adalet.az header logo
  • Bakı 16°C
23 Fevral 2017 14:39
2930
GÜNDƏM
A- A+

9 ölkə, 21 ştat və daha çox...

Xocalı qətliamı dünya medaiasında illərdir işıqlandırılır. Dünyanın 9 ölkəsi və ABŞ-ın 21 ştatı Xocalı soyqırımını rəsmi şəkildə tanıyır. Prezident Administrasiyasının "Xocalı soyqırımı ilə bağlı tədbirlər plan”ına uyğun olaraq müxtəlif ölkələrdəki səfirliklərimiz Xocalı soyqırımının dünyaya tanınması istiqamətində mütəmadi tədbirlər həyata keçirirlər. Müxtəlif dillərdə kitablar, məqalələr çap olunur. Həmvətənlərimizlə bərabər digər dünyaca məhşur jurnal və qəzetlərdə tanınmış qələm adamları məqalələrində Xocalıya ədalət prinsipi ilə dəstək göstərirlər. Erməni yalanı dünyaya çatdırılır. Nyu York küçələrində, metro dayancaqlarında, avtobuslarda "Xocalıya ədalət” şüarı yerləşdirilib. Bunları bacarmışıq. O cümlədən "justiceforkhojali” haştaqı də sosial şəbəkələrdə və medaiada kifayət qədər nüfuz qazanıb. 

www.justiceforkhojaly.org. İnternet səhifəsində Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün kifayət qədər məlumat bazası yerləşdirilib. Saytda Xocalı faciəsinin tarixi, bu barədə fotolar, eləcə də faciənin dünyaya çatdırılması üçün görülən işlərlə bağlı bölmələr var. Bundan başqa, ABŞ-da sosial mövzularda yaradıcılığı ilə tanınımış rep ifaçısı Toni Bləkman və Azərbaycanın rep qrupu "Dəyirman” tərəfindən ifa edilmiş "Xocalıya ədalət” rep üslublu mahnının təqdimatı Xocalı faciəsi həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynayb. "Xocalıya Ədalət” rep mahnısının keçirilməsi 2010-cu ilin noyabrında təşkilatın koordinatorlarının toplantısında qərara alınıb. Yaradıcı üslubla Xocalı faciəsini çatdırmaq məqsədi güdən bu layihə həm yerli, həm də xarici musiqiçilər tərəfindən hazırlanıb. Rep bütün dünyada populyar bir üslub olduğundan, bu üslub seçilib. "Xocalıya ədalət” rep mahnısının aranjimançısı tanınmış səs rejissoru, 3 dəfə "Qremmi” mükafatı laureatı Qordon Vilyamsdır. Mahnının sözlərinin müəllifi və ifaçısı isə Toni Bləkməndir. Onunla yanaşı, Azərbaycanın rep qrupu "Dəyirman” da mahnını ifa edib.

Bütün bunlar və digərləri Xocalı həqiqətlərini yaymaq üçün kifayət edirmi?

Təbii ki, daha çox fəaliyyət və zəhmət göstərmək lazımdır. İstər beynəlxalq təşkilatlar olsun istər dünya ölkələrinin liderləri olsun, onların baxışında Xocalı soyqırımı ilkin dövrlərindəki kimi yadda qalıb. Bizim üçün başqa ölkələrdə törədilən qətliamlar necə adi nəzərə çarpırsa onlar üçün də Xocalı soyqırımı eyni fəzada dayanır. Lakin 613 günahsız insanın öldürülməsi, körpələrin, yaşlıların vəhşicəsinə qətlə yetirilməsi işin içində varsa humanist dəyərlər buna susmamalıdır. Aralıq dənizində miqrantların faciəsini yəqinki çoxları xatırlayır. Sahildə azyaşlı uşağın meyitinin tapılması dünyanı ayağa qaldırdı. Bütün dünya mediası bu olaydan danışırdı. Azyaşlı uşağın həyatı problemləri insanlığın daim diqqətində olan mövzudur. Nəinki Xoacalıda, Qarabağ müharibəsi dövründə də yüzlərlə körpə erməni vəhşiliyinin qurbanı oldu. Məhz bu cəhətdən dünya xalqları öz reaksiyalarını verməlidirlər. Əvvəlcə isə təbliğatı və erməni yalanlarını üzə çıxarmaq təşəbbüsünü gücləndirmək lazımdır.

