adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Sazbənd Murad, Aşıq Murad Həzi Həsənli

6937 | 2017-02-18 09:46

Elin saxlancı tükənmək bilməyən bir xəzinədir. Bizə dünənimizdən danışır, sabahımıza səsləyir bizləri elin saxlancı. Zamanın o üzündə qalanlardan bu üzündə yaşayanlara soraq verir. Soraq verir ki, elin keçmişini aydın görək, duyduqlarımızı, gördüklərimizi babalarımızdan balalarımıza ərməğan edək.

El sənətinin çox qədim kökləri, çox qədim növləri var. Elimizdə - obamızda saz-söz sənətinin nə qədər uzaq keçmişə malik olduğu danılmaz həqiqətdir. Təkcə saz-söz sənətimi? Əlbəttə, yox! Sənəti və sənətkarlığı ilə elin saxlancında qalanlardan, bu günümüzdə onların yolunu davam etdirənlərdən söhbət açmaqla görüşünüzə gəlirik.

El sənətinə ömür həsr edənlərin sorağıyla zamanın pəncərəsindən milli- mənəvi mədəniyyətimizin geniş üfüqlərinə boylanmaq istəyində bulunduq...

Sazla əlbir, dilbir olması ilə gümüşü telləri havacat murazına çatdırdı Murad. Sanki qar altından boy verən qarəməngülün yığvalına işıq düşdü, qönçələrin işıqlı dövranı başladı. Muradına çatasan, Murad! Ürəkşəkilli tavar saz durna boğazıyla könlümüzün süslü çəmənliyinin cənnət məcrasında yuva qurdu.

Sazbənd Murad, Aşıq Murad (Murad Kövrək təxəllüsü ilə şeirlər də yazır) hər dəfə sazla bağrıbadaş olanda könlümün bükümlərini ütüləyirdi, beynimin fikir, düşüncə qatını açırdı saz.

Bilməmişik zamanmı saza möhtacdır, sazmı zamana? Biləmmərik zamanmı sazı yoracaq, sazmı zamanı? Saz çalınar, dünyamıza vüqarsız boylana bilmərik. Göynəm- göynəm göynəyib, pərdə-pərdə ucalan sazın zirvə ucalığında Tanrı oylağına urcah olduq! O zirvə ucalığına baxarsan papağın düşər, enərsən gözün qaralar. Gümüşü tellərin gümüldənməsini görəndə gözümüzdən axan gümüşü yaşlarla behiştin çəmənzarında Tanrı çiçəkləri süslənər. Cənnətin bağında da sərvətdən gileyli, şöhrətdən incik düşər Haqq Aşığı. Bunu belə görənlər üzlərinə tutalğac kimi daş adamlara dönər. Dünyanın bir üzü min üzünə dönər Aşıq Dədəm, Ozan Babam!

Tariximizin əbədiyaşar nişangahlarını, ululardan - ulu ovqatımızı belə saxlayarlar, belə qoruyarlar, belə yaşadarlar, belə urvatlandırarlar. Laylamız sazla çalına - çalına oynayar qanımız, bərkiyər sümüyümüz. Sazımız, laylamız yadırğananda sümüyümüz çatlayar, iliyimiz göynəyər.

Şükür yığvalına, ruhumuzun üsyankar nişangahı gidi Saz! Nə yaxşı ki, səni adına layiq, oduna layiq dilləndirənlər, gülləndirənlər varmış. Qurbani demiş:

Bir gülü ki, dərəmmirsən, dərib xəndan eyləmə,

Bir könül ki, tikəmmirsən, yıxıb viran eyləmə.

İllah da ki, qənirsiz misraların qənirsiz havacatla qənirsiz səs uyuşması ola. Özün də həsrətin dağ ağırlığını, dağ yükünü çəkmiş olasan. O zaman millətin dünəniylə bu gününü yanaşı qoyasan. Torpağın kiçiləndə qeyrətin böyüyər, sənətin kiçiləndə heyrətin?!



Həzin-həzin aşıqlar ki oxuya,

Saz görən göz heç gedərmi yuxuya?

Hər tərəfdən dağ havası qoxuya,

Bəlkə Günyaz dirsəklənib dincələ...



O da var ki, əgər özünü bu millətin balası sanırsansa və əgər bu millətin sazını bəyənmirsənsə, demək beşiyin başında layla çalınmayıb. Demək bir millətin məkan ayrıntısında kökənindən ayrı düşmüsən. Belədə iç dünyan, tamırın, xamırın sazla uyuşarmola? Bəs, niyə bir - birimizin halını soruşanda belə deyirik:

- Necə varsan, kefin sazdımı?

