adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Səhra səfəri

MƏMMƏD DƏMİRÇİOĞLU
30872 | 2013-02-23 14:19
2-ci hekayət
(əvvəli ötən şənbə sayımızda)
Xeyirli xıdıra oxşamayan "UAZ" markalı milis maşını  balaca limana yaxınlaşırdı. Ola bilsin ki, heç bizim həyəcanımıza lüzum yox idi. Bəlkə də başqa məqsədlə gəlirdilər. Bütün bunlara baxmayaraq biz daxili gərginliyimizi üstələyib, üzümüzdən həyəcanımızı qovmalıydıq. Amma Arif maşını tünlüyə elə soxmuşdu ki, xüsusi axtarış olmasaydı maşının qabaq hissədən əzildiyini görmək mümkün deyildi. Ürəyimizdə Uca Tanrımıza yalvararaq dualar etməyə başladıq.
Polis maşını yaxınlığımızda dayandı, içindən tələsik düşən milis işçiləri öz dillərində danışaraq maşınların tünlüyünə tərəf  irəlilədilər. Bizim gözümüz isə o birisi tayda yüklərini götürən qoşqu bərədə qalmışdı. Bəlkə də biz gecikmişdik. Arxasına qoşub yüklə dolmuş bərəni bu üzə dartıb gətirən katerin fit səsini aydınca eşitdik. Fit çalmağıyla göy üzünə bir topa qara tüstü buraxan kater artıq bu üzə yollanmışdı. Bizim o birisi sahildə olmağımıza cəmi yarım saat bəs idi. Bu bir neçə dəqiqə ərzində çox şeylər baş verə bilərdi. İçimizdə azacıq sakitlik yaranmışdı. Milislər bizim maşının yanından ötüb, sahilə daha yaxın olan maşın sıxlığına doğru getdilər. Ya onlar bizim maşını görməmişdilər, ya da görünür başqa məqsədlə axtarış aparırdılar. Onlar bir də bizim maşına yaxınlaşana qədər bərə bu sahilə yetişdi. İşə salınan maşınların gurultusu axşam alatoranının canına vəlvələ saldı. Bu qürbət diyarda çətin anlar yaşadığımızı görən Tanrımız doğrudan da bizim duaları eşitmişdi.
Belə anlarda maşın tünlüyünə bir vəlvələ düşür, bir yandan bərədən düşənlər, bir yandan da bərəyə minmək istəyənlər ora-bura vurnuxurdular. Bu qarmaqarışıqda milisləri itirdik. İndi nəyin bahasına olursa-olsun özümüzü bərənin içinə salmalıydıq.
Sırdərya çayı lal axarıyla üstünə 50-dən çox yüklü trayler və minik maşınları ilə yüklənmiş bərəni katerin arxasından qoparıb öz axınına qoşmaq istəyirdi. Bu bərə və dərya savaşında, bu savaşın qəhrəmanı olan kater mübariz bir qarışqanı xarırladırdı. O, inadkarcasına çayın axarının əksinə üzərək lal-dinməz bərəni çayın o biri sahilinə dartıb aparırdı.
Deyəsən, xatadan sovuşmuşduq. İndi düşməyə o qədər də tələsmirdik.  Bərədən sahilə enən maşınlar yüz, yüz əlli metr aralıda, kiçik gömrük postunda qeydiyyatdan keçərək  səhraya doğru tələsirdilər.
Biz də öz növbəmizdə sənədlərimizi pəncərədən içəri uzatdıq. İçəridə oturmuş türkmən zabit sənədlərimizə baxaraq:
-Siz maşınınızı sağ tərəfə çəkib saxlayın - deyib, sənədləri özündə saxladı.
-Arif, işimiz bitdi. Görünür, bu sahilə xəbər veriblər. İndi biz nə edəcəyik, Mixail Nikolayeviçi haradan alacağıq? - deyib, Arifin üzunə baxdım.
Bütün maşınları yola salan zabit ikimizi də içəri çağırdı.
-Zemlayki, Bakıya gedirsiniz?
-Bəli, yoldaş kapitan, nə olub ki? - deyərək həyəcanımızı boğmağa çalışdıq.
-Bizə tapşırıblar ki, Bakıya gedənləri xəbərdar edək. Bir neçə gün Xəzər dənizində fırtına olacaq. Ola bilsin, Bakıya üzən paromlar təxirə salınsın - deyib, sənədləri özümüzə qaytardı.
- Xəbərdarlıq üçün çox təşəkkür edirik, yoldaş kapitan - deyib, üzümüzə məyus görkəm versək də daxilən sevindik.
Xatadan tam süyüşmüşdük. Plan üzrə biz gecəni Çərco şəhərində gecələyib, sübh tezdən daha ağır və üzücü olan səhra səfərinə çıxmalıydıq. Amma "ehtiyatlı igidin anası ağlamaz" deyib, mümkün qədər buralardan uzaqlaşmaq qərarına gəldik. Çərco şəhərində gecələməkdən vaz keçib, üzü Marı vilayətinə tərəf yola başladıq.
