adalet.az header logo
  • Bakı 13°C
22 Fevral 2017 11:01
6557
ELM VƏ TƏHSİL
A- A+

BANM tələbəsinin layihəsini yapon şirkəti aldı - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Şamil Ömərovun "Günəş panellərinin iki ox ətrafında avtomatik idarə olunması” layihəsinin təqdimatı keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, tədbirdə BANM-in rektoru Elmar Qasımov, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) Özbəkistan ofisinin baş nümayəndəsi Katsutoshi Fushimi, Azərbaycan üzrə JICA proqram kordinatoru Nigar İsmaylova, Özbəkistan üzrə JICA proqram kordinatoru Farhod Kurbonov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) texniki tənzimləmə şöbəsinin müdiri Sənan Abbasov, texniki tənzimləmə şöbəsinin böyük məsləhətçisi Cahid Mikayılov, "Azalternativenerji" MMC-nin mütəxəssisi Emin Nuriyev və Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Öncə Şamil Ömərovun layihəsi əsasında yapon şirkətinin köməyi ilə BANM-in yeni kampusunda qurulan günəş panellərinin videoçarxı nümayiş olundu. Sonra Şamil Ömərov layihəsi haqqında tədbir iştirakçılarına məlumat verdi.

Giriş sözü ilə tədbiri açan BANM-in rektoru Elmar Qasımov BANM-in tələbəsinin layihəsinin reallaşmasını çox mühüm bir hadisə kimi xarakterizə etdi. BANM-in tələbəsinin layihəsinin yaponların marağını qazanmasından məmnun olduğunu deyən rektor Şamil Ömərovun nailiyyətinin digər tələbələr üçün nümunə olacağını vurğuladı. Sözügedən layihə haqqında məlumat verən rektor Elmar Qasımov Azərbaycanda alternativ enerjinin inkişafı istiqamətində son illərdə atılan addımlardan söz açaraq bildirdi ki, Ali Məktəbdə bu istiqamətdə bir sıra vacib işlər görülüb. BANM-də Bərpaolunan enerji mənbələri üzrə təlim və tədris mərkəzinin yaradıldığını da diqqətə çatdırdı. Azərbaycanın alternativ enerji mənbələrinə, xüsusən də günəş enerjisi potensialına görə olduqca zəngin olduğunu deyən Elmar Qasımov ekoloji və iqtisadi cəhətdən əlverişli olan günəş enerjisinin ölkəmizdə istifadəsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. "Çünki alternativ enerji qeyri-ənənəvi enerji mənbələrinin axtarışı və istifadəsinə əsaslanır. O, bərpa olunan ehtiyatlardan yararlanır, təbiətə ziyan vurmur, iqtisadi cəhətdən əlverişlidir” – deyə E.Qasımov qeyd etdi.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) Özbəkistan ofisinin baş nümayəndəsi Katsutoshi Fushimi qeyd edib ki, daha mükəmməl texnologiyaları tətbiq etməyin vaxtıdır və ənənəvi energetika yerini tədricən alternativ energy növlərinə verməkdədir. "Bu gün dünyanın yararlandığı və ölkəyə gətirilən alternativ enerji texnologiyaları tədricən genişlənməkdədir. Bunlardan ən əhəmiyyətlisi Günəş energisidir” - Katsutoshi Fushimi dedi.


Qeyd edək ki, 2016-cı ildə layihənin ideya müəllifi BANM-in 4-cü kurs tələbəsi Şamil Ömərov ATV telekanalında yayımlanan "İdeya qazandı” verilişində "Günəş panellərinin iki ox ətrafında avtomatik idarə edilməsi” mövzusunda layihə ilə çıxış edib. O, layihədə təqdim edilən qurğunun kiçik modelini nümayiş etdirib və real qurğunun yaradılması üçün maliyyə vəsaitinin ehtiyac olduğunu bildirib. Onun təqdim etdiyi layihəyə əsasən günəş panelləri vəziyyəti elə tənzimlənir ki, onlar avtomatik olaraq günəşə doğru istiqamətlənir və bununla enerji istehsalının 30% artımına nail olmaq mümkün olur. Bu layihə investorlar tərəfindən bəyənilmiş və onun reallaşdırılması üçün 4165 manat dəyərində maliyyə vəsaiti ayrılıb. Daha sonra Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi BANM-in tələbəsinin layihəsini beynəlxalq müsabiqəyə göndərmişdi. Bu layihə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən qrant aldı.