adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Fevral 2017 22:15
19408
MƏMLƏKƏT
A- A+

Azərbaycanda bələdiyyələrin xəritəsi hazırlanacaq

Bu il Naftalan, Mingəçevir, Şirvan şəhərlərində və 14 kənd rayonunda torpaqların elektron kadastr uçotuna alınması və bu uçot məlumatları əsasında 280-dən artıq bələdiyyənin xəritələrinin hazırlanması planlaşdırılır.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev məlumat verib.

"Artıq torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinə start verilib. Belə ki, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, habelə respublikanın 12 rayonda işlər tamamalanıb".

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı və maarifləndirmə işləri ilə bağlı yerlərdə Regional İşgüzar Forumlar keçirilir. Bu işlərin davamı kimi bu gün komitə tərəfindən Ağdaş rayonunda növbəti regional işgüzar forum keçirilib. Forumda komitənin aparatı və tabeli qurumları, Rayon İcra hakimiyyətləri, yerli icra nümayəndələri, bələdiyyə, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak edib.Qeyd edək ki, artıq 20-ə yaxın rayonda belə tədbirlər keçirilib.

Bu tədbirlər "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı” əsasən həyata keçirilir.

Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin uçotunu aparmaqdır. Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatları toplayır.