adalet.az header logo
  • Bakı 17°C

Başqanın uşaq-muşaqla çevrə olmasının “effekti”

4914 | 2017-02-20 10:47

Bütün dünyada siyasətçilər siyasətlə məşğul olurlar. Azərbaycanda isə əksər siyasətçilər, hətta partiya sədri postunu tutan adamların əksəri siyasətdən başqa nə ilə desən məşğuldurlar; qeybət, böhtan atma, dedi-qodu, mühacir biznesi, saxta partiya vəsiqəsi satışı, Avropaya qaçırtdıqları partiya üzvlərindən aylıq haqq almaq və s.


Ən "ciddi” işləri isə facebookda virtual "qəhrəmanlıq” etmək, öz uğursuzluqlarını və xəyanətlərini başqalarının üzərinə atmaq kimi qəribə bir fəaliyyət növüdür.


Son illərdə maraqlı bir dəb də yaranıb; partiya rəhbərləri fitvaverənlik edirlər: Bəzi gəncləri aldadıb iqtidara qarşı sərt, amansız mübarizə aparmağı tövsiyə edirlər. Amma bu gənclər də onlara elə öz arşınları ilə cavab verirlər. Məsələn, bir neçə il öncə NİDA adlı bir təşkilat yaranmışdı. Müsavatın sabiq başqanı İsa Qəmbər orada toplaşan uşaqları tez-tez başına yığar, söhbətlər edər, məsləhətləşər, bu kəsləri az qala ölkənin ən dəyərli vətəndaşları elan edərdi, mitinqlərdə onları "hörmətli ziyalılar”, "sarsılmaz mübarizlər” və s. adlandırardı. Hansı ki, hörmətli İ.Qəmbər illərlə onun müdafiəsində dayanan, zərrə qədər ona xəyanət etməyən xeyli müsavatçı ziyalıları, yazarları, redaktorları bu cür vəsf etməyib. Bu cür "qədirbilənlikləri” sayəsində həmin gerçək ziyalılar, parlaq isimlər bu çevrədən uzaqlaşıb, öz həyat və yaradıcılıqları ilə məşğul olmağa qərarına gəldilər. Bundan sonra uşaq-muşaqla çevrə olan liderlərə isə ətraflarına cəmləyib, qəhrəman düzəltmək istədikləri kəslər yaxşı dərs verdilər. Məsələn, ötən həftə bir NİDA-çı qaçıb ölkədən getdi və bəyan etdi ki, dostlarını, çevrəsini satıbmış. 
Liderlərin digər bir "qəhrəman”ı isə NİDA-çılara ağır cəza kəsən hakimin katibi işinə düzəlib. Məncə, bu uşaqlar tamamilə düz ediblər və bir növ onları fitvalayıb türmələrə salan liderlərə bu addımları ilə layiqli cavab veriblər...


Məsələ bunda deyil, hər kəs necə yaşadığını özü bilər. Biabırçı olanı odur ki, özünə lider deyən biriləri bu "vur-çatlasın”da yenə də "Yeni Müsavat”a, onun rəhbərliyinə, kollektivinə böhtanlar yağdırmağa başlayıblar. Məsələn, facebookda gənclərdən biri dostlarını satdığını bəyan edən və Avropaya qaçan Rəşad Həsənovun haqqında nəsə bir status yazıbmış. Burada müzakirələrin gedişində heç dəxli olmadığı halda Müsavatın başqanı vəzifəsini tutan Arif Hacılı cənabları gəlib orada bir əndrabadi şərh yazıb, "Yeni Müsavat”a, onun kollektivinə, rəhbərliyinə böhtan atıb. Facebook əhli də həmin şərhi screen edib, yayıb. Öncə inanmaq istəmədim ki, A.Hacılı bu qədər cılızlıq edər. Fikirləşdik ki, bəlkə kimsə bunu montaj edib?

