adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Fevral 2017 21:54
24715
ƏDƏBİYYAT
A- A+

Dünyanın ən gözəl hekayəsi

Adalet.az A.P.Çexovun "6 nömrəli palata” hekayəsini təqdim edir.

Xəstəxana həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə bürünmüş kiçik bir fligel vardı. Fligelin dəmir damı paslanmışdı; su novçası yarıyadək sınıb tökülmüşdü, artırmasının pillələri çürümüş və qıraq-bucağında ot bitmişdi, evin suvağından təkcə iz qalmışdı. Fligelin qabaq tərəfi xəstəxanaya, dal tərəfi isə çölə baxırdı. Fligeli çöldən, üstünə çoxlu mıx çalınmış xəstəxana hasarı ayırırdı. Bu, ucları yuxarı sancılmış mıxlar, hasarın və fligelin özü, yalnız xəstəxana və həbsxana tikililərinə məxsus kədərli və çox pis bir görünüşdə idi.

Əgər gicitkənin dalayıb yandırmasından qorxmusunuzsa, gəlin dar cığırla gedib fligelin içərisinə tamaşa edək. Birinci qapını açıb dəhlizə giririk. Burada divarın və peçin dibinə bir yığın xəstəxana tör-töküntüsü atılmışdır. Döşəklər, köhnə cırıq xalatlar, heç nəyə yaramayan göy zolaqlı köynəklər, yırtıq ayaqqabılar bir yerə tökülmüş, əzilmiş, qarışdırılmışdır, bu şeylər çürüyür və ətrafa pis qoxu yayır.

Gözətçi Nikita, damağında çubuq, həmişə bu tör-töküntünün üstünə uzanırdı; bu, istefaya çıxmış köhnə bir soldat idi, paltarına tikilmiş baftaları belə saralmışdı. Üzü sərt və arıqdı, sallaq qaşları sifətini qoyun itinə oxşadırdı, burnu pul kimi qırmızı idi; boyu alçaq, görünüşü arıqdı, lakin gövdəsi zəhmli, yumruqları saz idi. O, dünyada qayda-qanunu hər şeydən çox sevən və ona görə də bunları döyməyin zəruri olduğunu inanan sadədil, icraçı və küt adamlar zümrəsinə mənsub idi. O, adamların üzünə, döşünə, kürəyinə, hər yerinə vururdu və əmin idi ki, bunsuz burada qayda ola bilməz.

Sonra, dəhliz hesab edilməzsə, bütün fligeli tutan böyük, geniş bir otağa girirsiniz. Otağın divarları çirkli abı rəngə boyanmış, tavanı his çəkmişdir, yəqin qış vaxtı burada peçlər his verir və otaqda dəm olur. İçəridən çəkilmiş barmaqlıqlar pəncərələri eybəcər bir şəklə salmışdır. Döşəmə bozarmış və köhnəlmişdir. Otaqdan turş kələm, əsgi yanığı, taxtabiti və ammonyak qoxusu gəlir, bu qoxu ilk dəqiqədə sizə elə təsir bağışlayır ki, elə bil heyvanxanaya girmisiniz.

Otaqda döşəməyə vintlənmiş çarpayılar vardı. Bu çarpayılarda göy xəstəxana xalatı geymiş və başlarına qədim modalı qalpaq qoymuş adamlar oturur və yatırdılar. Bunlar dəli idilər.

Cəmisi beş nəfər idi. Bunlardan yalnız biri adlı-sanlı idi, qalanları isə adi meşşanlar idi. Qapıdan birinci olan ucaboy, arıq, sarı bığları parıldayan, ağlar gözlü meşşan, başını ovuclarına dayayıb, gözlərini bir nöqtəyə zilləmişdi. Bu kişi gecə-gündüz dərdə-qüssəyə qapılır, başını yırğalayır, ah çəkir və acı təbəssümlə gülümsəyirdi, söhbətdə az-az iştirak edir, suallara adətən cavab vermirdi. Yeməyi-içməyi də qeyri-ixtiyari idi: nə vaxt təklif etsələr; palatada bu pəncərədən o pəncərəyədək gəzişir və yanaqlarındakı qırmızılıq onun vərəm xəstəliyinə tutulduğunu göstərirdi.

