adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Fevral 2017 14:00
88111
MÜSAHİBƏ
A- A+

"Bu nə qədər acınacaqlı olsa da..." - MÜSAHİBƏ

Muğam - Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün daima dünya musiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olmuşdur.

Azərbaycan musiqi sənətində çox böyük muğam ifaçıları olub. Yüz illərlə yol gələn musiqi sənətində bu sənətkarlar muğamı ayaqda saxlayıb, yaşadıblar.

Gənc ifaçılar, muğam ustaları Azərbaycanda yetərincədir. Onlardan biri də Aytən Məhərrəmovadı. Adalet.az xanəndə Aytən Məhərrəmovla müsahibəni təqdim edir.



- Aytən xanım, özünüz haqda məlumat verərsiniz...

- Məhərrəmov Aytən 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. Sadə bir ailədə dünyaya göz açmışam. Ailəmizdə musiqiçi yoxdur. Uşaq yaşlarından musiqiyə həvəsim olub.


- Nə əcəb musiqiçi olmayan bir ailədən xanəndə olur?

- Vallah mən bilmirəm, Yəqin ki, bu Allahın vergisidir. Çünki, mən oxumazdan əvvəl fortepiano alətini çox sevmişəm, yəni, dil açandan mən fortepiano aləti istəmişəm. Bu da bilmirəm ki, Allahdan verilən vəhdisə, nədisə, bu sevgi mənə Allahdan verilib.


- Səhv etmirəmsə ilk olaraq pianoda ifa edirdiniz. Bəs necə oldu ki, xanəndə oldunuz?

- Mən əslində musiqi məktəbinə pianoçu olmaq üçün getdim. Allah rəhmət eləsin, 36 sayılı məktəbin direktoru Məlik müəllim qulaq asdı səsimə və atama dedi ki, bu qız yaxşı xanəndə ola bilər. Gəlin bunu xanəndəlik sinifinə qoyaq. Beləcə məni götürdülər xanəndəlik sinifinə. Amma Bülbül adına məktəbdə mən həm pianoçu kimi, həm də xanəndə kimi oxumuşam.


- Səsinizi Məlik müəllim kəşf elədi?

- Bəli, Məlik müəllim kəşf elədi. Bu alətin sevgisi ilə yaşamışam, yəni pianonun. Pianoçu ola bilərdim. Ona görə ola bilmədim ki, bu aləti doğrulda bilmədim. Çünki imtahanlara, konsertlərə çıxmamışdım. Böyük əsərlər ifa edirdim, ancaq imtahanda fikirlərim qarışırdı. Mən bu aləti yarıda bilmədim.


- Evdə güzgünün qarşısında oxuyurdunuz? Evdəkilər hiss etmirdi səsinizi?

- Oxuyurdum. (gülür) Niyə oxumurdum ki?! Bilirsiniz əvvəl-əvvəl məni musiqiyə qoymurdular. Hüquqşünas olmaq istəyirdim. Əlaçı idim. Çox yaxşı oxuyurdum. Musiqiyə gedəndən sonra artıq yollar dəyişdi. Ona görə valideyinlərim istəyirdi ki, təhsilimi başqa yerə yönəldim. Amma elə oldu ki, musiqi həvəsimi saxlaya bilmədim. Onlar ötəri yanaşırdılar mənim bu həvəsimə. Elə oldu ki, musiqi məktəbinə başladım. Sonra Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdim. Daha sonra Asəf Zeynallı musiqi kolleci, konservatoriya, magistratura, yəni belə də davam elədi.


- Mənsum İbrahimovun tələbəsi olmusunuz. Mənsum müəllimdən nələr öyrəndiniz?

- Mənsum müəllimdən çox şey öyrənmişəm. Sənəti kənara qoyuram hələ ki, Mənsum müəllimdən insanlıq, cəmiyyətdə özünü aparma, hətta tələbələrlə davranış, sonrakı da bizim o klassik muğamlarımızı, onların quruluşunu, hamısını mən ondan öyrənmişəm. 12 yaşımdan onun tələbəsi olmuşam. Müəllim həmişə tələbələrindən tələbkar olmağı istəyir. Bu gün mən indi Mənsum müəllimi başa düşürəm. Çünki artıq mən də müəlliməm. Mən də bilirəm ki, tələbədən istəyim nədir. Təbii ki, Mənsum müəllimin üstün cəhətlərindən biri də odur ki, tələbələrini ruhlandırır, əgər hansısa konsert salonunda biz oxuyuruqsa əgər Mənsum müəllim ordadırsa bütün konsert salonu olur bir yana, Mənsum müəllim bir yana. Elə bilirəm ki, bütün tamaşaçıların yerində Mənsum müəllim oturub. Təsəvvür edin, insana o qədər ruh verir.


