adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Fevral 2017 12:47
7116
MƏDƏNİYYƏT
A- A+

«SƏN SUPERSƏN»

Müxtəlif ölkələrin televiziya kanallarında və eləcə də öz televiziyalarımızda çox maraqlı layihələr həyata keçirilir. Xüsusən də mədəniyyət və incəsənət sahəsinə həsr olunmuş bu layihələr istedadlı gənclərin tapılıb üzə çıxmasına böyük köməklik göstərir. Hansı ki, bu istedadlar uzun müddət hardasa qalıblar və onları arayıb-axtaran olmayıb.

Bayaq dediyimiz kimi, bu cür layihələr və müsabiqələr böyük tamaşaçı auditoriyası tərəfindən də maraqla qarşılanır. Belə layihələrdən biri də Rusiyanın NTV telekanalında həyata keçirilir. Layihənin adı «Sən supersən» («Tı super»).

Bu kanalda Azərbaycandan da iki gənc qız müsabiqədə iştirak eləmək hüququ qazanıb. Onlardan biri Bakıdan, digəri isə Gəncədəndi. 15 respublikanın iştirak etdiyi bu müsabiqədə Bakıdan olan qız möhtşəm çıxışı ilə həm münsifləri, həm də tamaşaçıları təəccübləndirib.

Bir faktı da qeyd edək ki, həmin qız kimsəsizlər evində böyüyüb. Buna baxmayaraq, Allah-Təala ona çox böyük istedad və bacarıq bəxş edib.

Onun çıxışı televiziyada yayımlanarkən sevincimdən gözlərim yaşardı. Çünki bu uşaq böyük Müslüm Maqomayevin ifa etdiyi «Ana» mahnısını özünəməxsus bir sevgiylə tamaşaçılara çatdırdı. Və o da təsadüfi deyil ki, münsiflərdə əyləşmiş nümayəndələr mahnı səslənən kimi təəccüblərini gizlədə bilmədilər. Şərq musiqisinin ürəkləri fəth etməsi və hətta rus mütəxəssislərini və tamaşaçılarını yerindən tərpətməsi təsadüfi deyildir. Çünki həmin uşaq bu mahnını ifa edərkən ürəyinin, qəlbinin və iç dünyasının səsini, harayını o salona çatdırırdı.

Ən gözəl məqamlardan biri isə həmin qız mahınını ifa edib başa çatandan sonra Azərbaycanın Rusiyadakı səfiri, böyük bəstəkar və böyük estrada müğənnisi Polad Bülbüloğlunun səhnəyə çıxması oldu. Aparıcı Polad Bülbüloğlunu təqdim edərkən unikal ifadə işlətdi: «Milyonların sevimlisi Polad Bülbüloğlu!»

Bəli, Polad Bülbüloğlu doğurdan da milyonların sevimlisi olan böyük müğənnidir. Və təsadüfi deyil ki, Azərbaycanın böyük elçisi kimi Rusiya-Azərbaycan dostluğunun daha da möhkəmlənməsinə böyük töhfələr verib. Amma sapı özümüzdən olan baltalar ona şər-böhtan yaxmağa can atdılar. Polad Bülbüloğlu isə gün işığı kimi bir nurdur. Onun qarşısını hansısa bulud, qaranlıq qüvvə bir anlıq ala bilər. Amma bir andan sonra o günəş üfüqdən yenidən çıxacaq və aləmi nura boyayacaq. Bax, Polad Bülbüloğlu da belə bir işıqlı, nurlu, böyük bəstəkar, böyük müğənnidir. O səhnəyə çıxmağı ilə yenidən salonunu öz nuruna, öz işığına bələdi. Və taşamaçılarn alqışları fasiləsiz səsləndi. Elə həmin qıza da tərcüməçiliyi Polad Bülbüloğlu elədi. Münsiflərin söylədiyi fikirləri qıza çatdırdı, qızın söylədiyi sözləri isə münsiflərə tərcümə elədi.

Səhnədə çox gözəl bir aura yarandı. O qızın şirin, gözəl məlahətli səsinə Polad Bülbüloğlunun nuru, işığı ələndi. Münsiflər və tamaşaçları qeyri-adi səsi olan o qızı bir daha yenidən alqışladılar, sevdilər. Münsiflərdən biri qeyd etdi ki, biz «Ana» mahnısında şərq musiqisinin koloritini, rəngini, incəliyini duyduq. Qız çox gözəl oxudu! Amma bir iradımız var ki, gələn dəfə oxuyanda gözlərini açıb oxuyarsan. Sənin həm də gözəl gözlərin var. Qız bir kəlmə rusca söz dedi: «Spasibo!». Bu sözdən sonra salon onu yenidən alqışladı və münsiflərdən biri yerindən diləndi ki, görürsənmi artıq rusca danışmağı da öyrənirsən.

Çox unikal və yaddaqalan bir an yaşandı. Qız mahnını ifa edib münsiflərlə xudahafizləşəndən sonra səhnə arxasına keçdi. Səhnə arxasında da Polad Bülbüloğlu öz böyüklüyünü bir daha göstərdi. O, qızı balası kimi bağrına basdı və ona öz səmimi münasibətini bildirdi. Qız da hiss elədi ki, böyük bəstəkar və böyük müğənni ona ata sevgisiylə yanaşdı. Təbii ki, bu sevgi, bu istək və bu məhəbbət həmin qızda çox böyük inam və güc verdi. Bu inam və gücün hesabına təbii ki, o növbəti mərhələdə də yüksək səviyyədə çıxış edəcək, ölkəmizi həmin müsabiqədə şərəflə təmsil etməyə nail olacaqdır.

Səhv eləmiriksə, şənbə günü Moskva vaxtı ilə saat 20:00-da «Tı super» verilişi yenidən efirdə göstəriləcəkdir. Biz Azərbaycandan gedən hər iki gənc müğənniyə böyük uğurlar və yeni sevinclər arzulayırıq. Qoy onlar Rusiyanın səhnəsindən Azərbaycanın möhtəşəm və unikal mahnılarını səsləndirsinlər və dünya bir daha əmin olsun ki, bizim necə gözəl, necə rəngarəng və yaddaqalan mahnılarımız, musiqilərimiz var.

Bu qızın ifasında hər cür mahnı gözəl səslənə bilər. Ən azından ona görə ki, Allah-Təala o qıza gözəl səs verib, gözəl nur verib və gözəl də anlar bəxş edib.

Faiq QİSMƏTOĞLU