Yol səhra boyunca xətt kimi uzanırdı. Bu məchul və üzücü yolun 150 km.- də dayanmaq məcburiyyətində qaldıq. Yuxu bizi təntitmişdi. Bu səbəbdən maşını yanacaqdoldurma məntəqəsinə çevirdik.
Bizdən bir az aralıda  çiyni silahlı milis nəfəri o yan-bu yana var-gəl edirdi. Bizimlə dalqabaq gələn "Vaz-07" markalı maşın da arxamızda saxladı və sürücü maşından düşüb bizə yaxınlaşdı:
-Uşaqlar, mən ta Buxaradan sizinlə dalqabaq gəlirəm. Fərab yolundakı qəzadan yaxşı qurtardız. Mən elə bildim ki, qadın öldü. Ançaq düzünü deyim, sizdə günah yox idi. Matasikl...
Başımızın işarəsiylə milisi göstərib, barmağımızla susmaq işarəsi verdik:
-Sakit danış, - deyib milisə tərəf baxdıq. Qaranlıq olduğundan maşının vurulmasını görməmişdi. Amma o da diqqətlə bizə tərəf baxırdı.
Burada gecələmək fikrindən də vaz keçib yenidən sükan arxasına  keçdik...
Gecə yarıdan ötmüşdü. Artıq tam olaraq dirənmişdik. Nəhayət, kiçik bir qəsəbəyə çatıb, yolun kənarındakı avtobus dayanacağında motoru söndürüb elə maşındaca şirin yuxuya getdik.
Qəsəbə sakinləri qonaqpərvərlik göstərdilər, qısa zaman içində qabaq şüşəni dəyişdirdilər, kapotun əziyini də vurub çıxardılar. Kefimiz kökəlmişdi. Gecə çox isti olmasına baxmayaraq, səhərin sərin mehi gün çıxana qədər səhranı cənnətməkana çevirmişdi. Özümüzlə kifayət qədər su götürüb yolumuza davam elədik.
Çərco vilayətindən Marı vilayətinəcən yolun uzunluğu 350 km. idi. Onun təxminən 150 km-ni gecə qaranlığında gəlmişdik.  
Səhərin sərin mehini qaynar nəfəsiylə əvəz edən günəşin şəfəqləri hər yanı sapsarı rəngə boyamışdı. Etiraf edim ki, bu vaxta qədər mən səhraları ancaq filmlərdə görmüşdüm. İndi isə canlı səhraların yolçusu kimi bu yeknəsək, cansıxıcı mənzərələrə tamaşa edərək cəhənnəm odu püskürən  səmum küləkləri ilə yol yoldaşlığı etməliydik.
Mən ilk dəfə Bakıya oxumağa gələndə dənizi görüb nə qədər heyrətlənmişdim, həmin gün də sarı ummana bənzəyən səhranı görüb, bir o qədər heyrətimi gizləyə bilmirdim. Ara-sıra kom-kom  ulğun kollarını görəndə özümü onların yerində hiss edirdim və dərhal əlimi termosa uzadır, bir neçə qurtum su içərək yanğımı söndürürdüm. Küləklərin sovuraraq yaratdığı səhra mənzərələri məni heyran etmişdi. Səhranın da öz naxışları, öz bər-bəzəyi varıymış. Arada maşını saxlayıb, bu ilahi mənzərələrlə canlı təmasda olmaq istədim. Aman Allah, sanki təndirin içinə düşdüm.
Asfaltdan qalxan qaynar hava üzumü qarsaladı. Yoldan xeyli aralanıb qumların üstüylə qum təpəsinin üstünə çıxmaq istədim. Mən heç bir addım da irəliləyə bilmirdim. Qum təpəsi üyünərək aşağı axır, mən isə bir qarış da olsun yuxarı çıxa bilmirdim. Arif uzaqda görunən dəvələri göstərərək:
- Bir az tez ol, indicə nəfəsimiz kəsiləcək, yolumuz da uzundu, tələsməliyik, -deyib məni maşına tərəf səslədi. Ulğun kolundan qopardığım quru çubuğa xeyli tamaşa edib maşına əyləşdim. Bu dəfə sükan arxasında Arif oturmuşdu. Mən isə tamam başqa bir aləmdəydim. Ulğun kolunun kölgəsinə sığınmış sarı çiçək- səhra gülü gözümün önündən getmirdi. Ovuc kimi açılmış, saralmış yarpaqların arasına sığınmış sapsarı səhra gülləri.
Bitib-tükənməyən səhra yollarıyla şütüyən ağ rəngli maşınımızın pəncərəsindən fışqırtı ilə içəri dolan cəhənnəm küləyi üz-gözümüzü qarsalayırdı. Mənim fikrim isə səhra güllərinin yanında, ulğun kollarının bir-birinə dolaşmış budaqlarında qalmışdı:

