adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Fevral 2017 14:46
6889
MƏMLƏKƏT
A- A+

SÜNİ BAHALAŞMA DAVAM ELƏYİR

Biz bu barədə dəfələrlə müxtəlif yazılar qələmə almışıq və süni bahalaşma yaradanların ünvanlarını da göstərmişik. Təəssüf ki, bu məsələlər indiyə kimi öz həllini tapmır və bir çox işbazlar nəzarətsizlikdən istifadə eləyərək əlləm-qəlləm işlərlə məşğuldular. Belə işlərin isə axırı ötən yazılarımzda qeyd etdiyimiz kimi, heç də yaxşı sonluqla bitmir.

Yəni günlərin birində bu süni bahalaşdırmanı yaradanlar yaxalanacaqlar və sudan quru çıxa bilməyəcəklər. Axı onlar çox vaxt sudan quru çıxmağa öyrəşiblər və elə bilirlər ki, elə həmişə belə olacaq.

Son bir neçə gündə isə şəhərin əksər mağazalarında və super marketlərində toyuq döşlərinin qiyməti xeyli artıb. Ola bilər ki, bir mağazada bu qiymət artımı ötəri görünsün. Amma ürək ağırısı ilə deməliyik ki, bu bir mağazada deyil, əksrə dükan və marketlərdə qabarıq şəkildə qiymət artımı özünü göstərir. Özü də qiymət artımı beş-on qəpik deyil, bir manata yaxındır. Belə olan təqdirdə istər-istəməz alıcılar təəccüblənməyə bilmirlər. Çünki bir həftə bundan əvvəl toyuğun döş ətini bir qiymətə alırdılar, bu gün isə başqa bir baha qiymətə.

Toyuq döş ətinin bahalanması ilə bağlı məsələlərə aydınlıq gətirmək üçün bir çox qurumlar konkret münasibət bildiriblər. Məsələn, Quşçular Cəmiyyətindən bildiriblər ki, nə toyuq döş ətinin, nə də toyuğun özünün qiyməti bahalaşdırılmayıb. Bütün topdansatış ticarət mərkəzlərində toyuq döş ətinin qiyməti əvvəlki dəyərdədir və sabit qalır. Sadəcə olaraq həmin qiymətləri süni surətdə mağaza və super marketlər özləri artırırlar.

Bax, belə olan təqdirdə istər-istəməz adamın yadına İqtisadiyyat Nazirliyinin istehlakçıların hüquqlarını müdafiə edən anti-inhisar departamenti düşür. Təbii ki, süni qiymət artımının da qarşısını məhz elə bu qurum almalıdır.

Məsələnin başqa bir qaranlıq tərəfi ondan ibarətdir ki, əgər kimlərsə süni qiymət artımına şərait yaradırlarsa və bundan öz maraqları üçün istifadə edirlərsə, istər-istəməz bu bahalaşma ilə əlaqədar əhali arasında müəyyən narazılıqlar yaranır.

Aydındır ki, narazı qalan kütləni isə heç cür qınamaq olmaz. Onlar mağaza və super marketlərə baş çəkirlər və bu cür süni bahalaşmanı görəndə istər-istəməz əsəbləşirlər. Bu isə o deməkdir ki, süni bahalaşmadan istifadə edən satıcılar və mağaza sahibləri öz əməllərini davam etdirməkdə israrlıdılar. Onlar görürlər ki, nəzarət orqanları belələrinə «gözün üstə qaşın var» demirlər və maraqlarını güdən ticarətçilər də bəd əməllərindən əl çəkmirlər.

Çox qəribədir ki, bir aya yaxındır ölkəmizdə dolların kursu aşağı enib. Yəni milli valyutamızın dönərliyi bir qədər də möhkəmlənib. Təəssüf ki, əhalinin böyük hissəsi bunun nəticəsini görə bilmir. Bir ay bundan əvvəl super marketlərin birində kiloqramı 1 manat 80 qəpiyə şəkər almışdıq. Bir neçə gün bundan əvvəl yenə həmin şəkərdən aldıq. Bu dəfə kiloqramı 1 manat 87 qəpiyə. Hansı ki, bayaq dediyimiz kimi, dolların kursu aşağı enib. Bəs bu məsələ niyə konkret olaraq ərzaq mallarının qiymətində özünü göstərmir?

Axı ticarətçilər yaxalarını qabağa verib deyirdilər ki, əvvəllər dolların kursu artdığına görə, ərzaq mallarının qiymətini bahalaşdırırıq. Əgər indi də dolların kursu enibsə, onlar zəhmət çəkib ərzaq mallarının qiymətini aşağı salmalıdılar. Ancaq onlar nəinki ərzaq mallarının qiymətini aşağı salır və sabit saxlayır, əksinə, qiymətləri bir qədər də süni surətdə artırırlar. Bu isə birmənalı olaraq əhali tərəfindən narazılıqla qarşılanır.

İnanmaq istərdik ki, İqtisadiyyat Nazirliyinin yuxarıda adını çəkdiyimiz məlum qurumu şəhərin mağazalarında, marketlərində süni surətdə yaradılmış qiymət artımının qarşısını alacaq, bu işlə məşğul olan ayrı-ayrı işbazları məsuliyyətə cəlb edəcəkdir. Əgər bu addım vaxtında atılmayacaqsa, insanların narazılığı artacaq, əlləm-qəlləm işlərlə məşğul olan bəzi ticarətçilər süni qiymət artımına daha böyük maraq göstərəcəklər.

Faiq QİSMƏTOĞLU