ÖTƏN GÜNLƏR QAYITMASA DA...

VAQİF YUSİFLİ
72994 | 2013-02-23 14:20
"Ömür keçdi, gün keçdi, Cavan olmam bir də mən". Bir xalq bayatısı bu nisgillə bitir və insan yaşa dolduqca doğrudan da ötən günləri tez-tez xatırlayır, o günlərin, o ayların içindən acılı-şirinli, ömür boyu unudulmayacaq anları çəkib-çıxarır, sanki o anları bir də yaşamaq istəyir.
Dünya ədəbiyyatında bu mövzuya yüzlərlə, minlərlə əsərlər həsr edilib. Son illər bu mövzuya tez-tez müraciət edən yazıçılarımızdan biri də Novruz Nəcəfoğludur. Onun "Keçən cavan çağım ola" povest-portreti gənclik illərinə səyahət əsasında yazılıb. Amma bu povest haqqında söz açmamışdan əvvəl müəllifin "Dağa çiyin verən ədib" ("525-ci qəzet, 8 dekabr, 2012) və "Belə qocalasan, qocalanda da" ("Ədalət" qəzeti,16 fevral, 2013) portret -hekayələrini xatırlamaq istəyirəm.
Ədəbiyyatda portret janrı çox işlək formalardan biridir. Bəzən elə zənn olunur ki, burada əsas xətti xatirələr, ömrün ötən günlərinin xatırlanması tutur, ona görə çətin deyil portret yaratmaq. Amma bu, yanlış fikirdir, çünki təkcə xatirələr əsasında bir insanın bədii portretini yaratmaq mümkün deyil. Portret yaratmaq üçün müəyyən bədii priyomlar, yazıçının xarakter yaratmaq vasitələri mühüm şərtdir və Novruz Nəcəfoğlu çox yaxşı tanıdığı iki insanın portretini məhz bu ustalığı sayəsində yarada bilmişdir. "Dağa çiyin verən ədib" xatirə-hekayəsinin qəhrəmanı mərhum yazıçı Məmmədhüseyn Əliyevdir. Azərbaycan oxucuları onu "Dağlar oğlu", "Dağda bahar", "Lənkəran hekayələri", "Torpağın ətri", "Qayaların səsi", "Döyüşən illər" kitablarından tanıyırdılar. O, vəfat etsə də, indi də onu xatırlayırlar, çünki nə doğulduğu Lerik torpağı, nə də Lənkəran ədəbi mühiti unudub onu. Məmmədhüseyn Əliyevlə mənim də bir neçə görüşüm olub və açığını deyim ki, təkcə yaş fərqinə görə deyil, ünsiyyət nöqteyi-nəzərindən də münasibətimiz dostluğa çevrilmədi. Amma buna baxmayaraq, qocaman bir yazıçı kimi ona hörmətim əksilmədi.
Novruz Nəcəfoğlunun xatirə-hekayəsində  Məmmədhüseyn Əliyevin tam və dolğun insan-yazıçı-ziyalı obrazı ilə qarşılaşırıq. Müəllif onunla görüşlərində ən xarakterik detalları xatırlayır: necə oldu ki, dağ cüssəli bu insan-kənd müəllimi Lerikdən uzaqlaşdı, Lənkərana köçdü və necə oldu ki, tezliklə Cənub ədəbi mühitinin aparıcı şəxsiyyətinə çevrildi? Bütün bunlara hekayədə cavab tapırıq və N.Nəcəfoğlu Məmmədhüseyn müəllimin xarakterindəki ən önəmli, insanlarla münasibətində dərhal üzə çıxan  cizgilərini təqdim edir. CƏSARƏT... "İndi bu sətirləri yazdığım məqamda düşünürəm ki, kim bilir, bəlkə də elə Məmmədhüseyn müəllimin  xatirinə o zamanlar bu əyalət şəhərində, Lənkəranda Yazıçılar Birliyinin filialı təşkil edilibmiş və təbii ki, o kişi də həmin filialın ilk rəhbəri olubmuş. Burasını da düşünürəm ki, Məmmədhüseyn müəllimin ötkəmliyinə, düzünəqululuğuna, cəsarətinə, elə bu keyfiyyətləri ilə də üst-üstə düşən geniş yaradıcılıq diapazonuna bələd olan "yuxarıdakı" suyu üfürə-üfürə içən yetkililər həm də tezcənə bu filialı "təşkil edibmişlər" ki, bu mərd, sözü kimi özü də bütöv kişinin başını buralarda qarışdırıb mərkəzdən uzaqda tutsunlar".
