adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Fevral 2017 13:34
5725
MƏMLƏKƏT
A- A+

Cavid Qurbanov Volter Reynhardı qəbul edib - FOTO

Fevralın 22-də "Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrədə yerləşən "InterRail Holding AG” şirkətinin Direktorlar Şurasının sədri Hans Volter Reynhardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, görüş zamanı "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Daha sonra Astara (Azərbaycan) – Astara (İran) və Bakı-Tbilisi-Qars layihələri üzrə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C.Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizellə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edirlər. Bu il bağlantının istismara verilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq, Astara stansiyasından İİR sərhədinədək 8,3 km uzunluğunda yeni dəmir yolu xətti çəkilib. Astara çayı üzərində tikilən körpüdə son tamamlama işləri görülür.

"InterRail Holding AG” şirkətinin Direktorlar Şurasının sədri Hans Volter Reynhard çıxış edərək hər iki layihənin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.