Müxbirlərimizdən biri onunla danışmaq və belə bir status yazıb-yazmadığını dəqiqləşdirmək istədi. A.Hacılı zənglərimizə cavab vermədi. Sonra həmin şərhi facebookda onun mesaj qutusuna göndərdik və izahat istədik; mesajı oxudu və iki gün ərzində ona cavab verməməklə, bu şərhi həqiqətən özünün yazdığını təsdiqləmiş oldu. (Aşağıda onun konkret nə yazdığını oxuyacaqsınız-E.M.)
Sonra həmin statusdakı yazışmalara baxdıq. Qos-qoca Müsavat Partiyasının indiki başqanının yerinə utandıq; başqan siyasət nədir bilməyən bir dəstə adamla ölkəyə "dərs keçir”, "ana müxalifət” kimi mübarizə aparır, əlinə keçən fürsətdə isə bizə şər atır...


Adamlar, dərdiniz, qarnınızın sancısı nədir? NİDA-çılar nəsə edir, bunun "Yeni Müsavat”la nə əlaqəsi? Yoxsa siz elə hər fürsətdə qərəzinizi göstərməyə alışmışınız? Sizə dəfələrlə bəyan edildi ki, müxalifətçilik, mübarizə anlayışının "anasını ağlar qoyduğunuz”, özünüzü bataqlığa saldığınız üçün biz sizinlə bərabər 60 nəfərlik kollektivi olan 27 illik bir qəzeti növbəti qurbanınız etmək istəmədik.


Dedik ki, siz siyasətlə məşğul olun, biz də sırf öz qəzetçiliyimiz, jurnalistikamızla, belə daha faydalıdır hər kəsə - cəmiyyətə və dövlətə də.


Amma siz bacarmadınız, siyasət meydanında müxalifətçilik missiyasını bilərəkdən, ya da bilməyərəkdən, yaxud bacarıqsızlığınızdan həyata keçirə bilmədiniz. Biz isə son illərdə daha da böyüdük, uğurlarımızı artırdıq, bu gün ölkənin yenə də bir nömrəli qəzeti və saytı olaraq davam edirik.


Lakin siz yenə də o düşüncədəsiniz ki, özünüz heç bir iş görməyəsiniz, qəzetdən, jurnalistlərdən qalxan kimi istifadə edəsiniz, sizin əvəzinizə mübarizə aparaq. Bu qədər ağılsız olmadığımız, əlinizdə növbəti dəfə alət edə bilmədiniz üçün isə bizə böhtan atırsınız. Bu qafa ilə siz əlbəttə ki, elə bu durumda da olmalı idiniz...


Bəs A.Hacılı şərhində nə yazmışdı? Dostlarını satanın faktiki müdafiəsinə qalxaraq, qeyd edib ki, guya "Yeni Müsavat”ın, onun rəhbərliyinin cəmiyyətə vurduğu zərbə Rəşad Həsənovun etdikləri ilə müqayisə edilməyəcək qədər çoxdur.


Adam partiya başqanıdır, təsəvvür edirsinizmi? Əgər siyasətçi ölkənin əsas qəzetini və saytını özünə dost deyil, düşmən qazanırsa, çoxdan daş düşüb o partiyanın, siyasətbazlığın başına. Beləsinin başqan olmasından böyük zərbə yoxdur cəmiyyətə. Təcrübə göstərir ki, media ilə düşmənçilik edən siyasətçi, nazir və s. məhvə məhkumdur. Bunu dərk etməyən bir adamın uğursuzluqlarının səbəbini araşdırmağa artıq ehtiyac qalmır...


A.Hacılının diqqətinə çatdıraq ki, "Yeni Müsavat”ın, onun rəhbərliyinin kimsə qarşısında siyasi öhdəliyi yoxdur və bu qəzet ölkənin qərəzsiz, hər kəsə açıq olan media orqanı kimi, bu illər ərzində cəmiyyətə ancaq fayda verib. Cəmiyyətin azı 60 nəfəri üçün iş yeridir, 60 ailə buradan normal dolanır. Siz bir partiya olaraq cəmiyyətimizin bir kasıb insanını cəmi 300 manatlıq işlə təmin edə bilərsinizmi?


