adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

POMPEY, XOCALI VƏ... 613 ŞAM

VƏSİLƏ USUBOVA
32896 | 2013-02-23 14:22
Yalançı nikbinlik riyakarlıqdan başqa bir şey deyil. Bu həyatda seviniləsi o qədər az şey var ki...  Dəqiqəsinə ümid yoxdu, ölümü qaşla göz arasındadı, xaini, paxılı, ikiüzlüsü, yaltağı da dördbir yanında. Nə darıxmağa qoyurlar səni, nə də... sevinməyə...
Qəddarlığı, rəhmsizliyi, tamahkarlığı kəllədən yuxarı. Haqqa, ədalətə yumulan gözləri, qapanan qulaqları, sərvətə qıcanan dişləri gündən-günə dəyərli olan hər şeyi üstələyib heçə endirir, gülüş, rişxənd hədəfinə çevirir.
Bu rəzilliklərdən uzaq olmağı bacaranda, şükür eləməyə də nəyisə qalır dünyanın...
Hərdən insanın yaratdıqlarına təbiət də qənim kəsilir. Yəqin, bu, insan təbiətdən daha mükəmməlini yarada biləndə baş verir. Yerin təkində, göyün dibsizliyində olanların qısqanclığı oda-alova dönüb qarsır dünyanı, sellərə-sulara qarışıb udur yaradılanları... İnsan zəkasının bəhrəsini, sivilizasiyaları Yer üzündən silə bilir. Ancaq tarixdən yox! İnsanlar sevə-sevə yaratdıqlarını cismən itirəndə onu yaddaşlarda, nağıllarda, nəğmələrdə yaşada bilirlər. Olduğundan da gözəl təsvir edib özlərindən sonra gələnlərə ötürməyi bacarırlar...
Pompey gözəl şəhər idimi?! Şübhəsiz! Vezuvi də yeraltı güclərin yerin üzünə püskürən nəhəng, qarşısıalınmaz kini, qəzəbiydi...
Xilas eləmək olmazdımı Pompeyi?! Özünü olmasa da, sakinlərini xilas eləmək mümkündü. Əgər adamlar bir-birlərini eşitsəydilər, eşitdiklərini anlayıb düşünsəydilər, düşünüb çarə bulsaydılar... Bir şəhərin içində neçə qrup, neçə dəstə olmasaydı, dostla düşməni ayırmaq asan olsaydı... İnsanlar anlaşmayanda təbiətin zalımlığı, acımasızlığı birə-beş artırmış, demək...
Tək-tək ağlı başında olanların, özünü deyil, özgəsini də düşünənlərin səsi eşidilməyəndə xainlər, satqınlar əl-ələ verib fəlakəti bir az da artırırlar...

***
Xocalı Pompeydən "cavan" idimi?!..
Dünən salınan kənd də sakinləri üçün qədimdi, uludu...
Bir gecənin içində dünyanın ən qədim şəhərlərindən birinin yerində özü boyda odu keçib qaralmış ocaq qaldı...
Xocalı "xaraba", "bayquş" kimi qəlb üşüdən, damarlarda qanı donduran sözlərə sinonim oldu...
Tarixin təməli bir gündə, lap elə bir saatda qoyula bilir. Bir yaşıl budağı torpağa basdırmaqla, daşı daş üstünə qoymaqla əsrlərə, min illərə baş vuracaq nə qədər gərəkli işlər görülüb bu qoca dünyada...
Təməl qoyan uca insandı, banidi, özülçüdü...
Dağıdan, uçuran, mənimsəyən təməl qoymağa yeri olmayandı, yurdsuz, ocaqsızdı... Oğrudu...
Xarabalıqlardan yığdıqlarından, oğurladıqlarından özünə imarət yapanlar görüb bu dünya...

***
Sən, insan oğlu, azad deyilsən!..
Min illərdi "Azadlıq!" deyə çığırıb-bağırsan da birdəfəlik, həmişəlik heç nə qazana bilməmisən....
Çünki... özün istəmirsən bunu...
Çünki... Ruhun azad deyil sənin. Nə qədər ki, nəfəs alırsan, təkcə yuxularda istədiyin yerə gedə bilirsən, istədiyini edirsən. Ancaq... yuxuların da idarə olunur... Bunu bilirsənmi?!
Deməli, yuxularda da azad deyilsən...
Ruhunun azad olacağı başqa bir xəyali dünya yaratmısan özünə. Bu dünyada çəkdiklərini unudacağın, deyə bilmədiyini deyəcəyin, yeyə bilmədiyini yeyəcəyin, qovuşa bilmədiyinə qovuşacağın bir dünya! Varlığından, yoxluğundan hələ kimsənin qəti bir söz deyə bilmədiyi şirin, ilahi bir aləm!..
Yaxşı ki, Tanrı düşünməkdə, xəyal qurmaqda azad yaradıb insanı... Yoxsa, necə çıxardardıq canımızdan, qanımızdan bu dünyada udduğumuz zəhərləri?!..
Hələ ki, bu dünyadasan, ağlın kəsəndən ayağının altında əzməyə qul, başının üstündə durmağa ağa gəzirsən. Olmayanda özün axtarıb tapırsan. Çiynini qısıb, başını əyib qapaz gözləyirsən. Məqamında öz başına dəyəndən daha bərkini səndən aşağıda duranın təpəsinə vurursan...
Yaşam düsturuna, zövqünə çevirmisən artıq bunu...
Ancaq sən dünyaya azad gəlmişdin. Başının üstündə göy, ayağının altında torpaq vardı. Bu, hər şey demək idi. Daha nə lazım idi sənə?! Cismin yerdə gəzib, ruhun göylərdə dolaşacaqdı, demək...
Bacardınmı bunu?!. Özündən küs. Başqasının azadlığına əl qatanda itirdin Öz Azadlığını. Əlini çəkməsən, sənin də üstündən əl çəkilməyəcək...

***
Sən, insan oğlu, təbiətdən də qəddarsan! Təbiət Pompeyi yer üzündən siləndə heç olmasa, beş-altı adamın sağ qalmasına imkan vermişdi. Sənsə Xocalını hənirsiz, nəfəssiz qoydun. Sağ qalanlarını da yurdsuz, ocaqsız... Ürəyin soyumadı. Elədiklərinə min don geyindirib dünyanın gözü önündə fırlatdın. İllər ötdükcə haqqa getmək əvəzinə, nahaqqa qucaq açdın...
Bu gün özünə ziyalı deyib sinələrində daş ürək gəzdirənlərin yatanda da daş yuxular görürlər,  "türkün əliynən öldürülən" əzizlərinin hər birinə şam yandırıb Aydan da nurlu bir dünya yaratmaq istəyirlər...
Bizsə hələ qaranlıqlarda çabalayırıq. Dostumuzla (o varmı, görəsən?) düşmənimizin arasında vurnuxuruq...
Nə qədər ki, "Torpaq yuxular"ı görməyəcəyik, şamlarımız da yandırılmamış qalacaq...
Ən azından, təkcə Xocalıda yandırılası 613 şam...
O yerdə ki, yuxuda görməyə də daş qoymadılar qala...    
Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV