adalet.az header logo
  • Bakı 20°C

MÜƏLLİM, DOST, SİRDAŞ

ƏLÖVSƏT BƏŞİRLİ
48750 | 2013-02-23 14:25
"İnsanın hər şeyi gözəl olmalıdır: üzü də, geyimi də, qəlbi də, fikirləri  də".
A.Çexov    
Tələbələrindən o qədər də yaşlı görünmürdü. Biz universitetə qəbul olunandan bir il əvvəl ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdi. Üçüncü kursda müəllimimiz olmuşdu. O zaman respublikanın birinci qəzeti sayılan "Kommunist"də işə başlamış, az sonra şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, ötən əsrin 60-cı illərində öz dəst-xətti, yazı üslubu ilə sayılıb-seçilən jurnalist kimi tanınmışdı.
Azərbaycan Dövlət Universitetinin (indi BDU) jurnalistika kafedrasının müdiri Həsən Şahgəldiyev istedadlı tələbəsini redaksiyadakı işindən ayırmadan təcrübə dərsləri keçən ixtisas müəllimi vəzifəsinə layiq bilmişdi.
Sadə, istiqanlı, işıqlı insan idi cavan müəllimimiz. Auditoriyaya  daxil olanda içəriyə işıq dolurdu elə bil. Və ifadəli, iti, gülümsər baxışlarını sinif otağına gəzdirəndə bizə elə gəlirdi ki, onun qarabuğdayı çöhrəsinə yaraşan xoş təbəssümündən, cavan, qaynar qəlbinin çınqısından hər birimizə pay düşürg
Adəti üzrə əhvalımızı soruşub dərsə başlardı. Heç vaxt səsini qaldırmazdı. Sakit, təmkinli danışıq tərzi vardı. Onu çox istəyirdik, diqqətlə dinləyirdik. Bizə xoş, doğma təsir bağışlayan səsi arxa sıralarda da aydın eşidilirdi.
Hansı mövzuda, nədən danışır-danışsın maraqla qulaq asırdıq. Dönə-dönə tövsiyə edirdi ki, hər hansı mövzunu yetərincə, tamam-kamal öyrənəndən sonra qələmə alın, çalışın yazınız həm dərin, mükəmməl, həm də oxunaqlı olsun. Oxucunu özünə cəlb etsin, maraqlandırsın, nəyisə öyrətsin, bilgi versin, məlumatlandırsın. Axı, necə?! Sualımıza özünəməxsus təmkinlə, ətraflı cavab verərdi. Ustad qələm sahiblərindən misallar gətirər, oçerklərini, yazılarını təhlil edər, məsləhət görərdi ki, onları oxuyaq, öyrənək.
Çox təvazökar idi, heç vaxt öz yazılarından danışmazdı, nümunələr gətirməzdi. Jurnalistika aləmində özünəməxsus dəst-xətti olan müəllimimizdən yalnız auditoriyada deyil, eyni zamanda dövri mətbuatda vaxtaşırı dərc edilən yazılarından çox şey öyrənirdik. Dərsdə keçdiklərimizin əyani nümunəsini onun yetkin qələmindən çıxan yazılarında görür, diqqətlə oxuyurduq. Məşhur cərrah Mürsəl Qarayev (bəstəkar Qara Qarayevin qardaşı) haqqında yazdığı oçerk xüsusilə bizə dərin təsir bağışlamışdı və təəccüblü deyil ki, hələ də yaddaşımızdan silinməyib.
Nəriman müəllim xüsusi vurğulayırdı ki, jurnalistikada hər janrın öz yeri var, "quru", maraqsız mövzu yoxdur. Əsas məsələ necə yazmaqda, jurnalistin hər bir janrda qələmini işlətmək, sözünü sərrast, təsirli demək bacarığında, istedadındadır. Müəllimimiz bununla bağlı müfəssəl danışıb, mövzunu nümunələrlə izah edəndən sonra, dərsin axırına yaxın adəti üzrə sinfə müraciətlə fikrimizi soruşdu. Bir dəfə demək olar ki, hamımız müsbət cavab versək də, "baş məqalə"yə münasibətdə fikirlər haçalandı. O, diqqətlə, səbrlə bizi dinləyib mübahisəyə yekun vurdu: "Düz deyirsiz, indi qəzet-jurnallarda quru, qəliz dildə yazılan, şablon, qulaqdöyən söz yığınından ibarət, şüarlarla yekunlaşan baş məqalələrə rast gəlirik. Ancaq siz janrın tələbləri səviyyəsində yazılan məqalələrdən nümunə götürün və cəsarətli olun. Yəni öz sözünüzü yerində deməyi, dərin, oxunaqlı, maraqlı yazmağı öyrənin, çalışın qələminiz püxtələşsin".
