adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 Fevral 2017 14:06
9038
MƏMLƏKƏT
A- A+

Cəmiyyətin kitab OXUMAMAQ üçün bəhanəsi qalmayıb

İnformasiya texnologiyalarının inkişaf etdiyi dövrdə elektron bazanın üstünlüyü artmaqda davam edir. Bu, bir çox sahələrə təsir göstərməklə bərabər kitab dünyasına da təsirsiz ötüşməyib. Adətən innovasiya günümüzün tələblərini daha asan şəkildə həyata keçirsə də, bəzən kitab mövzusunda fikirlər haçalanır. Kitabın qoxusunu almağın, onu vərəqləyərək oxumağın fərqli bir hiss verdiyini deyən bəzi oxucular ənənəvi kitablara üstünlük verirlər. Ölkədə elektron kitab bazasını yaradan saytaların sayı kifayət qədərdir. Bu, həm cibimizə qənət etmək deməkdir, həm də bir növ təbiətin mühafizəsində mühüm əhəmiyyət kəsb edir. Telefon və ya planşet şüasının zərərli olduğundan da xəbərimiz var. Məhz bəzi oxucularımız bunu ənənəvi kitabı üstün tutmaqda əsas səbəb kimi göstərirlər. Lakin onu qeyd edək ki, texnologiya həm də istifadəçilərin sağlamlığını düşünür. Sırf kitab qurdları üçün "book rider” cihazı çoxdandır bazara buraxılıb və insanlar bundan istifadə edirlər. Məhz həmin aparat sizə bəzi kitabların kağız materialının verdiyi zərərli şüadan da az təsir göstərir. Gündəlik həyatımızda onsuzda telefon əlimizdən düşmür. İnsanların bir qismi telefondan qurtulmaq üçün kitaba əl atırsa digər qismi kitabı telefona gətirir. Dünyaca məhşur biznesmen və "Microsoft” şirkətinin yaradıcısı Bil Qeyts kağız dövrünün başa çatdığını elan etmişdi. Artıq istədiyiniz qədər faylı bir diskə daxil edə bilərsiniz. Bu, milyonlarla kağız parçası və yüzlərlə ağac deməkdir. Şübhəsiz ki, onun dedikləri dəqiq və qərəzsiz görünür.

Oxucularımız həqiqətənmi azdır?

Azərbaycanda son dövrlərin ən böyük elektron kitab portalı olan "Kitabxana.net” uzun illərdir oxuculara xidmət edir. Bunun kimi onlara böyük e-kitab portalları dünya və yerli ədəbiyyatın istənilən məhsullarını saytlarında yerləşdirirlər. Bir nüansı da qeyd etmək yerinə düşər. Ölkədə tez tez kitab bazarı və oxucu kütləsi ilə bağlı mənfi aurada yazılar dərc olunur. Statistik məlumatlarda oxucularımızın çox az olduğu bildirilir. Bu mövzuda araşdırmalar aparılarkən paytaxt və regionlardakı kitab mağazaları və ya kitabxanalardan açıqlamalar gəlir. Bunun nə qədər doğru yanaşma olduğu şübhə altındadır. Axı kitabxanalar və ya kitab mağazaları oxucuların bir çoxunun internetdən bəsləndiyi kitablardan məlumatsızdırlar.

Axundovda vəziyyət nə yerdədir?