Sazımızın simlərini əsrlər düzənləyib, əsrlər kökləyib. Elə bu millətin halal süd əmmiş balaları da üsyankar ruhlarıyla saza kökləniblər.

Görəsən sazbəndmi zalımdı, saz çalanmı, yoxsa saza qulaq kəsilənmi? Görəsən bu həmdərdlərin saza vurğunluğuyla hansı öncüldür?

Tazənəni xərəyə bənd edib gülümsəyir:

- Hamısı yarıbayarıdı. Alan olmasa, satan olmaz ki? - deyir.

Hə, Murad Kövrək beləcə kövrək yaşantılarıynan zaman-zaman Borçalı-Bakı arası yollar yorğunu olmuşdu. Borçalı ellərində onsuz da hər evdə bir saz güllənir, bir aşıq dillənir deyə düşünmüşdü. Sazbənd Murad sazı şəhərdə dünyaya gətirmək üçün ayaq döyürdü Bakıya. Rəhmətlik Xalq Şairi Zəlimxan Yaqubun köməyi sayəsində 8-ci kilometr yaşayış sahəsində yerləşən "Borçalı ocağı"nda saz bağlamaq üçün yer aldı. Artıq iyirmi ildir ki, həmin məkanda sevimli sazbəndlik sənətinə sadiq qalaraq çalışır. Əvvəllər ağır yığnaqlar, toylar yola salan Aşıq Murad indi sazı daha çox özünün, dostlarının könlünü ovundurmaq üçün dilləndirir.

Murad Sarıyev hələ lap erkən yaşlarından cır armud ağacından oyma sazlar düzəldərdi. Aşıqlığa meylindən əvvəl sazbəndliklə məşğul olub. Babası Hökümalı kişi qaşıq, çömçə, boyunduruq, cüt düzəltməklə məşğul olanda, sən demə, balaca Murad da öz işindəymiş. Amma ərsəyə gətirdiyi balaca cürə sazlarını kimsəyə göstərməzmiş.

Borçalı çökəyindəki kəndlərdə kəl arabaları üçün babasının düzəltdiyi boyunduruqları barmaqla göstərərmişlər. Hökümalılar nəsli ağac ustası kimi eldə yaxşı tanınıb.

Burdan belə sözü verdim Muradın ixtiyarına. Çünki Muradın sözü-söhbəti də çox şirindir. Ustadı, Dədə Ozan Aşıq Hüseyn Saraclının.... Bayaq sazı danışırdı, indi özü danışsın. Aşığın dili də ki, yüyrək olur:

- Qədim sazlar oyma şəklində olub. Amma oyma sazlar çanaq sazların verdiyi səsi verəmməzdi. Zaman keçdikcə saz da təkmilləşməliydi. Sazın çanağı tut ağacından, beçə qolu isə qoz ağacından düzəldilir. Dəmyə yerin tut ağaclarından düzəldilən sazlar dil - dil ötür. Sulu yerin tut ağacları isə qayış kimidir, bu, yararsız sayılır. Yalnız qocaman tut ağacları sazın malıdır. Ən aşağısı tut ağacının gərək 80 yaşı olsun. Həm kötüyü yoğun olur, həm də qocalan ağaclar kövrəkləşir. Qaracoğlan görün necə deyib:



Sazım, səndən xəbər alım.

Sənin əslin ağacdandı?

Ağac dedim, kefdən düşmə.

Xurma da var, ağac dandı...



Bax, bu gördüyünüz saz, dünən adicə tut kötüyü idi. İndi aşıqların sinəsində gəzir, məclislər yaraşığıdır.

Sazın pərdələrini qədimlərdə qoyunun acı bağırsağından bağlayırlarmış, indi isə sintetik materialdan düzəldilir. Amma tazənəni mizrabla səhv salmaq olmaz. Görürsən, biri saz çalır; havacatın düzümü də yerindədir, xallar, güllər də. Di gəl ki, səs sanki sazın içindən gəlmir, çölündən gəlir. Sən demə, sazı ifa edənin əlindəki tazənə tazənə deyilmiş, adicə butulka qapağından kəsilmiş, dırnaq boyda bir nəsnəymiş. Sazın tazənəsi əslində ancaq Ayı Gilası deyilən ağacın qabığından olmalıdır.

Muradın yerində söylədiyi bu iradı məni də ürəkləndirdi:

- Babalarımız ilin yaşıl çağlarında nəinki ağacları, bir şüy budağı da qırmağı günah sayıblar, - dedim.

- Hə, elə o sözün üstünə gəlirdim. Babam ilin yaz çağı ağac kəsməyi qıyan adam deyildi. Deyirdi ki, ağac insana beşikdən ta qəbirəcən gərək olur. Onsuz da sazbəndlərin ilin yaz çağında meşəynən işi yoxdur. Adam da bir qaşıqdan ötrü meşəyə qıyarmı? - deyirdi babam. Sazbəndlər də dikələn ağacların ömrünə balta çalmazlar, yıxılan ağaclara ömür verərlər.