Əsdi səmum yeli, qalıxdı qumlar,
Yaradan açılmış sarıqdı qumlar...
Darıxdı dəvələr, darıxdı qumlar,
Bir nəğmə oxuyun, səhra gülləri.

İlğım arzulara çatmaq nağıldı,
Üyünür yollara qum yoxuşları.
Kölgə də salmayır qısır buludlar,
Yağır göy üzündən qum yağışları.

Sovrulub yellərə karvan yolları,
Sığallı şırımlar-Leyla qolları.
Sevdalı Məcnundu ulğun kolları,
Bir nəğmə oxuyun, səhra gülləri.

Yanır dodağında suların səsi,
Köçüb durnalarla meh arzuların.
İlğımda əriyib qönçə istəyin,
Qumlarda göyərir şeh arzuların.

Ümidlər bağlayır bizi göylərə,
Dualar aparır sözü göylərə.
Allahı çağırıb üzü göylərə
Bir nəğmə oxuyun, səhra gülləri.

Qan verən dan yeri... can verən qürub...
Köçən durnaların karvan kölgəsi...
Sonuncu ümidin son nəfəsidi,
Hardasa mələyən ahunun səsi...

Göy üzü Tanrıdı, Yer üzü bəndə,
Göy üzü səndədi, yer üzü məndə.
Yer üzü, göy üzü düşübdü bəndə,
Bir nəğmə oxuyaq, səhra gülləri...

Maşınımız təzə olduğundan  rahatlıqla Marı vilayətindən otüb, Aşqabad şəhərinə yaxınlaşdıq. 380 km-lik bu yol daha agır, daha üzücü bir yol idi. Gün  günortanın ortasında idi. Su ehtiyatımız bol olsa da, çox qənaətlə işlədirdik. Başımızın şiddətli ağrılarını dəsmalı isladıb alnımıza qoymaqla  sakitləşdirirdik.
Yollar bitmək bilmirdi. Biz gedirdik. Vətənə doğru can ataraq üzü Aşqabada tələsirdik. Bu yolların geriyə dönümündə, başımıza gələcək faciədən xəbərsiz,  Aşqabaddan ötüb, Qızılarvad  qəsəbəsini də  keçib, Krasnovodsk vilayətinə yaxınlaşmağa başladıq...

(Ardı gələn şənbə sayımızda)
Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV