adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Fevral 2017 09:38
3624
GÜNDƏM
A- A+

NƏŞRİYYATLARDA KEÇƏN ÖMRÜM

(Xatirələr)

Mustafa
Çəmənli

(əvvəli ötən şənbə saylarımızda)

Bizim mərhum şair və tərcüməçimiz Vladimir Qafarov "Xallı gürzə"ni rus dilinə tərcümə etmək istəyirdi. Bununla əlaqədar bir neçə dəfə bizim söhbətimiz də olmuşdu. Tanınmış şairimiz Səyavuş Məmmədzadə də bu söhbətlərin şahididir. Əlbəttə, Vladimir Qafarov kimi ustad bir tərcüməçi mənim kitabımı tərcümə etsəydi, ürəyimcə olardı. Ancaq bu tərcümənin müqabilində ona maddi yardım göstərmək lazım idi. O zaman yazıçılarımızın çoxu, o cümlədən Vladimir Qafarov da işləmirdi. Təəssüf ki, mənim də maddi durumum ürəkaçan deyildi. Beləcə, romanım tərcümə olunmadı. Mən bundan indi də çox təəssüflənirəm.

O zaman televiziyanın Ədəbi Dram baş redaksiyası "Yer üzünün Qarabağ düzü" adlı bir veriliş hazırlamışdı. Bu verilişdə şair Fətəli Sahib, Dadaş Mehdi, mən və Vaqif Yusifli iştirak edirdik. Vaqif mənim romanım haqda danışmaq üçün gəlmişdi. Qabaqcadan romanımdan parçalar seçilib aktyor Elxan Ağahüseynoğluna verilmişdi. Verilişin rejissoru Ələkbər Kazımovski idi.

Aktyor Elxan Ağahüseynoğlunun romandan səsləndirdiyi parçalar o qədər aktual səslənirdi ki, şairlər onlara verilən vaxtın bir hissəsindən belə imtina etdilər. Bu da onların ürəklərinin genişliyindən irəli gəlirdi.

1993-cü il yanvarın 29-da saat 14.00-da Sumqayıtda S.Vurğun adına Mərkəzi Kitabxanada "Xallı gürzə" romanımın müzakirəsi keçirildi. Bu müzakirəyə qələm dostlarım Şahlar Həsənoğlu və Əli Əmirli ilə getmişdim. Şəhər və şəhərətrafı ərazilərin kitabxana işçiləri, orta məktəb müəllimləri Mərkəzi Kitabxananın böyük zalına toplaşmışdılar. Bizi qarşılayanlar arasında Əşrəf Veysəllini, Xıdır Alovlunu görəndə ovqatım daha da yaxşılaşdı. Yaradıcılığım haqda məruzəni unudulmaz şair Əli Kərim haqda "Dinmə, ey kədər" kitabının müəllifi jurnalist Feyzi Mustafayev etdi.

Şəhərin ziyalıları, müəllimlər, kitabxanaçılar romanı o qədər peşəkarcasına təhlil eləyirdilər ki, doğrusu, heyran qalmışdım. Ədəbiyyat müəllimi Məmməd Novruzovun yazılı çıxışı diqqətimi daha çox cəlb etdiyindən ondan əlyazmasını alıb özümlə götürdüm. Sonra Məmməd müəllimin o yazısını "Xalq qəzeti"nə verdim. Bu yazı "Xallı gürzə" niyə dirilir?" sərlövhəsi ilə çap edildi. Müəllifin gəldiyi qənaət beləydi: "Sənət əsərinin uğuru onun həyatiliyindən, sənətkarın məharəti isə mənsub olduğu xalqın psixologiyasını, adət-ənənəsini dərindən bilməsindən çox asılıdır. Bədii əsər tarixi qaynaqlara söykənərək yazıldıqda sənətkar əziyyəti və məsuliyyəti qat-qat artır.