Onun o tayındakı çarpayıda alçaq boylu, zirək, xeyli oynaq bir qoca uzanmışdı, onun keçi saqqalı, zənci saçları kimi qara, qıvırcıq saçları vardı. Gündüzlər palatada bu pəncərədən o pəncərəyədək gəzinir, öz yatağında bardaş qurub oturur, şaqraq quşu kimi fit çalır, yavaşca oxuyur və hırıldayırdı. Gecələr Allaha daha yaxşı ibadət eləmək üçün, yəni yumruqlarını döşünə döymək və barmaqları ilə qapını qurdalamaq üçün duranda, uşaq kimi şən və qıvraq olurdu. Bu, yəhudi Moyseyko idi, iyirmi il bundan əvvəl onun papaqçı dükanı yanan zaman başına hava gəlmişdi.

6 №-li palata sakinlərindən yalnız ona fligeldən və hətta xəstəxana həyətindən küçəyə çıxmağa izn verilirdi. Xəstəxanada uzun müddət qaldığına və dinc, zərərsiz bir dəli, bir şəhər təlxəyi olduğuna görə çoxdan bəri bu imtiyazdan istifadə edirdi, onu daima şəhərin küçələrində başına uşaqlar və itlər toplaşmış halda görməyə adət etmişdilər. Əynində xalat, başında məzəli bir qalpaq və ayağına tuflu, bəzən də ayaqyalın və hətta tumançaq küçələri dolaşır, darvaza və dükanların qarşısında durur və dilənirdi. Bir yerdə ona kvas, başqa bir yerdə çörək, üçüncü bir yerdə pul verirdilər, beləliklə, fligelə həmişə tox və pullu qayıdırdı.Gətirdiklərinin hamısını Nikita əlindən alırdı. Soldat bu hərəkəti çox kobud və qəsdən edərək, yazığın ciblərini çevirir və Allaha and içirdi ki, bundan sonra cuhudu bir daha küçəyə buraxmayacaqdır, çünki qanunsuzluq ondan ötrü hər şeydən pisdir.

Moyseyka qulluq göstərməyi sevirdi. Yoldaşlarına su verir, yatdıqları zaman üstlərini örtür, hərəsinə küçədən bir qəpik pul gətirməyi və təzə tikdirməyi vəd edirdi, sol tərəfindəki iflic qonşusuna qaşıqla xörək yedirirdi. Bütün bu xidmətləri yazığı gəldiyi üçün və ya insanpərvər duyğular xatirinə deyil, yalnız sağ tərəfindəki qonşusu Qromovu təqlid edərək qeyri-ixtiyari ona tabe olduğu üçün edirdi.

Otuz üç yaşlı İvan Dmitriç Qromov keçmişdə məhkəmə pristavı, quberniya katibi olmuşdu, nəciblərdəndi, təqib olunma xəstəliyinə tutulmuşdu. O, gah yumaq kimi yumurlayıd yataqda uzanır, gah da sanki hərəkət etmək məqsədilə, otaqda o küncdən-bu küncə gəzinirdi. O, həmişə məchul, anlaşılmaz bir intizarla həyəcanlı və gərgin bir vəziyyətdə idi. Dəhlizdə azacıq bir xışıltı və ya həyətdə bir səs eşitdimi, tez başını qaldırıb diqqətlə dinləməyə başlardı: onun dalınca gəlmişlər? Onumu axtarırlar? Bu zaman sifətində böyük bir təşviş və ikrah hissi oxunurdu.

Onun mübarizədən və uzun müddət davam edən qorxudan əzab çəkmiş ruhunu ayna kimi əks etdirən enli sümüklü, həmişə solğun və bədbəxt ifadəli üzü mənim xoşuma gəlirdi. Üzündə qəribə və xəstə bir ifadə vardı. Lakin çöhrəsində dərin və səmimi iztirabdan əmələ gələn incə cizgilər ağıl və mərifətə dəlalət edirdi, gözlərində qaynar bir parıltı vardı. O, mehriban və xidmət göstərən adam olduğu və Nikitadan başqa hamı ilə gözəl rəftar etdiyi üçün mənim xoşuma gəlirdi. Xəstələrdən biri yerə düymə, ya qaşıq salanda, cəld yerindən sıçrayır, yerə düşmüş şeyi qaldırıb yiyəsinə verirdi. Hər səhər yoldaşlarına "sabahınız xeyir olsun”, yatanda isə "gecəniz xeyrə qalsın” deyərdi.