Məmmədhüseyn Əliyev kifayət qədər cəsarətli insan idi və N.Nəcəfoğlu da onun bu cəhətinin açıqlanmasına daha çox diqqət yetirir. Yaxşı olar ki, Novruz müəllim M.Əliyev haqqında bu yazını bir qədər də genişləndirsin, onun həssas bir ata, Cənub bölgəsinin ağsaqqalı, gözəlliklərə vurğun bir insan kimi də təqdim etsin.
"Ədalət" qəzetində çap olunmuş "Belə qocalasan, qocalanda da..." xatirə-hekayəsi isə (müəllif bu yazını esse-portret adlandırmışdır) qocaman ziyalı Həmzə Vəliməmmədova həsr olunmuşdur. Həmzə Vəliməmmədov yetmiş beş yaşına gəlib çatıb və  Novruz Nəcəfoğlunun təqdimatı olmasa belə, eşitdiyimə-bildiyimə görə, Həmzə müəllim Lerik rayonunda ən hörmətli, nüfuzlu şəxslərdən biri olmuşdur. Amma Novruz müəllim ona həsr olunan yazıda Həmzə müəllimin bütün insani cizgilərini bir araya toplayır və nəsillərə nümunə göstərir.  "Elin-obanın xətir-hörməti, ehtiramı, dövlət tərəfindən də qiymətləndirilərək verilən halal bir fəxri ad... Həmzə müəllimə həsəd yox, qibtə etmək olar: "Bax, belə qocalasan qocalanda da".
Bu iki hekayə sənədli faktlar əsasında yazılıb və müəllifin başlıca uğuru da sənəd faktını bədii fakta çevirib portret yaratmaqdır. Bu cəhəti biz müəllifin "Keçən cavan çağım ola" povest-portretində daha əhatəli, geniş şəkildə izləyə bilirik.Əgər haqqında söz açdığımız iki hekayədə sənədli faktlar mühüm rol oynayırsa və qəhrəmanları tanıtmaq üçün bədii stimula çevrilirsə, povestdə sənədlilik konkret mahiyyət daşımır. Burada sənədli, real, həyati faktlarla bədii həqiqətlər qaynayıb-qovuşur. O, yaxşı tanıdığı bir insanı-Kəlbi əmini oxuculara təqdim edir. Burada portret yaratmaq üçün geniş imkanlar üzə çıxır: Kəlbi əmi deyilən şəxs həm bir insan, el ağsaqqalı kimi fərdi planda, həm də onu əhatə edən mühitin, dostlarının əhatəsində canlandırılır. Ümumi xarakteristikalarla müəyyən bir hadisənin təsviri zamanı diqqəti cəlb edən təsvirlər bir-birilə çulğaşır, portretin daha dolğun çıxmasını şərtləndirir.
"Kəlbi əmi ağayana adam idi. Ətrafındakı adamlarla, qohum, qonum-qonşu, tanış-bilişlə münasibətlərində qəribəliklər, özünəməxsusluqlar vardı". Müəllif də elə bu qəribəliklərdən, özünəməxsusluqlardan söz açır. Məlum olur ki, Kəlbi əmi elin-obanın müqəddəs sayılan, bütün əsrlər boyu uca tutulan adət və ənənələrinin, ən gözəl keyfiyyətlərinin təcəssümüdür. Əlbəttə, müəllif onu zorla, süni şəkildə bütün müsbət keyfiyyətləri özündə əks etdirən bir obraz kimi canlandırmaqdan vaz keçir, qəhrəmanını hərəkətdə, insanlarla münasibətdə, rəftarda  göstərir.