Hər həftə azı 10 vətəndaşımız bizə müraciət edir, problemini işıqlandırırıq, həll olur. Onlarla xəstə, müalicəyə ehtiyacı olan körpələrin kampaniyasını aparırıq, onlara ianələr toplanmasına köməklik edirik. Bircə dəfə belə bir kampaniya apardınızmı partiya olaraq?


Cəmiyyəti Dağlıq Qarabağla bağlı hazırda qlobal miqyasda həyata keçirilən təhlükəli prosesə dair hər gün məlumatlandırır, xəbərdar edir və ölkədə vətənpərvər ab-havanın yaranması üçün maksimum çalışırıq. Bunu sizlər edə biləcək imkanlara maliksinizmi?


Sizlərin də sayəsində cəmiyyətimizdə uzun illər ərzində qaragüruh formalaşıb. Biz bu stereotipləri sındırmağa və normal, Qərb dəyərlərinə uyğun media olmağa çalışırıq. Siz isə hələ də sovet təfəkküründə ilişib qalmısınız və özünüzü sırf radikal dini təriqət lideri kimi aparırsınız: "Mənim kimi düşünməyən mənim düşmənimdir və xaindir, kafirdir”. Bu təfəkkürlə sizlər hara getmək istəyirsiniz? Cəmiyyətə ən böyük zərbəni bununla sizlər vurursunuz...


Siz Allah, "bizim üçün bunlar balaca işdir, bizim böyük ideallarımız var” kimi gülməli sözlər də danışmayın. Kiçik dediyiniz işləri görə bilməyənin böyük iddialar gerçəkləşdirməsi mümkün deyil.


Biz görə biləcəyimiz işləri vicdanla həyata keçiririk. Bəs siz nə edirsiniz? Deyirsiniz ki, siyasi mübarizə aparırsınız. Hanı sizin mübarizə? Facebookda status yazmaq mübarizədir?


Qiymətlər bahalaşdı, elektrik enerjisinin qiyməti artdı, sizdən bir "çırt” olmadı. Məgər ölkədə etiraz ediləcək meydan, problem yoxdurmu ki, sizlər Avropada mitinq keçirmək kimi absurd bir işlərlə məşğulsunuz? Almaniyada siyasi məhbuslara azadlıq tələb edilməsinin nə qədər gülünc olmasının fərqindəsinizmi? Məgər siyasi məhbus dediyiniz şəxsləri Angela Merkel əfv etməlidir, azadlığa buraxmalıdır? Yoxsa siz qətiyyən siyasi dəngələrdən xəbərdar deyilsiniz, bilmirsinizmi ki, Azərbaycan rəhbərliyi Avropadan təzyiqlər olduqca əfv sərəncamına siyasilərin adlarını birmənalı olaraq salmır? Bunu hüquq-müdafiəçiləri dəfələrlə bəyan ediblər ki, əfv sərəncamı imzalanan ərəfədə hakimiyyəti Qərblə təhdid etmək əks-effekt verir, ona görə də bu aralar sakit dayanın, bəlkə sizin qurbanınız olan 5-10 nəfər siyasi fəal azadlığa çıxdı. Amma siz əksini edirsiniz, Avropadan hakimiyyətə təzyiqlər edilməsinə və bununla əslində, həmin şəxslərin adının əfv siyahısından çıxarılmasına nail olmaq istəyirsiniz. Axı siz dəqiq bilirsiniz iqtidar təzyiqlər ediləndə siyasiləri əfvə salmır. Qəsdən belə edirsiniz? Budur sizin cəmiyyətə etdiyiniz "yaxşılıqlar”?


Və ümumiyyətlə, siyasi fəaliyyət meydanınız Azərbaycandır, yoxsa artıq 24 illik mübarizədən sonra Azərbaycanda iqtidara gələ bilməyəcəyinizi hiss edərək Almaniyada hakimiyyətə gəlmək istəyirsiniz? Bəs bu 24 ildə cəmiyyəti niyə aldadırdınız və aldatmaqda davam edirsiniz?


Heç olmasa sizlər danışmayın. Danışdıqca batırsınız; ən azı günahlarınızı, eyiblərinizi, zərbələrinizi üzünüzə və cəmiyyətə açıb deməyimizə səbəb olursunuz..

TƏQVİM / ARXİV