Qırx ilin ərzində minə yaxın saz bağlamışam, amma bir dənə də olsun dikələn ağacın burnunu qanatmamışam. Bir sazı 10-15 günə ərsəyə gətirirəm. Mənim sazımın hamısı kövrək danışır. Nəfəsi Borçalının, Hüseyn Saraclının nəfəsini andırır. Özüm düzəltdiyim sazları uzun illər, lap qərinələr ötsə də həm görünüşündən, həm də səsindən tanıyaram.

- Düzəltdiyin sazları sinəsində gəzdirənlərdən bir neçəsinin adlarını çəkə bilərsənmi?

- Aşıq Əhməd Sadaxlı, Vəkil Hamamlı rəhmətliklər, Faxralı Aşıq Alı, İbrahim Qullar və yüzlərcə başqaları. Onu da qeyd etməliyəm ki, mənim düzəltdiyim sazları cənubi Azərbaycanda yaşayan aşıqlarımız daha çox alırlar. Aşıq sənəti orada durmadan inkişaf edir. Oradakı aşıqlardan bir çoxunun sinəsində mənim bağladığım sazları görəndə daha da ruhlanıram.

Düzəltdiyim sazlardan əlavə, təmir etdiyim sazlar da var, onların sayıni heç özüm də bilmirəm. Çünki sazını təmir etdirmək üçün yanıma gələn aşıqlar lap çox olur.

- Sazbəndlik sənətini öyrətdiyin şəyirdlərin varmı?

- Var, əlbəttə. Əsas şəyirdim İmdaddır. Sonra Bafalı və Vahid. O birilərinin adlarını çəkmək hələ tezdir.

- Borçalının ağır toy məclislərini də aşıq kimi yola salmısan. Aşıqlıqda ustadın kim olub?

- Sənətdə ərsəyə çatmağımda, aşıqlıq taleyimdə Hüseyn Saraclının xidməti əvəzsizdir. Onun çalıb oxumağı, dastan söyləməyi məni heyran etmişdi. Buna görə də ona şəyirdlik etdim və düz beş il qulluğunda durdum. Hər dəfə məni imtahana çəkəndə, doğru-dürüst cavabımdan eşmə bığlarının altından gülümsəyəndə elə bil, mənə haxdan vergi verilirdi. Ustad - şəyird mehrləşməyimiz də belə olmuşdu: - Ustad aşıq kəndimizə toya gəlmişdi. Ağsaqqallar ustaddan xahiş etdilər ki, qoy bu uşaq da oxusun. Onun izini ilə mən də oxudum.

- Ayə, bu oğlandan elə durnaboğazlı aşıq olar ki... Aşığın boğazı uzun olsa yaxşıdır. Rəhmətlik Sarvan Bayramın da boğazı uzun idi, deyə ustad Hüseyn Saraçlı məni səsimə görə deyil, boğazıma görə öydü. Elə o vaxtlardan ustadın evində qaldım, ulu saz sənətinin sirlərindən məni agah etdi və düz altı ildən sonra mənə halallıq verdi.

Murad öyrənməyi də, öyrətməyi də sevən sənətkardır. Sinəsində xəzinə kimi yaşatdığı "Əsli və Kərəm"dən, "Aşıq Qərib"dən, "Leyli və Məcnun"dan, "Koroğlu" dastanından, Aşıq Ələsgərin söyləmələrindən, Şair Nəbi Faxralıdan Hüseyn Saraçlısayağı elə salğarlı məclislər yola salır ki... Həm də Məşkür, Lətifə, Çəmən, Afaq, Səkinə kimi şəyirdlərinə aşıq sənətinin incəliklərini öyrədə bilməsindən bir təsəlli tapır. Deyir ki, saz sənətini yaşatmağa meyl göstərən gənclərimiz çoxdur. Ancaq onların bir çoxu sazı saz kimi çalmır. Sazı saz kimi çalmağı öyrənmək lazımdır. Ona görə də sazı, aşıqlıq sənətini mütləq ustadlardan öyrənmək lazımdır.

Dövlət səviyyəsində də aşıq sənətimizə böyük dəyər verilir. Bu işdə əməyi olanların hamısına təşəkkür edirəm.

... Bu dünyada onunçün ayrılmış ömür payını belə mənalı yaşamağı üstün tutub sazbənd Murad, Aşıq Murad. O, taleyi ilə danışan sənətkardır. "Murad Kövrək" təxəllüsü ilə yazdığı şeirlərində də göründüyü kimi.



TƏQVİM / ARXİV