Hər şeydən əvvəl, Kəlbi əmi dostluğa layiq bir insan kimi təqdim olunur.Povestdə-bütün əsər boyu, insanların münasibətlərində DOSTLUQ onları ucaldan, ülviliyə səsləyən mənəvi bir nemət kimi vəsf olunur. "İllər ötdükcə, mən də böyüyüb yaşa dolduqca qonşu kənddə yaşayan Kəlbi əmi ilə atamın dostluğu da böyüyür, iki dost evin oxşar tale qayğıları da, qismətlərinə düşən sevinc payı da bərabər bölünürdü.  Vallah, lap nağıllardakı kimi. İndi hər ikisi haqq dünyasına qovuşmuş o əzəmətli, məğrur kişilərin dostluq etdikləri uzun illər ərzində aralarında cüzi də olsa inciklik, soyuqluq görmədim və onları tanıyan bir kimsə də dediklərimin əksini söyləyə bilməz. Kəlbi əmi bizim evin qapısı üzünə açıq, həmişə yolunu gözlədiyimiz əziz qonaqlarından idi...Dost dediyi, dost bildiyi adamlar onun nəzərində müqəddəs idi. Dostlarının yolunda hər əziyyətə hazır adam idi". Bu ucqar dağ kəndlərinin "dostluq kodeksi"ndə yazılıb ki, dağ camaatının, xüsusən, bu yerlərin sakinlərinin belə bir adətləri də var ki, hər ailənin başqa kəndlərdə yaşayan müxtəlif peşə sahiblərindən dostları olur.
Povestdə xalq mənəviyyatını əks etdirən adət-ənənələr, xüsusi məna daşıyan etnoqrafik xüsusiyyətlər, nəsillərdən nəsillərə ötürülən məişət reallıqları haqqında da maraqlı söhbətlərin şahidi oluruq. Məsələn, "Halabinni qalayçılar" haqqında öyrənirik ki: "Bütün kəndin mis qab-qacağının, samovarlarının qalaylanması bir neçə gün çəkərdi.  Və bu bir neçə gündə evdə uşaqlardan ən böyüyü olan mənim də öhdəmə körük basmaq düşərdi. Qoyun dərisindən olan körüyün qolçaqları ilə hava vurmaq çox maraqlı idi və mən də bu işi həvəslə yerinə yetirirdim". Bəzən bu tipli təsvirlər -bu etnoqrafik detallar povestə bir şeiriyyət gətirir, təhkiyənin axarını şirinləşdirir: "Kiçik yaşlı qızlar, Gülbeyişlə Gülgəz çoxdan keçib hananın arxasında, daldanacaqda yatmışdılar. Evin xanımları da toxuduqları xalçanın üstündə bugünlük işi bitirib, kirkizi hananın arğacının arasına taxıb həvəni də yerə qoyaraq mürgüləyirdilər.  Onu da deyim ki, bu evə gəlib-gedəndən gah kilim, gah da xalça toxunan o hananı öz yerində görürdüm.  Payızın orta ayından, əl-ayaq, çöl-bayır işindən yığışandan elə indiki durduğu yerdə hana quraşdırılır, bayramqabağı "qırmızı" lent kəsilib yığışdırılırdı.  Bir sözlə, bütün qışı Bacı nənənin çəhrayı peçin böyründə öz məlum nəğməsini oxuyur, həvə, kirkiz də öz təbilini döyürdü".