Qeyd edək ki, qətliam qurbanlarının anılması, faciənin dünyaya çatdırılması istiqamətində "Xocalıya ədalət” kampaniyası keçirilir. Son üç ildə 50-dən artıq ölkədə "Xocalıya ədalət” kampaniyası çərçivəsində müxtəlif tədbirlər keçirilib. Kamaniyanın fəaliyyətini əlaqələndirən İKT GF-nin təşəbbüsü ilə Kampalada (Uqanda) İKT Parlament İttifaqının və Düşənbədə (Tacikistan) İKT ölkələri XİN rəhbərlərinin iclaslarında Xocalı qırğınını "insanlığa qarşı cinayət” kimi göstərilən sənədlər qəbul edilib. Hazırda kampaniya çərçivəsində dünya ictimaiyyətini Xocalı soyqırımına müvafiq qiymət verməyə çağıran ərizə üçün imza toplamaqla bağlı beynəlxalq aksiya keçirilir.

Əsas diqqət jurnalistlərin üzərində cəmlənib. Onlar soyqırımı dünyaya çatdırması istiqamətində kifayət qədər işlər görürlərmi? Zaman-zaman qələm əhlinin bu məsələdəki passivliyi barədə müzakirələrə media mütəxəssisi Arif Əliyev qatılmır. Arif bəy hesab edir ki, bu faciənin dünyada az işıqlandırılması ilə bağlı heç bir təbəqənin, xüsusən də jurnalistlərin günahını görmür. Onun fikrincə, bu məsələdə ən səmərəli işin müəllifləri jurnalistlərdir ki, onları da heyranlıqla yada salmaq lazımdır. "Həqiqət həmişə qiymətini almır” deyən ekspertə görə, hazırda Xocalı faciəsinin dünya mətbuatının mərkəzində olmamasının bir səbəbi var: "Xarici mətbuat keçmiş hadisələrlə bağlı diqqətini ilk günkü kimi saxlaya bilməz. Necə ki, biz Somali hadisələri və ya digər olaylarla bağlı ilk günkü diqqəti göstərə bilmirik. Digər tərəfdən, biz bunu xarici jurnalistlərin üzərinə vəzifə kimi qoya bilmərik. Bizim mövzunu dünyanın gündəminə gətirmək istəyimiz, müraciətlərimiz nə qədər təbiidirsə, onların soyuqluğu, bir qədər laqeydliyi də o qədər təbiidir”. A.Əliyev hesab edir ki, Xocalı faciəsini unutdurmayan bir təbəqə varsa, o da jurnalistlərdir. Unutdurmaq istəyənlər isə siyasətçilərdir: "Bu cür problemlərə hər zaman ən diqqətli münasibəti jurnalistlər göstərib”.


Azərbaycan İnternet Forumun rəhbəri, ekspert Osman Gündüz son dövrlər Azərbaycanın maraqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasıyla bağlı iş aparıldığını dedi: "Amma o da nəzərə alınmalıdır ki, Azərbaycan bu cür sistemli informasiya siyasətini son bir neçə ildə apardığından ermənilərin 50 illik informasiya gücünü yara bilməyib. Hazırda çox cüzi sahələr qalıb ki, ermənilər orda at oynadırlar. Bu sahələr də tədricən əhatə olunmaqdadır. Amma bu işin sistemli davam etdirilməsinə ehtiyac var. Qarabağ mövzusuyla bağlı yeni məlumatların işlənib hazırlanmasına və onların dünyaya çatdırılmasına ehtiyac var. Bu yeni məlumatlar da elmi araşdırmalar, yeni faktların tapılıb dünyaya çatdırılması kimi olmalıdır. Buna da dövlətin qayğısı və maliyyəsi lazımdır”.

Bu arada daha maraqlı bir məqam. Daha doğrusu, olayın adlandırılması, təqdimatı məsələsində ikili standart var. Bu hadisələr Azərbaycanda və Türkiyədə "Xocalı soyqırımı”, "Xocalı faciəsi” kimi adlanır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü”, "Xocalı hadisəsi” terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı” terminindən istifadə etməyə üstünlük verir.

Rüfət Soltan