Biz dərsdən sonra da onu rahat buraxmır, şöbə müdiri olduğu redaksiyaya gedir, yazılarımızı göstərirdik. O, əlinə qələm alıb gözümüzün qabağında "çiy" yazılarımızı "bişirir", məsləhətlərini verirdi. Sonra redaksiyalara zəng vurur, qələm dostlarına bizi tapşırırdı. Beləcə qəzet-jurnallarda yazılarımız işıq üzü görür, səsimiz efirdən gəlirdi. Çap olunan ən kiçik xəbərdə, yazıda görünən imzamız bizə böyük sevinc gətirirdi. Getdikcə qələmimiz itilənirdi, aldığımız müəllif haqqı, qonorar təqaüdümüzü üstələyirdi.
Biz dövri mətbuatı müntəzəm izləyir, necə deyərlər, ağı qaradan seçir, müxtəlif qəzet janrlarında ən yaxşı yazılara xüsusi diqqət yetirir, sinifdə müəllimimizlə birlikdə müzakirə edirdik.
Bir dəfə "Kommunist" qəzetinin baş məqaləsi xüsusi olaraq hamımızın diqqətini cəlb etdi: "Torpağa düşməsin havayı bir dən!" Heç vaxt belə baş məqalə oxumamışdıq: tamamilə yeni üslubda, orijinal dəst-xətlə qələmə alınmışdı. Səməd Vurğunun məşhur şeirinin misralarından ustalıqla istifadə olunan baş məqaləni dönə-dönə oxuduq. Sonra öyrəndik ki, redaktor İsrafil Nəzərov baş məqalənin müəllifi Nəriman Zeynalovu "letuçka"da bərk tərifləyib. Eşitmişdik ki, qocaman jurnalistin dilindən tərifli söz çox nadir hallarda çıxır. Amma o, vaxtilə dərs deyib biliyini "əla" qiymətləndirdiyi sevimli tələbəsinin jurnalistikada tapdanmış yolla getmədiyini, həmişə cəsarətlə yeniliyə can atdığını, getdikcə kamilləşən bənzərsiz qələm sahibi olduğunu ürək açıqlığı ilə qeyd etmiş, mükafata layiq görmüşdü.
***
"İnsanın hər şeyi gözəl olmalıdır: üzü də, geyimi də, qələmi də, fikirləri də".
Nəriman müəllim jurnalistin insani keyfiyyətlərini, şəxsiyyətini səciyyələndirəndə A.Çexovun ibrətamiz sözlərini xatırladardı. Sonra xüsusi vurğulayardı ki, qəzet zövqoxşayan nəfis tərtibatı, oxucunun ürəyinə yol tapan dərin məzmunlu yazıları ilə diqqət çəkməlidir. Və müxtəlif janrlı, coğrafiyası əhatəli bütün yazıların mərkəzində İnsan amili əsas yer tutmalıdır. Odur ki, redaksiyada sətirləri arxasından canlı insan, onun taleyi, problemləri görünən oxucu məktublarına  həmişə xüsusi diqqət yetirilməlidir.
Dərsdən sonra Nəriman müəllim bizi "Kommunist" qəzetinin Məktublar şöbəsinə gətirdi. Redaksiyaya gələn məktublar üzərində aparılan işlə əyani tanış olduq. Məsləhət görüldü ki, şöbə ilə əlaqə saxlayaq, məktublarla bağlı yazılar yazaq.
Bir qədər sonra Ələkbər Abbasovun "Bir məktubun izi ilə" rubrikası altında "Ürək döyüntüləri" sərlövhəli yazısı "Kommunist" qəzetində (1 noyabr 1960) çap olundu. Çox təsirli yazmışdı, həyəcansız oxumaq olmurdu. Redaksiyaya göndərilən məktubun müəllifi özünü bıçaq qabağına ataraq insan həyatını xilas edəndə ürək nahiyəsindən xəsarət almışdı. Əməliyyat olunanda ürəyi yaşamaq həsrətilə döyünürdü. "Cərrahın kiçicik bir səhvi ağır nəticə verə bilərdi. Buna görə də həkimin ürəyi narahat idi". Və nəhayət, əməliyyat uğurla qurtardı. Həm xəstənin, həm də həkimin ürəyi rahat döyünməyə başladıg Ələkbər sağalmaqda olan xəstə ilə görüşəndə o, məktubundakı xahişini təkrar edir: "Həkim Ağəli Rəfiyevə qəzet vasitəsilə mənim təşəkkürümü bildirin".
O vaxt respublikanın baş qəzetində belə diqqətçəkən yazı ilə çıxış etmək xüsusən jurnalist tələbə üçün böyük uğur idi. Biz Ələkbəri ürəkdən təbrik etdik.