- Ailənizdə muğam dinlənilirdi?

- Musiqiyə gəldiyim vaxtlarda muğama dəstək yox idi. Bu nə qədər acınacaqlı olsa da bunu etiraf etmək lazımdır. Yox, deməzdim mən muğam sədaları altında böyümüşəm. Ancaq efirdə musiqi gedibsə, biz qulaq asmışıq o musiqiyə. O ondan da asılı deyil, yenə deyirəm, o candan gəlməlidir, qandan gəlməlidir. Yəni, belə deyərdim.


- Uşaqlıq xatirələriniz olmayıb deyəsən. Bir müsahibənizdə demişdiniz ki, anam bizi həyətə buraxmırdı...

- Əslində anama təşəkkür edirəm ki, onu eləməyib. İcazə verməyib həyətə çıxmağa. Uşaq olanda daha ayıq olur, uşaq pisi tez götürür özüçün. Mən belə düşünürəm. Hər-halda onun da öz prinsipləri olub, bunu eləməkdə. Biz həmişə uşaqlara eyvandan baxırdıq. Biz də istəyirdik oynayaq. Atam da, anam da işləyib. Evdə heç kim olmadığı üçün, biz də dərsdən gəlib evdə gün keçirtmişik. İki bacı olmuşuq. İkimiz də çox yaxşı oxumuşuq. Anamın məqsədi o olub ki, dərsdən yayınmayaq. Yəni fikirlərimiz lazımsız yerlərə yayınmasın. Mən 20-22 yaşımda başa düşdüm ki, anam düz edib. Özü gəzməyə aparırdı. Amma sırf biz həyətə düşməmişik. Uşaqlıq dostum olmayıb, olsa da anam imkan verməzdi. (gülür)


- İlk səhnə çıxışınızı necə xatırlayırsınız?

- İlk səhnə çıxışım 13 yaşımda olub. Rəşid Behbudaov adına mahnı teatrında Qulu Əsgərovun "Dolanaram başına” mahnısı olub. Və ilk dəfə mikrafonla çıxış olub. Səhnəyə çıxana qədər düşünürdüm ki, mikrafonda mənim səsim gələcək, gəlməyəcək. Çox qəribə hislər keçirirdim, həyəcanlıydım.


- Yəqin həmin gecəni yatmamışdınız...

- Yəqin ki, yatmamışam... (gülür) Uşaq konserti idi. O vaxtkı çıxışıma görə uğurlu alınmışdı. Şəkilimizi musiqi məktəbindən vurmuşdular. Bizim üçün böyük uğur sayılırdı.


İlk olaraq məktəbdə tanınmısınız?

Bəli, bəli...



- Qastrol səfərlərindən təəssüratlarınızı bölüşərdiniz. Ən çox yadınızda qalan ölkə hansı olub?

- Yadımda qalan ölkə Amerika səfərimiz idi. Festivalda bir çox musiqiçilər vardı. Bir hindli musiqiçi yaxınlaşdı mənə. Biz oxuyub qurtardıq. İndi məndən əl çəkmir ki, sən orda boğaz elədin. Onlarda da axı musiqi zəngindir. Deyir, tərcüməçi də başa salır ki, bu məndən nəfəsi öyrənmək istəyir. Bizdə deyir edirik, ancaq sənin nəfəsin uzun gəldi. Təsəvvür edin o hindli məndən bir saat yarıma o nəfəsi öyrəndi.

Daha sonra Almaniya səfərində bizi qarşıladılar, apardılar "piknik" kimi bir yer idi, orda da festival idi. Başqa ölkələrdən xeyli musiqiçi toplaşmışdı. Ayaqyalın, səliqəsiz paltarlarda rəqs edən Tanzaniyalılar diqqətimi çəkdi. Hətta olnlardan ilk olaraq qorxdum. Qorxmağım mənə qəribə təəssürat bağışladı. Daha sonra çox yaxşı, səmimi bir müansibətimiz yarandı. Çox yaxşı, saf insanlar idi.

Doğurdan da zəngin musiqi mədəniyyətimiz var.


- Yeni planlarınız olacaqmı?

- Yeni planlar odur ki, retro mahnılar üzərində çalışıram. Artıq bir neçəsi hazırdı. Bir neçəsini də planlaşdırıram, lentə aldırmağı. Qastrol səfərlərimiz də inşallah olduqca məlumat verərəm, işıqlandırarsınız.