. Millət vəkili olaraq sizin və həmkarlarınızın Cocuk Mərcanlıya səfəri gözlənilirmi?

-İlk öncə onu qeyd edim ki, xarici ölkə səfirlərinin Cocuk Mərcanlıya səfəri çox müsbət bir addımdır. Bildiyiniz kimi, səfər Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilir.Ölkəmizdə fəaliyyət göstərən 55 diplomatın da Cocuk Mərcanlıya səfər etməsi, onların Cocuk Mərcanlının 5 ay erməni işğalında qaldığı dövrdə xarabalığa çevrildiyinin şahidi olması bir daha onu deməyə əsas verir ki, Ermənistan dövləti vandalizmlə, günahsız insanları qırmaqla məşğuldur. Bu eyni zamanda Azərbaycanın gücünü ortaya qoydu. Artıq onlar da bilirlər ki, Azərbaycan ordusu çox güclüdür. Hər zaman işğal altında olan torpaqları işğaldan azad etməyə qadirdir.

Millət vəkili kimi mənim və həmkarlarım da istədik bu səfər olsun. İnşallah yaxın günlərdə bu səfər reallaşar.

-Bir sıra qərb politoloqları deyir ki, Aprel döyüşləri təkrarlana bilər. Sizzcə bu mümkündürmü?

-Azərbaycan hər an işğal altında olan torpaqları düşmən işğalından azad etməyə qadirdir. Cənab Prezidentin də yürütdüyü siyasətin qayəsində bu dayanır. Azərbaycan tərəfi istəyir ki, bu problem sülh yolu ilə öz həllini tapsın. Ermənistan isə hələ gözləmə mövqeyindədir. Onlar sanki gözləyir ki, nəsə fövqəladə bir hadisə baş verəcək və Azərbaycan öz əzəli torpaqlarından vaz keçəcək. Ancaq bu heç cür mümkün deyil. Azərbaycan ən qısa vaxtda öz doğma torpaqlarına yiyələnəcək. Aprel döyüşləri də bunu göstərdi. Bu, Ermənistana bir siqnal idi. Eyni zamanda ora sərmayə yatıran şirkətlərə bir siqnal idi ki, o torpaqlar bizimdir. Hər an o torpaqları geri qaytara bilərik. Qaldı ki, Aprel hadisələrinin təkrarlanmasına... Mən deyərdim ki, əgər Ermənistan öz konstruktiv mövqeyindən geri çəkilməsə, öz bildiyini eləsə, Aprel döyüşləri təkrarlanacaq və ondan min qat ağır olacaq.

-ABŞ və Rusiya generallarının Bakı görüşü barəsində nə deyə bilərsiniz?

-Müstəqillik əldə edəndən sonra Heydər Əliyevin Azərbaycanda yaratdığı davamlı iqtisadiyyat İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində Azərbaycanın bütün sahələrdə uğur qazanmasına səbəb olub. İqtisadi artım, texnika və texnologiya sahəsində mühüm irəliləyişlər, təhsil, elm, eləcə də digər sahələrdə qısa vaxtda əldə edilən uğurlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanın qüdrəti artır. Eyni zamanda ölkəmizdə təhlükəsizliyin bərqərar olması, Azərbaycanın yerləşdiyi coğrafi məkanda ən etibarlı ölkə olması bu görüşün məhz Bakıda keçirilməsinə rəvac verən amillərdən biridir. Cənab prezident Münhen görüşlərində də bunu açıq-aydın bəyan etdi ki, Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur, heç bir ölkənin daxili işinə qarışmır. Artıq dünya da Azərbaycanın mövqeyini bilir. Belə olan halda artıq dünya dövlətləri Azərbaycanla məsləhətləşməyə, razılaşmağa başlayıb. Bakıda belə mühüm görüşlərin keçirilməsi Azərbaycan dövlətinə olan rəğbətdir. Bu, Azərbaycanın uğurudur və gələcək görüşlər üçün də böyük zəmin yaradır.

-Novruz bayramında ƏFV fərmanının olması gözlənilir...

-Prezident İlham Əliyev dünya liderləri arasında öz humanistliyi ilə seçilən liderlərdəndir. Novruz bayramında da biz dövlət başçısının növbəti humanist addımının şahidi olacağıq. Əfv fərmanının imzalanması artıq Azərbaycanda bir ənənə halını alıb. Çox gözəl bir ənənədir. Bu fərman bayram ərəfəsində bir çox ailəyə sevinc bəxş edəcək.

Bununla yanaşı mən bir məsələyə diqqət yetirmək istəyirəm. Ötən günlərdə prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Mən bunu dəstəkləyirəm. Bu sərəncam tarixi əhəmiyyətə malikdir. Azərbaycanda indiyə qədər cəza sisteminin humanistləşdirilməsi ilə bağlı bir sıra addımlar atılıb. Ölkə başçısı bununla bağlı ciddi qərarlar qəbul edib. Prezidentin imzaladığı sərəncam həmin sənədlərin davamıdır.

-Cavanşir müəllim, ancaq bir sıra qanunlarımızda ciddi boşluqlar var...

-Bəli, bu gün də bəzi qanunlarımız var ki, bu qanunlarda ciddi boşluqlar var. Hətta deyərdim ki, SSRİ-dən qalmış qanunlarla işləyirik. Baxın, bir gənc özü də bilməyərəkdən hər hansı bir cinayət törədir. Baş verən hadisədən sonra türmə həyatı yaşayır. İndi gəlin görək həmin şəxs türmədən sonra real həyata adaptasiya ola bilirmi? Xeyr. Həmin şəxsin həyatı artıq məhv olur. Düşünürəm ki, bu yöndə humanist qərarlar qəbul olunmalıdır, islahatlar aparılmalıdır. Sovet dövründə yoldaşlıq məhkəmələri var idi. Belə şeyləri təbliğ eləmək lazımdır. Başqa bir misal çəkim. Bizdə görünməyib ki, məhkəmələrdə özünü maşın altına atan sərnişin yox, sürücü haqlı çıxsın. Belə hal baş verməyib. Ancaq bir sıra ölkələrdə bu məsələlərlə bağlı qanunlar var və özünü maşın altına ataraq ölən və ya xəsarət alan piyada məsuliyyətə cəlb olunur. Götürək alkoqolizmi. Mən alkoqolizmlə bağlı qanunun sərtləşdirilməsinin tərəfdarıyam. Deməli, üstündə tapançası olan aydın məsələdir ki, maqazində olan güllələrin sayı qədər insanı öldürə və ya yaralaya bilər. Ən sonda həmin şəxs qarşısındakını vurub-vurmamaq yönündə düşünə bilər. Ancaq içki qəbul edib sükan arxasında oturan sürücü isə canlı bir bombadır. Bizdə isə belə sürücülər ilkin olaraq yüksək məbləğdə cərimələnir. Bəzən bu cərimələr də işə yaramır.

Yolda qalan polisi söyür. Biz də buna hərdən rast gəlirik. Polis nə siqaret çəkə bilir, nə otura bilir, nə dura bilir. Heç kimlə möhkəm danışa bilməz. Yayda elə qaralır ki, qışda da ağara bilmir. Bu ədalətdirmi? Gəlin Yol Polislərini şəhərə buraxmayaq. Görün onda tıxacla bağlı hansı vəziyyət yaranacaq. Yol müfəttişinin işi odur ki, maşını saxlasın, sənədləri yoxlasın. Onlar bizim düşmənimiz deyil ki, nə üçün bu bizə qıcıq verməlidir?

-Seçicilərinizlə görüşləriniz olur. Cavanşir Paşazadənin seçicilərinin nə kimi problemi var?

-Seçicilərlə görüşləri mütəmadi olaraq həyata keçiririk. Demək olar ki, əsas suallar vitse-prezidentlər kim olacaq, Yol Xəritəsi və kənd təsərrüfatı ilə bağlı olur. Bir vaxtlar yol infrastrukturu, qaz, işıqla bağlı problemlər yoxdur. Cənab Prezident Lənkəranda kənd yollarının tikintisinə və yenidən qurulması ilə bağlı 3 sərəncam imzalayıb. Hətta bu yolların açılışında özü şəxsən iştirak edib. Bu, cənab prezidentin Lənkəran camaatına olan hörməti idi.

-Seçicilərin problemləri nədən ibarətdir?

-Mən bunu tək öz seçicilərimə yox, bütün ölkədə yaşayanlara şamil edərdim ki, bu gün yerlərdə ən ciddi problem fərdi təsərrüfat sahiblərinin torpaqlardan səmərəli istifadə edə bilməməsidir. Fermerlər öz istehsal etdiyi məhsulları bazarlara çıxarmaqda çətinlik çəkirlər. Burda əsas yük Kənd Təsərrüfatı Nazirliyinin üstünə düşür. Acaq baxırsan ki, kəndçi istehsal etdiyi məhsulu bazara çıxaranda müəyyən problemlərlə üzləşir. Bazarlara baxırsan alverçilər bazarları zəbt ediblər. Kəndçi bazarın 30 metrliyinə belə yaxınlaşa bilmir. Kənarda duran alverçilər isə məhsulları çox ucuz qiymətə alırlar. Kəndçi də baxır ki, əkdiyi məhsuldan əldə etdiyi dəyər heç onun əziyyətini ödəmir. Bütün bunlarla bağlı sistemli iş aparılmalıdır. Bu sistem əvvəllər bizdə olub. Tədarük Mərkəzləri yaradılmalıdır. Kəndçi bilməlidir ki, kartofu əkəcəksə, ondan nə qədər gəlir götürəcək. Kəndçi üçün şərait yaradılmalıdır. Çox təəssüf ki, indi belə bir şərait yaradılmır. Bunu yaratmaq lazımdır.

-Son zamanlar cənubdan olan soydaşlarımızın Ermənistandan siyasi sığınacaq istəməsinə necə münasibət bildirərdiniz?

-Bu hər bölgədən ola bilər. Şahid adlı birisi çıxıb belə bəyan edib ki, talış dilində məktəb açılsın. Mən talışam. Bu dili gözəl bilirəm. Talış dilində kitab gətir oxuyum. Ancaq kitabda olanlar hansı elmə əsaslanacaq? Övladlarım indi ingilis dilini öyrənir. Mən onları ingilis dilində yox, talış dilində hazırlaşdırmalıyam? İndi cənub bölgəsində 18 yaşından aşağı olanlar heç bu dili bilmirlər. Bunu heç kim istəmir.


Ədil Ədilzadə