adalet.az header logo
  • Bakı 18°C
21 Fevral 2017 22:00
5118
SİYASƏT
A- A+

Azərbaycan-Ukrayna əlaqələri müzakirə olunub

Fevralın 21-də Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ziyafət Əsgərov Azərbaycan və Ukrayna arasında mövcud olan dostluq münasibətlərindən danışıb. Bildirilib ki, müstəqillik illərində bu dostluq əlaqələri daha da inkişaf edir. Ölkələrimiz həmişə bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyir. Ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan və Ukrayna taleyüklü məsələlərdə eyni mövqedən çıxış edirlər. Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayır.

Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən icra edilməməsi barədə də məlumat verib.

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Pavloviç Kuryaçiy vurğulayıb ki, onların səfəri çox mühüm bir hadisəyə Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. "Dağlıq Qarabağ münaqişəsində Ukraynanın mövqeyi belədir ki, biz mövcud status-kvonu qənaətbəxş hesab etmirik”, - deyə Maksim Pavloviç Kuryaçiy bildirib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, energetika sahəsində əməkdaşlıq və digər mövzularda da fikir mübadiləsi aparılıb.