Məlumdur ki, artıq son iki ildə bu qədim mədəniyyət ocağında kitabxana xidmətinin müasir tələblərə uyğun qurulmasını təmin etmək, istifadəçilərə virtual rejimdə xidmət göstərmək üçün elektron kitabxananın və elektron kataloqun məlumat bazasının genişləndirilməsinə başlanılıb. Mirzə Fətəli Axundov adına Milli Kitabxanada səhər saatlarında olmağımıza baxmayaraq, oxucu zalının üçdə biri dolu idi. Onların da böyük əksəriyyətini gənclər təşkil edirdi. Bizə bələdçilik edən Oxuculara xidmət şöbəsinin rəhbəri Ədibə İsmayılova dedi ki, çoxsaylı oxu zalları olan Milli Kitabxanada oxucu problemi yoxdur və oxuculara hər cür şərait yaradılıb. Əvvəlki illərə nisbətən kitabxananın fondundan istifadə edən oxucuların sayında artım müşahidə olunur. 2012-ci il ərzində kitabxananın daimi oxucularının sayı 36 360 nəfərə çatmışdır. Virtual oxucuların (saytdan, elektron kataloqdan və elektron kitabxanadan istifadə edənlər) sayı 449 000 nəfər, virtual sifarişin xidmətlərindən istifadə edənlər 1257 nəfərdir. İl ərzində kitabxanaya gələn 163 383 nəfər oxucuya 771 023 nüsxə ədəbiyyatla xidmət edilmişdir.

Qeyd edək ki, oxucu kitabxana kataloqundan istifadə etmədən birbaşa elektron məlumat bazasından yararlanır. Elektron kataloq, elektron kitabxana xidmətləri kimi, oxucuya kitab verilişi prosesi də avtomatlaşdırılıb. Oxucu şəxsiyyətini təsdiq edən sənədi təqdim edir, iki dəqiqə ərzində ona elektron bilet verilir. Elektron bilet ilə avtomatik qeydiyyatdan keçir və elektron kataloqdan sifarişini verir. Oxucu artıq tələbnamə yazmır. Elektron kataloqda istədiyi kitabı seçir, sifariş verir, bir neçə dəqiqə ərzində kitab tapılır və oxucu kitabın olduğu zala dəvət edilir.

Hələ də ənənəvi kitab oxuyanlar var

Ənənəvi kitablar elektron kitabların təzyiqi ilə üzləşsə də onların tamamilə məhv olması mövzu belə ola bilməz. Çünki, insanlar nə qədər internetdə oxumağa meyil göstərsələr də, bəzən axtardığmız kitabı internetdən tapa bilmirik. Əsasən paytaxda fəaliyyət göstərən nəşriyyatlar dünya ədəbiyyatından müxtəlif tərcümələr edirlər. Bu tərcümələrin əksəriyyəti müəllif hüququ ilə bağlı internetə buraxılmır. Bu isə oxucunu pul xərcləyib kitab almağa sövq edir.

Mövzu ilə bağlı Adalet.az-a sualımızı cavablandıran yazıçı, jurnalist Rəşad Məcid hesab edir ki, məhsul olaraq elektron və kağız kitabın fərqi yoxdur. Lakin elektron kitablar daha rahat və münasibdir. Onun sözlərinə görə, məhz bu səbəblərdən də müəyyən zaman sonra elektron kitabların adi kitabları əvəz etməsi qaçılmazdır.

"Yaşlı nəsil kağız kitaba öyrənib, biz kağızı vərəqləməyi, onun qoxusunu duymağa öyrənmişik. Mən də əvvəllər belə düşünürdüm. Amma elektron kitabları oxuyandan sonra görürəm ki, belə bir fərqi yoxdur. Əlbəttə zaman keçdikcə elektron cihazlarla kitab oxunması rahat olduğundan kağız kitabları əvəzləyəcəyi mümkündür. Yəqin zaman keçdikcə kitablar suvenir və hədiyyə üçün istifadə olunacaq, amma məhz oxumaq üçün münasib olduğundan elektron kitablardan istifadə olunacaq”.

Psixoloq Vəfa Rəşidova deyir ki, kitabı kağız variantında oxumaq daha yaxşıdır: "Bir çox ailələr uşaqlara güclə kitab oxutmağa çalışırlar. Hətta onlara internet vasitəsilə kitab oxutdururlar. İnternet vasitəsilə oxunan kitablar insan psixologiyasına mənfi təsirini göstərir və insanı həddindən artıq tez yorur. Əgər kağız variantda 10-15 səhifə oxuya biləcəksənsə, internet vasitəsilə cəmi bir-iki səhifə oxumaq olur. Onun şüası insanı tez yorur. Hər kəs öz sahəsinə, maraq dairəsinə uyğun kitabları kağız variantında seçib oxusa daha yaxşı olar. Əgər hansısa şəxs onun üçün maraqlı olmayan bir kitabı oxumağa məcbur edilsə, oxusa da effekti olmayacaq. İnsan kitabı oxuyarkən ilk növbədə onun özü üçün nə dərəcədə maraqlı olduğunu və nə dərəcədə əhəmiyyət kəsb etdiyini düşünməlidir”.

Jurnalist Zahir Əzəmət isə hesab edir ki, dünyada olduqca aktual olan elektron kitablar elektron qurğular vasitəsilə daha da geniş yayılmaqdadır. Onun sözlərinə görə, texniki üstünlüklərinə və rahatlığına baxmayaraq elektron kitabların adi kitabları tamamilə sıradan çıxarma ehtimalı yoxdur: "Son vaxtlar həm pullu şəkildə, həm də elektron formada kitablar yayılıb. Amma mən düşünmürəm ki, ənənəvi kitablar tamamilə sıradan çıxsın, çünki onun oxucuları da var. Lakin nəzərə alsaq ki, kitab bazarında hazırda elektron kitablar daha çox üstünlük təşkil edir, o zaman kitab bazarında onların üstünlük təşkil edəcəyi ehtimalı var. Lakin Azərbaycanda hələ ki, elektron kitab yayan sistem yoxdur. Bunun üçün də ölkədə 5-10 ilə elektron kitabların bu dərəcədə adi kitablara təsir edəcəyini düşünmürəm”.

"Əli və Nino” kitabmağazalarışəbəkəsinin təsisçisi Nigar Köçərli elektron və ənənəvi kitab arasında bir fərq qoymur. O, müasir texnologiyaların, internetin, telefonun kitaba olan təsirinə çox yaxşı baxdığını bildirir: "Mən hesab etmirəm ki, internetdən istifadəedənadamkitab oxumur, bu, qəti belə deyil! Kitabı oxumaq istəyənadamonu internetdən də tapıb oxuyur.Bunun heç bir fərqi yoxdur, əsas odur ki, kitab oxunsun.Ölkəmizdə kitab mağazalarının sayı çox azdır.Bu isə oxucuların azalmasına dəlalət edir.12-13iləvvəl bu mövzu aktual deyildi.Kitabla bağlı heç kəs danışmaq istəmirdi.Sevinirəm ki, nəhayət, kitab barədə danışılır.Kitab artıq bizim həyatımıza hər hansı formada gəlib.Amma yenə də çox narazıyam.Hələ kitaba marağın artması, oxunması üçün çox işlər görməliyik.Bu sahədə dəyişikliklər olmalıdır.Əhalisi 10 milyona yaxın olan ölkədə cəmi on kitab evi var. Bu, çox aşağı bir rəqəmdir.

Mütəxəssislər isə deyir ki, həm elektron, həm də kağız kitabların özünəməxsus müsbət və mənfi tərəfləri olsa da müasir günümüzdə elektron kitabların daha aktual olduğu açıq-aşkar görünür. Bütün bunlar ölkəmizdə də elektron kitablara tələbatı artırdığından bu sahədə müəyyən çatışmazlıqlar nəzərə çarpır. Jurnalist Z.Əzəmət də bunu əsas gətirirək Azərbayacnda elektron kitab bazasının yaradılmasını vacib sayır.

Xatırladaq ki, bəzi mütəxəssislər iddia edir ki, elektron kitabların çoxalması, kağız nəşrlərin sayının azalması isə meşələri də kəsilməkdən qoruyacaq.

Rüfət Soltan