adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Yurdda sülh, cahanda sülh!

FƏRHAD ŞABANOV
36781 | 2013-02-23 14:35
Əgər Türkiyədə nə vaxtsa PKK ilə sülh olacaqsa; o sülh heç vaxt bu qədər yaxın olmamışdı. Bütün siyasətçilər, millət vəkilləri, xalqın əksəriyyəti - buna həm türklər, həm kürdlər aiddir - bu sülh üçün səfərbər olub.
Doğurdan da bu PKK problemi Kürd-Türk problemidirsə - mən belə olduğuna heç vaxt inanmamışam - həllini tapacaq çox böyük ehtimal. Çünki Ərdoğan deyir ki, bu sülhün torpaqlarımıza gəlməsi üçün hər bir fədakarlığa hazırıq. Hətta iqtidarı itirsək belə. Bu hər iqtidarda olan siyasətçinin asanlıqla və öz xoşu ilə ağzına gətirə biləcəyi bir söz deyil. Yox əgər bu PKK bəlası Türkiyənin başına "düşmənləri" tərəfindən açılıbsa, onda heç bir ümid yoxdur zənnimcə.
Əvvəllər Öcalanın adı çəkiləndə Türkiyədə qiyamət qopurdu ki, o körpə qatilinin adını ağzınıza almayın. Ancaq indi PKK problemini həll etmək üçün millət vəkilləri arasından toplanacaq heyət Öcalanın İmralı adasında yaşadığı həbsxanaya, yəni ki, ayağına gedəcək. O, öz şərtlərini yükləyəcək bu millət vəkillərinin belinə, onlar da həmin şərtləri gətirəcəklər Türkiyə Böyük Millət Məclisinə. Dediyim kimi əgər doğurdan PKK sülh üçün utopik şərtlər tələb etməsə, bu problem həll oluna bilər.
Geosiyasi analitiklərin əksəriyyəti PKK məsələsinin sırf Kürd məsələsi olduğunu düşünmür. Bu həm də Türkiyənin inkişafının önündəki ən böyük əngəldir. Ancaq bir şübhə də var ki, bəlkə analitiklər yanılır? Bəlkə bu məsələ doğurdan da Kürd məsələsidir. Və heç vaxt Kürdlərlə sülh masası arxasında oturulmadığına görə bundan heç kim əmin deyil. Ona görə bir dəfə şans vermək lazım idi sülh üçün. Ərdoğan və onun komandasının bu sülh üçün ürəkdən çalışdığını sezmək mümkündür. Onlar doğurdan da bu problemin Türkiyəyə çox böyük ziyan verdiyini düşünürlər və bunu aradan qaldırmaq üçün gecə-gündüz çalışırlar. Məhz AKP hökumətinin vaxtında TRT-nin Kürd dilində yayımlanan kanalı açıldı. Məhz Kürdlərə universitetlərdə öz dillərini seçməli də olsa öyrənmək və yaşatmaq şansı tanındı. Necə ki, İranda soydaşlarımıza qarşı ciddi nəzarət rejimi var və ana dillərinə qarşı senzura tətbiq olunursa və bu bizi narahat edirsə, eləcə də kürdlərin öz dillərinə qarşı qoyulan qadağalar onları narahat edirdi.
Hələ Atatürkün başda olduğu cümhuriyyətin ilk illərində homojen xalq yaratma çabaları və kürdlərin - eləcə də lazların, çərkəzlərin, süryanilərin və s. - bir xalq olaraq qəbul edilməməsi bu problemin köküdür. Yeni qurulan bir cümhuriyyəti qorumaq və o coğrafiyada yaşayan insanları tək bir tavan altında toplamaq üçün "Nə mutlu Türküm deyənə" uğurlu siyasət ola bilərdi. Ancaq Türkiyənin bu siyasəti illər boyu davam etdirməsi və Türk milliyyətçiliyini başqa bir millətin inkarı üzərinə inşa etməsi gətirib bu vəziyyətə çıxartdı. Hərçənd ki, PKK Türkiyənin başına açılmış bir "bəla" olsa belə, düşmənlərin seçə biləcəyi ən məntiqli yoldur. Çünki bir milləti ayağa qaldırmaq üçün onu aşağılamaq lazımdır. Millət yerə yıxılmalıdır ki, qalxa bilsin.
Türkiyənin tarixi keçmişinə baxdıqda Kürd dilinin qorunması üçün atılan addımlar çox böyük dəyişiklikdir. Bəlkə də 20 il əvvəl belə bir şeyin olacağını dilə gətirsəniz sizə gülərdilər ki, bunun başı xarabdı. Ancaq indi bu addımlar atıldı və sülh üçün hər hansı bir problemin çıxdığı halda AKP-nin "biz çox çalışdıq amma nə fayda?" deməyə haqqı doğdu.
