adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

"Mazandaran pələngi"

ETİBAR CƏBRAYILOĞLU
41207 | 2013-02-23 14:27
Beynəlxalq Olimpiya Komitəsindən gələn açıqlama idman aləmində əməlli-başlı çaxnaşma yaratdı. Belə məlum oldu ki, 2020-ci ildə təşkil ediləcək Olimpiya Oyunlarında güləşçilər döşək üzərinə çıxmayacaq. İdmanın populyar növlərindən biri siyahıdan çıxarılıb.
Olimpiya Oyunlarının tarixinə nəzər salanda güləşçilərin qoyduğu izi görmək çətin deyil. Bir çox məşhur güləşçilər məhz Olimpiya Oyunlarında qazandıqları uğurlardan sonra dünyada tanınıblar.
Dünya idmanının əfsanəvi adlarından biri - İranlı güləşçi İmaməli Həbibi də Olimpiadalar tarixinə düşənlərdəndir. Yaşlı azarkeşlər "Mazandaran pələngi"ni - İmaməli Həbibini hələ də yaxşı xatırlayırlar. Azərbaycanda isə bu ad çəkiləndə daha bir məsələ yada düşür. Söhbət bir zamanlar bizim kinoteatrlarda ən çox izlənilən "Mazandaran pələngi" filmindən gedir. İran kinematoqrafçılarının lentə aldığı bu ekran əsərində baş rolda əfsanəfi güləşçi İmaməli Həbibinin  çəkilməsi filmi daha da baxımlı etmişdi. Təsadüfi deyil ki, "Mazandaran pələngi" Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə müasir dillə desək, reytinqlər qırırdı.
 
Filmdən kitaba

Tanınmış din xadimi, Buzovna Cümə məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Hacı Soltan Əlizadə də bir zamanlar "Mazandaran pələngi"nə dəfələrlə tamaşa edib və bu əfsanəvi idmançının həyatı ilə yaxından maraqlanıb. Onun yazdığı və ötən il Bakıda nəfis şəkildə çap olunan "Mazandaran pələngi İmaməli Həbibi" kitabı dünya şöhrətli güləşçiyə ehtiramın nişanəsidi.
Hacı Soltan Əlizadə ədəbi ictimaiyyətin diqqətini çəkən bir neçə kitabın müəllifidir. Onun qələmindən çıxan "Həzrət Əli (ə.) və dünya ədəbiyyatı", "Şah İsmayıl Xətai", "Xətai və Füzuli", "Azərbaycan dərvişləri və rövzəxanları", "Məsumnamə", "Hidayət yolu", "Məhəmməd Əmin Rəsulzadə və İslam", "Azərbaycanın şairə qadınları və İslam", Allah eşqi, insan eşqi, söz eşqi", "Yaşamaq, yaşatmaq və yaratmaq" kitabları böyük maraqla qarşılanıb. Təsadüfi deyil ki, görkəmli şərqşünas alim akademik Vasim Məmmədəliyev Hacı Soltan Əlizadənin yaradıcılığına böyük qiymət verib, onu İslam maarifçisi adlandırıb.
Hacı Soltan Əlizadə idmanla bağlı mövzulara da biganə deyil. "İslamda idman və boks şahı Məhəmməd Əli", "Mazandaran pələngi İmaməli Həbibi" kitabları müəllifin bu sahədə maraqlı araşdırmalar apardığını göstərir.
Hacı Soltan İranın dünya idmanına bəxş etdiyi cahan pəhləvanını ilk dəfə "Mazandaran pələngi" filmindən tanıyıb və elə o vaxtdan bu nadir şəxsiyyət haqqında ətraflı bilgi toplayıb: "İranlı kino xadimlərinin çəkdiyi "Mazandaran pələngi" filmi o zamanlar Azərbaycanda ən populyar filmlərdən biri idi. Filmdə gördüyüm bir epizod məni təsirləndirdi və baş rolda çəkilən mahir güləşçi İmaməli Həbibiyə qarşı marağımı daha da artırdı. Həmin epizodda İmaməli Həbibi Məşhəddə İmam Rzanın (ə) məzarını ziyarətə gələndə yaşlı bir qadının ağladığını görür. Qadından nə üçün ağladığını soruşur. Qadın deyir ki, mən Xorasanın yenilməz pəhləvanı Keyvanın anasıyam. Oğlum sabah "Mazandaran pələngi" ilə döyüşəcək. Əgər məğlub olsa, istədiyi qızı ona verməyəcəklər. Bu isə mənim üçün böyük dərd olacaq. Anayam, ürəyin bu dərdə tab gətirməz.
Ziyarətə gəlmişəm ki, oğlum üçün dua edim və o, "Mazandaran pələngi" ilə döyüşdən qalib ayrılsın. İmaməli Həbibi onu tanımayan ağbirçək anaya deyir ki, mən sənə söz verirəm, oğlun sabah qalib gələcək. Arxayın ol, ana.
Hər dəfə bu kadrlara baxanda İmaməli Həbibiyə hörmətim bir qədər də artırdı. Çünki o, bir ağbirçək ananın göz yaşlarına görə çempionluq titulundan belə imtina edir. Həzrət Əli (ə) buyurub ki, pəhləvanların ən güclüsü öz nəfsinə qalib gələndir".  
"Şaha dedim ki..."