Onu da deyim ki, qrupumuz ürəyimizcə idi: dedikcə səmimi, mehriban, çalışqan həmyaşıdlarımız Azərbaycanın müxtəlif bölgələrinin ab-havasını gətirmişdilər. Bir-birimizin uğuruna sevinir, çətinə düşəndə əl-ələ verib köməkləşirdik. Müəllimlərimiz bizim "j" qrupundan çox razılıq edir, başqalarına nümunə göstərirdilər. Hər müəllim isə əsil məktəb, örnək, xəzinə idi: akademiklər Həmid Araslı, Cəfər Cəfərov, professorlar görkəmli yazıçı Mir Cəlal, İsmayıl Əlizadə, dilçi alimlər Səlim Cəfərov, Yusif Seyidov, Hadı Mirzəzadə, ixtisas müəllimlərimiz, tədqiqatsçı jurnalistlər, kafedra müdiri Həsən Şahgəldiyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Seyfulla Əliyev, Nüsrət Bağırovg
Nəriman Zeynalov həmkarlarından çox cavan idi. Təcrübə müəllimimiz jurnalistikanın əlifbasından başlayaraq bütün qəzet janrlarında yazmağı bizə "bitdə-bitdə", inanılmaz səbr, hövsələ, inadla öyrədirdi. Beləcə,  getdikcə qələmimiz cilalanırdı. Axırıncı kursda artıq Ələkbərin, Yusifin, Yalçının, Namiqin, İlyasın, Əlikramın, Rafiqin, Aydının, Mailənin, Dilarənin, Ruhəngizin, Əkbərin, Zöhrabın imzaları mətbuat səhifələrində tez-tez görünür, efirdən səsləri eşidilirdi. Yazılarımız daha əvvəlki kimi "çiy" olmurdu, təcrübəmiz artır, tədricən püxtələşirdik. Redaksiyaların qapıları üzümüzə açıq olurdu. Nəriman Zeynalovun tələbələri kimi bizi tanıyır, hörmət edirdilər. Hər bir uğurumuza müəllimimiz ürəkdən sevinir, qayğısını, köməyini əsirgəmirdi.
Biz universiteti bitirib müxtəlif redaksiyalarda işləyəndə də Nəriman müəllimlə əlaqə saxlayır, onun dəyərli məsləhətlərinə ehtiyac duyurduq.
Tale elə gətirdi ki, mən rayonlararası qəzetdə işə başladım. O vaxt Salyan, Neftçala, Astraxanbazar (indi Cəlilabad), Puşkin ( indi Biləsuvar) rayonlarını əhatə edən "Məhsul" qəzetinin xüsusi müxbiri təyin olundum. Məsləhət üçün Nəriman müəllimin yanına gəldim. O, xeyir-dua verib dedi: "Madam ki, rayonlararası qəzetin xüsusi müxbirisən, həmin bölgədən "Kommunist"ə yazmağı da sənə tapşırıram. Oraya müxbir göndərməyəcəyəm".
Bu, böyük etimad idi. Faktiki olaraq respublikanın baş qəzetinin bizim bölgə üzrə müxbiri vəzifəsini də yerinə yetirir, müəllimimin tapşırığı ilə materiallar hazırlayır, hər ay yaxşı qonorar alırdım. Tənqidi yazılarım büroda müzakirə olunur, nəticəsi barədə qəzetdə məlumat verilir, tədbirlər görülürdü. Eyni zamanda başqa qəzet və jurnallarda da yazılarım dərc olunur, Azərbaycan radiosunun statdankənar müxbiri kimi  efirdən tez-tez səsim gəlirdig
Tələbə yoldaşım Yusif Kərimov da rayonlararası (Jdanov - indiki Beyləqan, Füzuli, İmişli) qəzetdə işləyirdi. "Yüksəliş" qəzetinin məsul katibi kimi qəzetin məzmunlu, maraqlı, nəfis tərtibatlı çıxmasında, oxucuların rəğbətini qazanmasında biliyini, bacarığını, qələmini əsirgəmirdi. Və Nəriman müəllimin tapşırığı ilə "Kommunist"də tez-tez maraqlı yazılarla ("Torpağın səsi", "Güllüçalanın nəğməsi", "Son qozanın qiyməti") çıxış edirdi.