Povestdə milli adət-ənənələrin təcəssümü olan bəzi obrazlara münasibət xüsusilə diqqəti cəlb edir.  Məsələn, AT obrazını götürək. Bütün povest boyu Ata xüsusi rəğbət hiss olunur. "At minən kişi düşdüyü yerdə gərək özündən əvvəl miniyinin qayğısına qalsın. Onu yerbəyer edib otunu, suyunu versin". Bu, təkcə qayğı deyil, həm də əsrlərdən gələn, nəsillərdən nəsillərə keçən əxlaqi dəyərdir. Atı sevmək insan sevgisinin bir əlamətidir! Təsadüfi deyil ki, Kəlbi əmi atları sevdiyi üçün cavan dostuna bir daylağ bağışlayır. Kəlbi əminin Ata məhəbbəti bəzən sərhəd tanımır. Povestdə onun atının itməyiylə bağlı səhnə çox təsirlidir. Məlum olur ki, sevimli atı indi başqasınındır. Həmin adam atı qaytarmaq istəmir. "Qərəz, atın yanında da kişi ilə bir xeyli çənə döyürlər.Ata sahib durmaq istəyən deyir ki, nə olsun, biz yaxınlaşanda at kişnədi. Bəlkə elə məni görüb kişnədi. Kəlbi əmi deyir ki, sən dur bu atın yanında, mən yavaş-yavaş uzaqlaşım, əgər at cidardan dartınıb arxamca kişnəməsə sənə bu at nədi, bir atın da pulunu verib, o həyətində harayına gəlib sənə qahmar çıxmaq istəyən adamlardan da üzr istəməsəm, bu bığlar haram olsun mənə".Şərtləşdikləri kimi edirlər. At hörükdən dartınıb güc vurur, mıxı yerdən çıxara bilməyəndə kişnəməyə başlayır.Kəlbi əmi də geri dönüb "başıma nə gələr-gələr" deyib əl atıb hörüyünü yerdən çıxarıb yalını qucaqlayır...Çox təsirli səhnədir.
Kəlbi əminin xarakteri iki aspektdə daha çox açılır: birincisi-insanlara, ikincisi-təbiətə münasibətdə. O, ətrafındakı adamlara münasibətdə həmişə humanist mövqedədir, gah bir ağsaqqal kimi öz missiyasını yerinə yetirir, gah da özü insanlara nümunə göstərir. Sevgi onun onun xarakterinin müəyyənedici cəhətidir. O, torpağı sevir, əkinçi olmaqdan, yer şumlamaqdan həzz alır. O, təbiəti sevir-ağacı, çiçəyi, quşu, yarpağı, dağı, dərəni, atı, mal-qaranı sevir və bütün bu sevgilərdən həzz alır.
Kəlbi əmi XX əsrin son illərinə qədər yaşayır. Bu dağ cüssəli, yenilməz kişi el ağsaqqalı "köhnə kişilərdən" idi və həmin nəsil artıq tarix səhnəsindən silinməkdədir. Ancaq özləri dünyanı tərk etsələr də, əməlləri yaşayır. "Ömrü boyu heç kəsə, heç kimə yenilməyən kişi xəstəliyə yenilmiş, həyatdan ümidini üzmüşdü...Bu, son görüşümüz oldu. İki gün sonra ...Kəlbi əmini çiyinlərimizdə son mənzilə yola saldıq".
Povestin aydın, sadə bir dillə yazıldığı da gözdən qaçmır. Müəllifin dili xalq dilindən şirə çəkir, ədəbi dillə xalq dili bir-birinə qaynayıb-qovuşur, bir məcrada birləşirlər. Təsvirlər canlıdır, hər cümlənin öz məna yükü var. Bir misal gətirək: "Fərman kişi kəndimizə gələndə heyva ilə yüklü atının üstündə əlavə sovqatlıq xurcunu da olardı. O xurcun da bir tərəfinə un, o biri tərəfinə yayda yuyulub qurudularaq qış ehtiyatı üçün buğda yığılmış iki gözlü taxta kürüncün üstündəki yük yerində, anamın hündürdə qoyulmuş sandığına boşalardı. Anam da hər sandığı açanda ətri otağımızı dolduran o heyvalarla bizi Novruz bayramına qədər "yola verərdi".
Bir abzaslıq bu kiçik təsvirdə Xurcun..bir detal kimi yaddaşa hopur.
Povestdə xalq ruhunu ifadə edən atalar sözləri, zərbül-məsəllər, idiomlar xüsusilə qabarıq nəzərə çarpır.
"Keçən cavan çağım ola" povest-portreti Novruz Nəcəfoğlunun yaradıcılığında kəndə, ana təbiətə, torpağa məhəbbətin növbəti ifadəsi hesab edirik. Kəndə, torpağa, təbiətə qayıdış kökə, ilkinliyə qayıdış deməkdir!
Vaqif  YUSİFLİ

TƏQVİM / ARXİV