Hacı Soltanla söhbətə, onun cahan pəhləvanı İmaməli Həbibi ilə İrandakı görüşünə bir azdan qayıdacağıq. Yazının bu yerində dünyanın məşhur güləşçisi ilə oxucuları yaxından tanış edək.
İmaməli Həbibi 1931-ci il mayın 13-də Gəncəfruzda anadan olub. Sonradan İranın fəxrinə çevriləcək İmaməli kiçik yaşlarından fiziki əməklə məşğul olub, çəltik sahələrinin suvarılmasında ailəsinə kömək edib. 12 yaşına çatanda atasını itirir. Şahi şəhərində yaşayan bacısının yanına köçən gələcək pəhləvan dəmirçi mağazasında işə düzəlir.
Güləşdə böyük uğurlar qazanan "Mazandaran pələngi" çox çətinliklərlə üzləşib. Özü xatirələrindən birində yazır: "Məsul yarışların birindən öncə anam ağır xəstələnmişdi, onu müalicə etmək üçün lazım olan pul isə məndə yox idi. Utana-utana qubernatorun qəbuluna getdim. Çətinliklə də olsa onun qəbuluna düşəndən sonra vəziyyəti başa saldım və üç aylıq maaşımın öncədən verilməsini xahiş etdim. Güləş Federasiyasından verilən sənədi də ona göstərdim. Amma qubernator xahişimi rədd etdi və məni polislə hədələdi.
Çox çətinliklərə baxmayaraq yarışa getdim və İran Şahının da izlədiyi seçim turunda məşhur güləşçi Cahanbəxt Tovfiqə "Yekdesa" adlı fəndlə qalib gəldim. Bütün stadionu sükut bürüdü. Heç yerdə tanınmayan bir gəncin qələbəsi hamını təəccübləndirmişdi. Amma bir azdan stadionu "Var olsun Mazandaran pələngi İmaməli Həbibi!" sədaları bürüdü. Şah məni hüzuruna çağırdı və Olimpiadaya gedib qələbə qazanmağımı istədi. Elə oradaca Olimpiadaya göndərilməyim barədə idman rəsmilərinə göstəriş verdi. Bir neçə dəqiqə sonra qubernatorun mənimlə görüşmək istədiyini dedilər. Qubernator gülə-gülə əlini cibinə atdı və "300 tümən bəxşişini al", - deyə mənə tərəf gəldi. Lakin mən bu təklifdən imtina etdim. Dedim ki, öz halal pulumu istəyəndə məni kabinetinizdən qovdunuz. İndi təklif etdiyiniz bəxşiş isə lazım deyil. Çünki bu haram puldu".
 
Pəhləvana
Bakıda verilən qılınc

Dünya şöhrətli idmançı barədə dəyərli kitab yazan Hacı Soltan Əlizadə öz qəhrəmanı ilə görüşmək, bu canlı əfsanənin əllərini sıxmaq arzusuna da çatır. Uzun illərdən sonra baş tutan bu görüşü Hacı Soltan belə danışır: "Bayaq qeyd etdiyim kimi, "Mazandaran pələngi" filminə baxandan sonra bu insana qarşı məndə böyük rəğbət oyanmışdı. Bir neçə illik gərgin axtarışlardan sonra İmaməli Həbibi haqqında kitab yazdım. Ötən ilin yayında kitab qəhrəmanın vətənində - Mazandaranda təqdim olundu. Vilayətin idman naziri məni hörmətlə qəbul etdi, kitab haqqında xoş sözlər söylədi. O zaman İmaməli Həbibi xaricdə olduğu üçün onunla görüşmək mümkün olmadı.
Noyabr ayında isə mənə xoş xəbər verdilər. Məlum oldu ki, Həbibi İrana qayıdandan sonra yazdığım kitab barədə onu məlumatlandırıblar. Azərbaycanda barəsində kitab yazıldığından sevinən "Mazandaran pələngi" mənimlə görüşmək istədiyini bildirib.
Ötən il noyabrın 7-də İran İslam Respublikasına gedib 82 yaşlı canlı əfsanə ilə görüşməyə nail oldum. Qismətimə belə bir görüş yazdığı üçün Allaha dualar etdim.
Adını dünya güləşinin tarixinə qızıl hərflərlə yazan İmaməli Həbibi ilə Mazandaranın Qaimşəhr şəhərindəki evində görüşdüm. Məni ən əziz qonaqlarından biri kimi qarşıladı, bağrına basdı. "Mazandaran pələngi İmaməli Həbibi" kitabımı şəxsən ona təqdim etdim.
Kitabı vərəqləyəndə gənclik illərindəki şəkilləri görüb gözləri doldu. Azərbaycandan apardığım suvenirləri də cahan pəhləvanına bağışladım. Mənzili ilə tanışlıq zamanı məlum oldu ki, məşhur idmançı xatirə hədiyyələrindən muzey düzəldib və Bakının rəmzləri sayılan Qız Qalası, İçərişəhərlə bağlı suvenirləri ayrıca guşədə saxlayacağına söz verdi".
"Mazandaran pələngi" Hacı Soltanla görüşəndə bir zamanlar Bakıda ona hədiyyə olunan qılıncı da müsafirinə göstərib, Azərbaycan haqqında xoş sözlər deyib: "Görüş boyu Azərbaycan dilində kəlmələr işlədir, xalqımıza sevgisini bildirirdi. Azərbaycana üç dəfə səfər etdiyini, Bakıya, onun sakinlərinə vurulduğunu deyən Həbibi xatirə qılıncı da  göstərdi. Məlum oldu ki, Azərbaycana səfərlərinin birində o zaman idman işlərinə məsul şəxs məşhur güləşçiyə yadigar olaraq qılınc bağışlayıb. İmaməli Həbibi Azərbaycanda güləş məktəbinin görkəmli nümayəndələrindən biri sayılan İbrahimpaşa Dadaşovla güləşdiyini xatırladı, onun haqqında xoş sözlər dedi".
"Mazandaran pələngi" yenidən Azərbaycana gəlmək arzusunda olduğunu da dilə gətirib: "Ürəyim Azərbaycandakı qardaşlarımın yanındadı. Qismət olsa, yenidən onlarla görüşə gedərəm". 

Statistika. Qızıl içində olan Cahan pəhləvanı

1956-cı il. Olimpiya Oyunları. Melburn (Avstraliya) Qızıl medal
1958-ci il. Asiya Oyunları. Tokio (Yaponiya) Qızıl medal
1959-cu il. Dünya Çempionatı. Tehran (İran) Qızıl medal
1960-cı il. Olimpiya Oyunları.  Roma (İtaliya) 4-cü yer
1961-ci il. Dünya Çempionatı.  Yokohama (Yaponiya) Qızıl medal
1962-ci il. Dünya Çempionatı. Ohayo (ABŞ) Qızıl medal
Etibar  CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV