adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Fevral 2017 14:44
7401
GÜNDƏM
A- A+

HEÇ OLMASA ATANIN RUHUNA HÖRMƏT ELƏ!

Xocalı soyqırımından 25 il ötür. 25! Bir igidin ömrü! Qarabağ müharibəsində çox igidlər şəhid oldu heç 25 yaşını görməmiş!

Xocalıda ermənilər Alman faşizmini də dəhşətə gətirə biləcək bir vəhşilik törətdilər, bir soyqırım etdilər. Artıq dünyanın bir çox ölkələri Xocalı soyqırımını tanıyıb. «Xocalıya ədalət» kampaniyası bu sahədə çox işlər görüb və görməkdədir. Hazırda həm Avropada, həm də dünyanın bir çox ölkələrində «Xocalıya ədalət!» şüarları ilə anım mərasimləri keçirilir.

Belə bir vaxtda bir görün nəyi müzakirə edirik? ABŞ-da, nə bilim dünyanın hansısa xarabasında oturub Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrət bəsləyən bir xanm sosial şəbəkədə bir video paylaşır, Xocalı soyqırımında öz xalqını günahlandırır. Qısası, bir quyuya daş atır, indi yüz ağıllı o daşı çıxarmağa çalışır. Ətrafındakı müəyyən kərtənkələlər də həmin yüz ağıllı ilə höcətləşir.

Ermənistan prezidenti Sərkisyan dünyanın ən yüksək tribunasından bəyan edir ki, Xocalı soyqırımını mən törətmişəm. Zori Balayan bir azərbaycanlı cocuğa qarşı elədiyi vəhşiliyi öz kitabında yazır. Nə bilim, digər erməni siyasətçiləri və döyüşçüləri bu soyqırımda iştirak elədikləri ilə fəxr edirlər.

Və birdən quqquluqu. Bir nəfər ortaya atılıb deyir ki, soyqırımın günahkarı biz özümüzük.

Uzaq keçmiş deyil ey, hələ şahidlər yaşayır ey. Fevralın 26-da az-çox salamat qalmış xocalıları xilas etmək üçün döyüşə atılıb Qaraqayanı ermənilərdən təmizləyən, Xocalı camaatını qucağında, belində, çiynində daşıyan mərd oğulların çoxu Allaha şükür ki, sağ-salamatdı.

Həmin vəhşiliyi ilk dəfə lentə alan Seyidağa Mövsümov, Tahir Qarayev, Xocalı camaatını xilas etmək üçün döyüşlərə atılan Milli Qəhrəman Allahverdi Bağırovun könüllü döyüşçüləri – Rey Kərimoğlu, Səxavət, şair German, Firudun, Pələng Elməddin (bu siyahını uzatmaq olar) bədənlərinin müxtəlif hissələrini itirsələr də, bədənlərində hələ də düşmən qəlpələri gəzdirsələr də Allaha şükür ki, sağ-salamatdılar.

Osman Mirzəyev kimi vətənpərvər bir kişinin, Qarabağda şəhid olmuş bir kişinin övladının belə bir ərəfədə erməni dəyirmanına su tökməsindən dəhşətli bir şey yoxdu. Bu millətə hörmət eləmirsən, heç olmasa atanın ruhuna hörmət elə.

P.S. Düzdür, bu xanıma layiqli cavablar verilib. Belə layiqli cavabın biri də qazi Rey Kərimoğludan gəlib. Reyin cavabını həm saytımızda, həm də qəzetimizdə oxuya bilərsiniz.