1965-ci ildə rayonlararası qəzetlərin əvəzinə yenidən rayon qəzetləri bərpa edildi. Mən bir müddət Salyanda çıxan "Qələbə" qəzetinin redaktor müavini işlədikdən sonra Mərkəzi Komitənin katibliyinin qərarı ilə Cəlilabad rayon "Yeni gün" qəzetinin redaktoru təyin edildim. Bu zaman Nəriman müəllim baş redaktoru olduğu "Sovet kəndi"ni yalnız kənd əməkçilərinin deyil, artıq bütün ictimaiyyətin sevimli qəzetinə çevirmişdi. Mən müəllimimlə müntəzəm əlaqə saxlayır, onun zəngin təcrübəsindən redaktor kimi əyani olaraq istifadə edirdim. Çox keçmədi ki, bu öz bəhrəsini verdi. O vaxt SSRİ-də rayon qəzetləri arasında keçirilən müsabiqədə "Yeni gün" birinci yeri tutdu. Bir il sonra felyetonlarıma və tənqidi yazılarıma görə SSRİ Jurnalistlər İttifaqının mükafatı laureatı adına layiq görüldüm.
Bu, o dövrdə ölkə miqyasında jurnalist üçün yüksək mükafat idi. Ancaq illər keçəcək, yaşa dolduqca "valideynin göydən yerə endirib səni, müəllimin isə yerdən göyə ucaldıb" müdrik kəlamının dərin məna çalarını anlayıb bir həqiqəti dərk edəcəkdim: ən yüksək mükafat İnsan məhəbbətidir, sənə doğma, dost, sirdaş olan İnsan məhəbbəti!
Moskvadan qayıdıb təyyarədən düşəndə hamıdan öndə onu gördüm: yaraşıqlı qədd-qamətli, şıq geyimli, xoş təbəssümlü, qəlbinin sevinci gözlərində şəfəqlənən Nəriman müəllimi. Məni qarşılamağa, təbrik etməyə gəlmişdi, müəllimim, dostum, böyük qardaşım kimi.
Ustad qələm sahibi, tədqiqatçı jurnalist-alim, həmişəyaşar mətbuatımızın salnaməsində, qədirbilən insanların yaddaşında özünə əbədi abidə qoyan, yaxşılıq, xeyirxahlıq mücəssəməsi ,bənzərsiz şəxsiyyət idi Nəriman Zeynalov.
Həyatının və yaradıcılığının qaynarına ürəyi dözməyib 56 yaşında dünyasını dəyişən unudulmaz müəllimimizin işıqlı xatirəsini qələmə alanda yaşa dolan tələbə dostlarımla görüşdüm. Namiq Abbasov, Ələkbər Şəhrili, Yusif Kərimov, Yalçın Əlizadə, Rafiq Zeynalov, Aydın Əliyev, Dilarə Vəkilova, Ruhəngiz Rəhimova, Liza Ağayeva, İlyas Adıgözəlli, Zöhrab Zeynalov ürək dolusu danışdılar. Vaxtilə yaşına görə qrupumuzun "sonbeşiyi", indi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci  prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev dedi: "Özüm müəllim adını qazanandan sonra tələbələr üçün "müəllim-dost" olmağın mənasını daha dərindən anlamağa başladım. Bu, hər müəllimə xas olan keyfiyyətlərdən deyil. Nəriman müəllim dərs dediyi, qələm təcrübəsi öyrətdiyi tələbələrin ən yaxın dostu, sirdaşı idi".

***
Nəriman müəllim qayğıkeş ailə başçısı idi. Ömür-gün sirdaşı Südabə xanım bu barədə kövrək səslə danışır. Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin baş müəllimi işləyən ana övladlarından çox razılıq edir.
Xatirə qızı həkimdir, iki övlad anasıdır. Natiq oğlu Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşıdır. Babasının adını daşıyan oğlu Nəriman yüksək balla Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub.
Qədirbilən övladlar "mənəvi dəstəyinə ən çox ehtiyacları olduqları bir zamanda" dünyasını dəyişən ataları haqqında hədsiz məhəbbətlə danışırlar.
Xatirə Nəriman qızı: "Atam çox şən, mehriban insan idi. Bizimlə vaxt keçirməyi sevər, dərslərimizə kömək edərdi. Hələ kiçik yaşlarımdan kitaba məhəbbət oyatmış, mütaliə etməyə həvəs yaratmışdı".
Natiq Nəriman oğlu: "Çox təəssüf ki, amansız ölüm atamın başladığı işlərin bir çoxunu yarımçıq qoydu. Üzərində uzun müddət işləyib başa çatdırdığı doktorluq dissertasiyasını müdafiə etməyə macal tapmadı. Eləcə də "Gülöyşə nar" povesti yarımçıq qaldı. Ən ağrılısı budur ki, həyatı, ailəsini, övladlarını hədsiz sevən, ürəyi xeyirxahlıqla döyünən yaradıcı İnsan ömrü yarımçıq qaldıg Bütün bunlar nə qədər kədərli olsa da, uzun illər dərs dediyi, indi tanınmış, nüfuzlu qələm sahiblərinin atamın xatirəsinə ehtiram və sayğıları məndə sonsuz qürur hissi doğurur".
Əlövsət Bəşirli

TƏQVİM / ARXİV