Türkiyə Böyük Millət Məclisində PKK -nın siyasi uzantısı olan BD partiyasına məxsus millət vəkilləri "sülh toxumları" səpmək üçün Qaradəniz turuna çıxdılar. Bu partiyanın verdiyi heç bir açıqlama mənə heç vaxt səmimi gəlməyib. Elə türklərin özü də belə düşünür. Qaradəniz sahilləri Türkiyədə milliyyətçiliyin ən kəskin olduğu bölgələrin başında gəlir. Həm də bu coğrafiyada yaşayan insanlar sərt olur, heç bir kompromisdən söz gedə bilməz. Elə buna görə də bədbəxt BDP-liləri daş-qalaq eləyib qovdular Sinop şəhərindən. Qaldıqları oteldən 9 saat sonra güc-bəla ilə çıxıb Samsuna getdilər. Orada daha betər qarşıladılar bu millət vəkillərini. Qaradəniz turunu yarıda buraxıb qayıtdılar Ankaraya. İndi özlərini qoyublar yazıq yerinə. Deyirlər biz sülh olacağına dair çox ümidli idik, ancaq belə hallarla qarşılaşırıq və ümidlərimiz yox olur. Az əvvəl də qeyd etdiyim kimi BDP-li vəkillər səmimi deyil. Çünki belə bir həssas dönəmdə Qaradəniz bölgəsinə səfər etmək alova barıt atmağa bənzər. Onsuz da insanlar Öcalan ilə görüşmə məsələsinə görə gərgindirlər. Bu vəkillər də gedib Qaradəniz bölgəsində şou göstərir. Belələri vəkil yox, şoumen olmalıdı.
İndi isə gələk Türkiyədəki milliyyətçilərə. Öcalana və PKK -ya qarşı ən qəti cizgiləri çəkən məhz milliyyətçilərdir. Onlar üçün Türk milləti ən uludur, ən ucadır, ən yaxşıdır. Türklərin tarixi ilə öyünürlər, qəhrəmanları və bayraqları ilə. Öz millətlərini sevirlər, öz millətləri uğrunda canlarından keçməyə hazırdırlar. Amma... Məncə milliyyətçilik bu sayılanlar deyil, olmamalıdır. Milliyyətçilik mənsub olduğun xalqa məxsus insanlara ən ideal həyat şəraitini sunmaqdır. Türkçülük və milliyyətçilik ilə öyünən insanlar öz xalqları üçün nə ediblər bəs? Türkiyədə insanların şəraiti hansı Avropa ölkəsindəki şəraitə ayaq uydura bilir? Mən təkcə Ankara, İstanbul kimi böyük şəhərləri nəzərdə tutmuram, bütün Türkiyəni nəzərdə tuturam. 76 milyon əhalini. Türkiyə xalqı dünyadakı ən bahalı benzini tökür öz maşınlarına. Bu benzinin keyfiyyətindən deyil, benzinin qiymətindəki vergidəndir. Benzinin litri 4.5 liradır. Onun 3 lirası vergidir. Təkcə benzin yox, hər şeyin vergisi yüksəkdir Türkiyədə. Vergiləri yüksək olan heç bir xalq tarix boyu xoşbəxt yaşamamışdır. Tarixdəki üsyanların əksəriyyətinin səbəbi məhz artan vergilər olmuşdur. Və siz milliyyətçilər, hansı vətənpərvərlikdən bəhs edirsiniz?
Türkiyədə vergilərin yüksək olmasının bir digər səbəbi də orduya ayrılan məbləğdir. Türkiyə ordusuna ayrılan məbləğin yüksək olmasının səbəbi isə PKK ilə aparılan mübarizədir. PKK bəlası olmasa, bu bədbəxt xalq bəlkə də daha az vergi ödəyəcək və əvvəlkinə nisbətən daha yaxşı şəraitdə həyatını davam edəcək.
Sülh üçün ümid var. Düzdür, heç kim əmin deyil. Ancaq hər kəsin ürəyində ümid var. Bu ümidi öldürməyə heç kimin haqqı yoxdur. Nə milliyyətçilərin, nə başqalarının. Bu sülh üçün hər kəs əlindən gələni etməlidir. Alınmasa belə Türkiyə həm beynəlxalq arenada, həm də daxili siyasətində demokratiya-demokratiya deyib hoppanan təlxəklərin qarşısında çox güclü mövqe tutacaq. Çünki Türkiyə öz öhdəliyini yerinə yetirmiş olacaq. Addımları daha qəti olacaq, daha qərarlı olacaq...
PKK problemi olmayan bir Türkiyəni təsəvvür etmək belə gözəldir. Bir də bunun gerçək olanını düşünün...
Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV