adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Fevral 2017 17:12
8801
MƏMLƏKƏT
A- A+

Həqiqətin bir üzü var

Zəngin tarixə, milli-mədəni müxtəlifliyə, gözəl təbiətə malik olan İsmayıllının son illərdəki inkişafı bir gənc olaraq məni ürəkdən sevindirir, qəlbimi fərəh hissi ilə doldurur. Rayonmuzda insanların sosial həyatı dəyişdikcə, inkişaf etdikcə düşüncələrdə də yeniləşmə, inkişaf, ayıqlıq baş verir, yaxşını pisdən, haqqı nahaqdan ayırmaq bacarığı formalaşır, insanların bəsirət gözü açılır. Ümidsizlik, sabaha inamsızlıq mifi yaratmaq istəyənlərin əlləri boşa çıxır.

Bax, elə son hadisələr, xalqımız üçün böyük əhəmiyyət daşıyan məsələlərə diqqət yetirsək bunu aydın görmüş olarıq. Ötən ilin avqust ayının 10-da cənab Prezident İsmayıllıya növbəti səfərini etdi. Rayon ictimaiyyəti ilə səmimi görüş keçirdi. İsmayıllıda aparılan tikinti, abadlıq, quruculuq, kənd təsərrüfatı sahələrində əldə olunmuş naliyyətlərdən məmnun olduğunu ifadə etdi. Velosiped zavodunun, 140 yerlik uşaq baxçası-körpələr evinin, Göyçay çayı üzərində inşa edilən 2-ci su elektrik stansiyasının, İsmayıllı-Qaraməryəm yolunun, təmir və yenidən qurmadan sonra İsmayıllı Olimpiya İdman Kompleksinin açılışlarını etdi və Cənab Prezident: "Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünün yaşayır” ifadələrini diqqətə çatırdı. Bu söz doğma Azərbaycanını, vətənini, elini, obasını sevən hər bir insan üçün sevindirici hal idi.

Hazırda İsmayıllıda yüksək təhsil ənənələri mövcudur. Bu ali məktəblərə qəbulda, fənn olimpiadalarının respublika turunda, müxtəlif bilik yarışmalarında, müsabiqələrdə bir daha özünü göstərir. Gənclərimiz bilikləri, intellektual səviyyələri ilə fərqlənirlər. Gənc müəllimlərimizin müxtəlif layihələrdə, beynalxalq əlaqələrin yaradılmasında iştirakı günün realığıdır.

Ötən il rayonmuz üzrə sənayedə 17,5 faiz, tikintidə 7,7 faiz, nəqliyyatda 4,9 faiz, ticarət xidmətində 12,7 faiz artım olmuşdur. Taxıl üzüm, tərəvəz, meyvə, tütün, kartof və s kənd təsərrüfatı məhsullarının istehsalında uğurlu nəticələr əldə edilmişdir. Rayonun bir sıra xarici ölkələrlə Türkiyə,Yaponiya, Fransa, Ukraniya, Belarus, Latviya ilə dostluq əlaqələri biz gəncləri ürəkdən sevindirir. Rayonda səhiyyə xidməti günbəgün yaxşılaşır. Turizmin inkişafı üçün müxtəlif layihələrin icrasına başlanılır. İsmayıllı idmançıların naliyyətləri ildən ilə artır. Rayonda elm adamlarına, görkəmli dövlət xadimlərinə, yazıçı, şair və publisistlərə, əmək və müharibə qəhrəmanlarına yüksək qiymət verilir. Onların yubileyləri, xatirə gecələri qeyd olunur.

Bir sözlə, İsmayıllıda həyat qaynayır, işgüzarlıq mühiti hökm sürür. Gənclərin potensialarından düzgün istifadəyə diqqət artırılır. Rayon dövlət qanunları, elmi əsaslarla idarə olunur. İsmaylıllıda təmiz və şəffaf mühit formalaşıb.

Amma, təəssüf və çox təəssüf ki, bu işlərə kölgə salmaq, qara yaxmaq istəyən sapı özümüzdən olan paltalar da var. Onlara üzümü tutub deyirəm ki, həqiqəti görmək lazımdır. Kiminsə dərmanına su tökməklə nəyəsə nail ola bilməyəcəksiniz. Çünki həqiqətin bir üzü, yalanın, böhtanın isə min üzü var. "Yalan ayaq tutar yeriməz” deyiblər. Gəlin birgə olaq, ölkəmizin, onun bir parçası olan doğma İsmayıllımızın inkişafına, yüksəlişinə dəstək duraq, kömək edək. Bu bizim də həyatımızı gözələşdirər.


Şəhla Kərimova

İsmayıllı gənci