adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Fevral 2017 13:40
5265
MƏMLƏKƏT
A- A+

SAKİNLƏRİ NİYƏ ALDADIRLAR?

Bu gün bir çox sakinlər yeni inşa edilmiş yüksək mərtəbəli binalarda («novostroyka») mənzil almağa daha çox maraq göstərirlər. Çünki bu binalardakı mənzillər genişdir və hər cür şərait vardır. Başqa sözlə demiş olsaq, həmin binalarda yaşamaq insanlar üçün daha rahatdır. Onunla işimiz yoxdur. Kim harda istəyir orda mənzil ala bilər və yaşayar.

Ancaq son vaxtlar bu binalarda yaşayanların bir məsələ ilə bağlı narahatlığı vardır. Bu da onunla bağlıdır ki, həmin binalarda mənzil alıb yaşayanlar əlavə haqq ödəməkdən lap beziblər. Düzdür, hər bir sakin kommunal xərcləri ödəməyə borcludur. Əlbəttə, kimsə işığın da, qazın da, suyun da, liftin də, lap eləcə tullantıların da pulunu ödəməlidir. Bunun başqa cür çıxış yolu yoxdur.

Təəssüflə qeyd etməliyik ki, bir çox yeni tikilmiş binalarda yaşayan sakinlər kommunal xərclərin onlardan həddindən çox alındığını bildirirlər. Onlar deyirlər ki, köhnə binalarla kommunal xərc üçün uzaqbaşı ayda 10-15 manat pul ödənilirsə, təkcə xidmətə və eləcə də məişət tullantılarının daşınmasına görə, biz 50-60 manat hər ay pul ödəməliyik. Binaların sahibləri özlərini ağa kimi aparır və bu pulu verməyənləri incidir və hətta işığını, qazını kəsdirir. Kimin ağzı nədir ki, onların dediyi ilə oturub-durmasın. Bax, onda bir həngamə baş verir ki, gəl görəsən.

Bir afktı da qeyd edək ki, əgər hər hansı yeni tikilmiş binanın mənzilləri sakinlər tərəfindən özəlləşdirilirsə, (yəni kupça alınırsa) bu insanlar heç də bu qədər artıq pul ödəməyə borclu deyil. Çünki mülkiyyətin sahibi artıq onu tikib istifadəyə vermiş şirkət deyil, həmin binada mənzilləri özəlləşdirib yaşayan sakinlərdilər. Demək buradan belə məntiqi nəticə çıxır ki, bir çox şirkətlər insanları aldatmaqla məşğuldular və onlar tikib istifadəyə verdikləri özəlləşdirilmiş binada özünü ağa kimi aparırlar.

Həmin məsələ ilə bağlı bir neçə hüquqşünasın və ekspertin fikirlərini öyrəndik. Onlar bildirdilər ki, əgər bina sakinlər tərəfindən özəlləşdirilibsə, həmin binanın təsərrüfat, idarəetmə işlərini onu inşa etmiş şirkət heç cürə icra etmək hüququna malik deyil. Belə binaların sakinləri bir yerə yığışb hər hansı bir formada yeni bir qurum yarada bilərlər və o yeni quruma da sakinlərdən birinə rəhbərlik etmək səlahiyyəti verilər. Gərək burda da sakinlərin 50 faizi bu məsələdə eyni fikirdə olsunlar. Əgər bu sakinlər qeyd etdiyimiz kimi, ortaq məxrəcə gələrlərsə, onlar yeni qurum yarada bilər və binanın mənzil kommunal məsələlərini özləri həll etməyə qadir olarlar.

Toxunulan problemlərlə əlaqədar İqtisadiyyat Nazirliyindən də münasibət bildirilib. Nazirliyin sözçüsü bildirib ki, həmin məsələlərlə bağlı yeni istifadəyə verilmiş binaların sakinləri bizə də müraciət edə bilərlər. Əgər binalardakı mənzillər özəlləşdirilibsə, biz onlara öz köməkliymizi göstərərək yeni qurumun yaradılmasına yardımçı ola bilərik.

Göründüyü kimi, qaldırılan məsələlər hüquqi baxımıdan da bina sakinlərinin xeyrinə həll oluna bilər. Yəni bu cür binalarda yaşayan və özəlləşdirilmiş mənzil sahibləri mövcud problemi çox asanlıqla həll edə bilərlər. Sadəcə olaraq həmin binada yaşayan sakinlər bir məqsədə xidmət etməli və yığışaraq özlərinin birliyini yaratmalıdılar. Əgər bu birlik və hər hansı qurum yaradılarsa, təbii ki, bununla da mənzilləri tikib özlərini ağa kimi aparan şirkətlərdən sakinlər canlarını xilas edə bilərlər.

Bakıda neçə-neçə bu cür binalar vardır. Və onlarda da yaşayan sakinlər mövcud problemdən xilas olmaq üçün çıxış yolları axtarır. Yuxarıda da qeyd etdiyimiz kimi, ayrı-ayrı mütəxəssislər və ekspertlər bu çıxış yollarını göstərib. Deməli, bircə qalıb həmin binanın sakinlərinin hərəkətə keçməsinə. Bu da onların tay özlərindən asılıdır.

Faiq QİSMƏTOĞLU