“Daha bir talış”ın İrəvandan sığınacaq istədiyi barədə xəbər saxta çıxdı
Musavat.com Ermənistanın növbəti şousunu ifşa etdi; Lerik Rayon İcra Hakimiyyətinin rəsmisindən açıqlama
Ermənistan mətbuatı daha bir Azərbaycan vətəndaşının İrəvana getmək istədiyi barədə iddia ilə çıxış edib. Məlumatda deyilir ki, Lerik rayon sakini Eldəniz Quliyev Ermənistandan sığınacaq almaq niyyətindədir. Ermənilər bu barədə xəbəri talış bloggeri Azər Kazımova istinadən yayıblar. İddia olunur ki, E.Quliyev Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovdan şikayətçidir. O bildirib ki, icra başçısı ona məxsus fərdi torpaq sahəsini zorla əlindən aldığı üçün bu addımı atmağa qərar verib. İddia olunur ki, rayon sakini şikayət etdikdən sonra təzyiqlərə məruz qalıb. Göründüyü kimi, Ermənistan İrəvandan sığınacaq istəyən, talış dilini bilmədiyi halda, "talış” kimi təqdim edilən Şahin Mirzəyevin ətrafında şou qurduğu bir ərəfədə daha bir "talış” kartından yararlanmağa çalışır. Elə araşdırmalarımız zamanı erməni mətbuatının saxta məlumat yaydığını dəqiqləşdirdik.
Lerik rayon İcra Hakimiyyəti başçısının 1-ci müavin Cəlil Baxşıyev açıqlamasında ermənilərin yaydığı məlumatı təkzib etdi. Bildirdi ki, düşmən təbliğatı saxta məlumat yayıb: "Bu xəbər yayılan kimi, mən Eldəniz Quliyevi yanıma çağırdım, bazar günü onunla bu barədə xeyli söhbət etdik. Deyir ki, mənim adımdan belə bir müraciət yayıblar, özümün xəbərim yoxdur. Tamamilə imtina edir ki, Ermənistandan sığınacaq istəmək söhbəti ola bilməz. Özü qətiyyətlə təkzib edir ki, belə bir şey mənim özümə və yaşadığım ölkənin adına yaraşmaz”.
C.Baxşıyev qeyd etdi ki,Ermənistan mətbuatının cəfəng iddiaları tam saxtadır və Lerik rayonunda, Nəriman Nərimanov 21 ünvanda yaşayan E.Quliyev hazırda öz evindədir. Birinci müavin bu kimi xəbərləri, həmçinin Kəlvəz kənd sakini Şahin Mirzəyevin işğalçı ölkədə sığınacaq istəməsini rayon sakinlərinin nifrətlə qarşıladığını da söylədi.