adalet.az header logo
  • Bakı 11°C
23 Fevral 2017 09:13
10116
LAYİHƏ
A- A+

GÖYÇAY İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ

Azərbaycanın hər yerində olduğu kimi Göyçay rayonunda da aparılan genişmiqyaslı işlər diqqəti cəlb etməkdədir. Rayondakı inkişaf 2016-cı ilin əvvəllərindən daha intensiv xarakter alaraq idarəetmənin və quruculuğun nümunəsinə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlarından ruhlanan göyçaylılar gələcəyə daha böyük inamla baxırlar. Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin yaradıcı iş üslubu da bu mənada əhali tərəfindən razılıqla qarşılanır.

Bu yaxınlarda keçirilən ümumrayon yığıncağında Göyçay Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ildə sosial-iqtisadi və təsərrüfat sahələrində görülən işlərə dair hesabatı və 2017-ci ildə qarşıda duran vəzifələr haqqında məruzəsi dinlənilmişdir. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə demişdir:

- 2016-cı ildə Respublikamızın digər regionlarında olduğu kimi Göyçay rayonunda da infrastruktur layihələrinin reallaşması, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat ilində rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 32,1 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, keçən illə müqayisədə sənaye məhsulu istehsalı 26,9 faiz artmışdır. Ötən il aqrar sahədə müəyyən uğurlar əldə edilmiş, 2015-ci illə müqayisədə taxıl istehsalı 1,8 %, dən üçün qarğıdalı 19,9 %, kartov istehsalı 3,5 %, ət istehsalı 0,7 %, süd istehsalı 0,4 %, yumurta istehsalı 2,4 % artmışdır. Kənd əməkçiləri 2017-ci ilin məhsulu üçün 15767 hektar sahədə şum qaldırmış, 14617 hektar sahədə taxıl əkilmişdir. Bu isə əvvəlki illə müqayisədə müvafiq olaraq 898 və 738 hektar çoxdur. Rayonda kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artımına "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamı böyük təkan vermişdir. 2016-cı ildə rayon üzrə istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 5977 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 1111,7 min manat yardım verilmişdir.

Ölkə Prezidentinin pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına müvafiq olaraq rayonun kəndlərində 200 hektar sahədə pambıq əkinləri aparılmış, mövsüm ərzində 150,8 ton pambıq toplanmışdır. Gəlirli sahə olan baramaçılığın bərpası istiqamətində ilk addımlar atılmış, ötən ilin may ayında kumdarlara 475 qram barama qurdu paylanılmış və 1139 kq. barama tədarük edilmişdir. 2016-cı ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 27,8 milyon manat investisiya yönəldilmişdir. Hesabat dövründə əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,6 faiz artmışdır.

2016-cı ildə əhaliyə 805,2 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir ki, bu da 2015-ci ilə nisbətən 4,4 faiz çoxdur. Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin səviyyəsi xeyli yüksəlmiş, daha müasir rabitə texnologiyalarının tətbiqi ilə əlaqədar internet istifadəçilərinin sayı əsaslı şəkildə artmışdır.

Rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür.

Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsi çərçivəsində şəhərdə və şəhərə bitişik kənd məhəllələrində yaşayan 10 mindən artıq abonentə yeni su mənbəyindən içməli su verilişi təmin olunmuşdur. Hazırda rayonun Şəhadət kəndində şəhərin çirkab sularını təmizləyən qurğu kompleksinin tikintisi aparılır.

Hesabat ilində kənd yaşayış məntəqələrinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər davam etdirilmiş, rayonun yeraltı içməli su mənbəyi olmayan 6 yaşayış məntəqəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su təmizləyici qurğular istifadəyə verilmişdir...

Rayon əhalisinin, müəssisə və təşkilatların elektrik enerjisi ilə təminatının etibarlılığının artırmaq üçün ötən il şəhər və kənd yaşayış məntəqələrində mövcud transformatorların 27-i daha güclü transformatorlarla əvəz olunmuş, 9 yeni transformator məntəqəsi inşa edilmiş, podratçı təşkilatlar tərəfindən 896 ədəd yararsız 0,4 kv-luq dayaqlar metal dayaqlarla əvəz edilmiş, 42,7 km. uzunluğunda elektrik naqilləri yükünü özü daşıyan kabellərlə əvəz edilmişdir. Şəhərin şimal hissəsini, həmçinin şəhərə yaxın kənd yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edən 35/10 kv-luq "Çörək zavodu" yarımstansiyasında 3,2 meqavatlıq transformator 7,5 meqavatlıq transformatorla əvəz edilmişdir.

Məruzədə qeyd olunduğu kimi, hesabat dövründə 15 kənd yaşayış məntəqəsinə təbii qaz verilişi bərpa edilmiş və təbii qaz verilişi bərpa edilmiş yaşayış məntəqələrinin sayı 44-ə, rayon üzrə qazlaşdırma faizi 80,4-ə çatdırılmışdır, daha 3 kənddə bərpa işləri davam etdirilir. Lakin əhalinin təbii qazla təminatındaki nöqsanlar ləng aradan qaldırılır.

Şəhərin bir çox məhəllələrində təbii qazın təzyiqinin az olması ilə əlaqədar vətəndaşlar təbii qazla işləyən su qızdırıcı cihazlardan normal istifadə edə bilmirlər. Xüsusən soyuq və yağmurlu günlərdə təbii qazla təchizatdaki problemlərlə bağlı əhalidən daha çox müraciət və şikayətlər daxil olur. Təbii qazla təminatı bərpa edilmiş kəndlərin qazla təchizatında da nöqsanlar vardır və bir sıra kəndlər təbii qazla normal təmin olunmur.

Əhaliyə fasiləsiz və keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi sahəsində də nöqsanlar çoxdur. Rabitə xətlərində baş vermiş qəzaların vaxtında aradan qaldırılması təmin edilmir ki, bu da əhalinin haqlı narazılığına səbəb olur. Rayonun büdcədən maliyyələşən təşkilatlarına uzun illər xərclər smetalarında rabitə xərcləri üçün müəyyənləşdirilmiş limitlərdən artıq xidmət göstərilməsi qovşağın maliyyə-iqtisadi göstəricilərinə öz mənfi təsirini göstərmiş və qovşağın ümüdsiz debitor borclarının yaranmasına səbəb olmuşdur.

Hesabat dövründə Göyçay regional poçt filialı tərəfindən əhaliyə poçt xidmətinin göstərilməsində bir sıra pozuntulara yol verilmiş, filialın maliyyə-təsərrüfat fəaliyyətinin auditi zamanı xeyli nöqsan və çatışmamazlıqlar aşkar edilmişdir. Yol verilmiş nöqsanlara görə "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən filialın maddi-məhsul şəxsləri intizam məsuliyyətinə cəlb olunmuşdur.

Ötən il abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür. Şəhərin bütün küçələrindən məişət tullantıları təsdiq edilmiş qrafikə uyğun toplanır, su ötürən bərələr tullantılardan təmizlənir. Şəhərin mənzil fondunun qaydaya salınması istiqamətində əməli tədbirlər görülür.



(ardı gələn sayımızda)



Məzahir ƏHMƏDZADƏ





1111