Həmişə gərgin vəziyyətdə olmaqdan və üz-gözünü turşutmaqdan başqa, onun dəliliyi bir də bundan ibarətdi: bəzən axşamlar öz xalatına bərk-bərk bürünür, bütün bədəni ilə əsir, dişləri bir-birinə dəyir, çarpayıların arası ilə o küncdən-bu küncə gəzinirdi. Bu zaman o, titrəmə-qızdırma tutmuş adama oxşayırdı. Gəzərkən birdən-birə dayandığından və yoldaşlarına baxdığından mühüm bir şey demək istədiyi anlaşılırdı, lakin yəqin, onu dinləməyəcəklərini və ya anlamayacaqlarını fikirləşib, səbirsizliklə başını yırğalayır və gəzinməsində davam edirdi. Amma danışmaq arzusu tezliklə hər cür mülahizələrə qalib gəlirdi və iradəsini toplayıb odlu-odlu danışmağa başlayırdı. O, sayıqlayan adam kimi hərarətlə danışırdı, sözləri qarışıq və çox zaman anlaşılmaz olurdu, lakin gözlərində də, səsində də son dərəcə gözəl bir ifadə duyulurdu. O, danışanda onu bir dəli, bir insan kimi tanımağa başlayırsınız. Onun dəlilərə məxsus qızğın nitqini kağızda əks etdirmək çətin işdir. O, adamların alçaqlığından, haqqı tapdalayan zülmdən, bir zaman yer üzündə bərpa olacaq gözəl həyatdan, hər dəqiqə ona zalımların kütlüyünü və amansızlığını andıran pəncərə barmaqlıqlarından danışırdı. Beləliklə, köhnə, lakin hələ oxunub qurtarmamış mahnılardan qarışıq, pozuq bir popurri əmələ gəlirdi.

II

On iki-on beş il bundan əvvəl şəhərin baş küçəsində tikilmiş öz evində Qromov adlı ağır-səngin və varlı bir məmur yaşayırdı. Onun Sergey və İvan adlı iki oğlu vardı. Sergey dördüncü kurs tələbəsi olduğu zaman vərəm xəstəliyinə tutulub ölmüşdü; bu ölüm ailəsində birdən-birə dolu kimi yağan bir sıra bədbəxtliklərin başlanğıcı oldu. Sergeyin dəfnindən bir həftə sonra qoca atası saxtakarlıq və israf üstündə məhkəməyə verildi və çox keçmədən həbsxana xəstəxanasında yatalaqdan öldü. Ev və bütün əmlak müzaidə ilə satıldı və İvan Dmitriç ailəsi ilə bərabər evsiz qaldılar.

Qabaqlar, İvan Dmitriç atasının sağlığında Peterburq Universitetində oxuyarkən atasından ayda altmış-yetmiş manat xərclik alardı. İndi isə öz həyatını tamamilə dəyişməyə məcbur olmuşdu. Səhər tezdən gecə yarısınadək az bir muzdla dərs verməli, ona-buna cürbəcür ərizə yazmalı olduğu üçün yenə ac-yalavac dolanırdı, çünki qazandığının hamısını anasına göndərirdi. Nəhayət, İvan Dmitriç belə ağır yaşayışa davam gətirmədi: ruhdan düşüb xəstələndi və universiteti atıb evə qayıtdı. Şəhərdə qəza məktəbinə müəllimliyə girdi, lakin yoldaşları ilə yola getmədiyindən və şagirdlərin xoşuna gəlmədiyindən, tez bir zamanda müəllimliyi buraxdı. Bir azdan sonra anası da öldü. İvan Dmitriç altı ayadək işsiz qalıb yavan çörək və su ilə dolanmağa məcbur oldu, sonra məhkəmə pristavı vəzifəsinə girdi. Xəstəliyinə görə qulluqdan çıxarılanadək bu vəzifədə qaldı.

O heç vaxt, hətta tələbəlik illərində belə sağlam adama oxşamırdı. Həmişə rəngi sarı, bədəni arıq idi, tez-tez soyuqlayır, az yeyir, pis yatırdı. Bircə qədəh çaxırdan başı gicəllənir və özündən gedirdi. Adamlara böyük meyl göstərirdi, lakin xasiyyətinin tündlüyü və vasvasılığı üzündən, heç kəslə isinişə bilmirdi, bu səbəbə görə özünə dost qazanmamışdı. Şəhərlilərə həmişə həqarətlə baxardı, dediyinə görə, onların kobud nadanlığı və heyvani yaşayışları ona alçaq və mənfur görünürdü. Tenor səsi ilə ucadan və qızğın danışardı, səsində narazılıq və qəzəb, yaxud da vəcd və heyrət duyulurdu. Onunla nə barədə danışırsan-danış, tez söhbəti eyni şeyə çevirərdi: şəhər həyatı adamı darıxdırır, cəmiyyət ali məqsədlər ardınca getmir, sönük, mənasız bir həyat sürür, həyatı təcavüzlərlə, qaba əxlaqsızlıqla və ikiüzlülüklə boyayır, alçaq adamlar tox və üst-başlı olduqları halda, namuslu adamlarac-yalavac dolanırlar; yeni məktəblər açmaq, düzgün bir istiqamət götürən yerli qəzet, teatr, qiraətxana və ziyalı qüvvələrin birliyi lazımdır, cəmiyyət öz vəziyyətini düşünüb dəhşətə gəlməlidir. İvan Dmitriçin insanlar haqqında mühakimələri çox kəskin və qəti idi; o bütün bəşəriyyəti namuslu və alçaq adamlara bölürdü; ondan ötrü orta bir pillə yox idi.

Qadın və məhəbbət haqqında həmişə ehtiras və vəcdlə danışardı, lakin buna baxmayaraq ömründə bir dəfə də olsun birinə vurulmamışdı.

Mühakimələrinin kəskinliyinə və özünün əsəbiliyinə baxmayaraq, şəhərdə onu sevir və öz aralarında onu mehribancasına Vanya adlandırırdılar. Onun fitri nəzakəti, xidmətkarlığı, rəğbətliliyi, əxlaq təmizliyi, köhnəlmiş sürtuku, xəstə görünüşü və ailə bədbəxtlikləri adamda gözəl, səmimi və kədərli bir hiss oyadırdı, bir də o, yaxşı təhsil almış və çox mütaliə etmişdi, şəhərlilərin rəyincə hər şeyi bilirdi və şəhərdə bir növ səyyar lüğət hesab olunurdu.

Mütaliəyə çox vaxt sərf edərdi. Bir də görürdün ki, klubda oturub əsəbiliklə saqqalını didişdirir, jurnal və kitabları vərəqləyir. Üzündəki ifadəsindən anlaşılırdı ki, o, bütün bunları sürətlə oxuyur və çeynəmədən udur. Mütaliə onun xəstə vərdişlərindən biri idi, çünki əlinə keçən hər şeyi, hətta keçənilki qəzet və təqvimləri də eyni acgözlüklə oxuyurdu. Evdə həmişə uzanıb mütaliə edirdi.

III

Bir dəfə payız səhəri, İvan Dmitriç paltosunun yaxalığını qaldırıb, palçığı şappıldada-şappıldada döngələrdən, həyətlərdən keçərək, icra vərəqəsi ilə pul almaq üçün bir meşşanın evinə gedirdi. Hər səhər olduğu kimi indi də ovqatı təlx idi. Döngələrdən birində dörd nəfərdən ibarət silahlı konvoyla dövrəyə alınmış iki nəfər ayağı qandallı dustağa rast gəldi. Qabaqlarda İvan Dmitriç dustaqlara tez-tez rast gələr və həmişə onların halına yanardı, indi isə bu təsadüf ona xüsusi, qəribə bir təsir bağışladı. Nədənsə, ona elə gəldi ki, birdən onu da bu dustaqlar kimi qandallayıb, palçıqlı küçə ilə qazamata apara bilərlər. Meşşanın yanından evə qayıdarkən, poçtun tinində tanış bir polis nəzarətçisinə rast gəldi, nəzarətçi İvan Dmitriçlə salamlaşdı və küçə ilə bir neçə addım onunla bərabər getdi, bu hal ona, nədənsə, şübhəli göründü. Evə gəldikdə bütün günü dustaqlar və silahlı soldatlar fikrindən çıxmadı; anlaşılmaz bir həyəcan kitab oxumasına və fikrini cəmləşdirməsinə mane olurdu.Axşam lampa yandırmadı, gecə isə gözünə yuxu getmədi, hey düşünürdü ki, onu da həmin dustaqlar kimi qandallayıb qazamata sala bilərlər. Özünü heç bir şeydə müqəssir hesab etmirdi və gələcəkdə də heç bir kəsi öldürməyəcəyinə, yanğın törətməyəcəyinə, oğurluq etməyəcəyinə əmin idi, lakin bilmədən, qeyri- ixtiyari cinayət etmək çətindirmi, böhtan qurbanı olmaq və nəhayət, məhkəmədə səhv etmək mümkün deyilmi? Qoy heç kəs deməsin ki, mən dilənçi olmayacağam, ya həbsxanaya düşməyəcəyəm, bunu əsrlər boyu əldə edilmiş xalq təcrübəsi göstərmişdir. İndi ki, mühakimə üsulunda məhkəmə səhvi mümkün olan şeydir və bunda təəccüb ediləcək bir şey yoxdur. Özgənin iztirabına rəsmi, işgüzar bir əlaqə bəsləyən hakim, polis nəfəri, həkim kimi adamlar, zaman keçdikcə gördüklərinə o qədər adət edirlər ki, bu, artıq adi vərdiş olur bə onlar istər- istəməz öz müştərilərinə rəsmi əlaqə bəsləyirlər, həmin adamlar bu cəhətdən həyətarası qoyun və dana kəsən və tökdükləri qanı görməyən mujikdən heç də fərqlənmirlər. Şəxsiyyətə rəhmsiz, formal əlaqə bəsləyəndə günahsız adamı bütün əmlakından və hüquqndan məhrum edərək, özünü katorqa cəzasına məhkum etmək üçün hakimə yalnız bircə şey lazımdır: vaxt. Bir para formal cəhətlərə riayət etmək üçün vaxt lazımdır ki, bunun üçün də hakimlərə maaş verib saxlayırlar, bundan sonra isə hər şey bitdi, getdi. Sonra gəl dəmir yoldan iki yüz vers uzaqda olan bu kiçik, palçıqlı şəhərdən ədalət və kömək gözlə! Hər bir zorakılıq cəmiyyət tərəfindən əlverişli bir zərurət kimi qarşılandıqda və hər bir mərhəmət, şəfqət aktı, məsələn, bəraət hökmü cəmiyyətdə bir sıra narazılıq və intiqam hisslərinə səbəb olduqda, ədalət haqqında düşünmək gülünc olmazdımı?

Səhər İvan Dmitriç yuxudan dəhşət içində ayıldı, alnını soyuq tər basmışdı, artıq hər dəqiqə həbs edilə biləcəyinə əmin olduğu halda, yerindən qalxdı. Dünənki ağır fikirlər indiyədək onu tərk etmirdisə, demək, bunlarda azacıq da olsa həqiqət vardır, – deyə düşünürdü. Bu fikirlər adamın beyninə səbəbsiz girməzdi ki!

Bir qaradovoy tələsmədən pəncərənin qabağından keçdi: bu əbəs deyildi. Budur, iki nəfər adam da səssiz-səmirsiz evin yanında durdu. Bunlar niyə danışmırlar?

İvan Dmitriçdən ötrü əzablı gündüzlər və gecələr başlandı. Pəncərənin qabağından keçən və həyətə girən adamların hamısı ona casus və polis xəfiyyəsi kimi görünürdü. Günorta çağı adətən ispravnik öz qoşaatlı faytonunda küçədən keçirdi; o, şəhəryanı malikanəsindən polis idarəsinə gedirdi, lakin İvan Dmitriçə hər dəfə elə gəlirdi ki, o çox yeyin gedir və üzündə də xüsusi bir ifadə var: yəqin şəhərdə mühüm bir caninin zühur etdiyini bildirməyə tələsir.

İvan Dmitriç hər dəfə qapının zəngi çalınanda və ya darvaza döyüləndə diksinir və sahibəsinin yanında təzə bir adam görəndə qorxudan rəngi qaçırdı, polis nəfərinə və jandarmlara