Mustafa Çəmənlinin orijinal bir epizodla başlayan "Xallı gürzə" romanı getdikcə tariximizin o mürəkkəb dövrünü bütün ziddiyyətləri ilə bizə göstərir. Roman böyük bir tarixin acısını, şirinini oxucunun ruhuna hopdurur. Müəllif tarixi ovqatı canlandıraraq bizi o günlərin iştirakçısına çevirir" ("Xalq qəzeti", 6 fevral 1993-cü il).

Mənim üçün unudulmaz günlərin biri də 1994-cü il 20 mayda Mingəçevir şəhərində M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrında keçirilən yaradıcılıq gecəm idi. Gecə axşam saat 6-da başlamışdı. Teatrın böyük salonunda boş yer qalmamışdı. Mən Mingəçevirə qələm dostum yazıçı-dramaturq Əli Əmirli, cərrah Çingiz Baxşəliyev və inşaat mühəndisi Nizami Kərimovla getmişdim. Başqa yazıçı dostlara əziyyət vermək istəməmişdim. Ancaq həyatda elə qəribə təsadüflər olur ki, gözləmədiyin halda çatışmazlıqlar tamamlanır. Gecə başlamamışdan şair Ələmdar Quluzadəyə, tarix elmləri namizədi Məhəmməd Hüseynova rast gəldim. Onları yaradıcılıq gecəmə dəvət etdim. Gecənin aparıcısı teatrın bədii rəhbəri Zülfüqar Abbasovdu. Zülfüqar müəllim "Xallı gürzə" romanından iyirmi, iyirmi beş dəqiqəlik tamaşa da hazırlamışdı. O, istəyirdi ki, mən bu əsəri səhnələşdirim. Əvvəl bu təkliflə razılaşsam da, sonra romanımın oxucularını itirəcəyindən ehtiyatlanıb əsəri səhnələşdirmək fikrindən daşındım.

Gecə çox yaxşı keçdi. Əli Əmirli, Ələmdar Quluzadə, Məhəmməd Hüseynov, "Azərbaycan işıqları" qəzetinin redaktor müavini Əmirxan Məmmədov, "Səda" şəhər qəzetinin əməkdaşları İsmayıl İmanzadə, Telman Bayramoğlu, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Bəkir Bəxtiyarov yaradıcılığım haqda fikirlərini söylədilər.

Bu yaradıcılıq gecəsindən sonra "Azərbaycan işıqları", "Səda" şəhər qəzetləri gecə haqda məqalələr dərc etmişdilər.

Yaradıcılıq gecəm başlamazdan öncə unudulmaz bir görüş də olmuşdu. Teatrın binasına keçmək istərkən əliəsalı bir kişi qolumdan yapışdı, əlini çox doğma bir adam kimi kürəyimdə gəzdirdi:

- Məni tanımadın?

- Xeyr! Elə bil hardasa görmüşəm, amma xatırlaya bilmirəm.

- Mən Cavanşir müəlliməm, Xocalıdan. İndi xatırladın?!

- Əlbəttə, Cavanşir müəllim! Əlbəttə, xatırladım!

Cavanşir müəllim bizim kənddən nənəmin yaxın qohumu Xavər xanımla evlənmişdi. Mən yeddi-səkkiz yaşlarında olanda bir dəfə evlərinə, Xocalıya aparmışdı. On günə kimi onlarda qalmışdım. Evlərinin arxa tərəfində çörək dükanı vardı. Bundan başqa heç nə xatırlamıram. Çünki bir də heç zaman Xocalıda olmamışdım. Xavər xanım kəndimizə - ata yurduna çox gec-gec gələrdi və hökmən bizim də əziz qonağımız olardı. Nə gizlədim, Xocalı faciəsi törədiləndə ilk yadıma düşən də Xavər xanım olmuşdu. Sonra eşitdim ki, o müsibət üz verən gecəsi Xavər xanım qızı Svetlana ilə ermənilərə əsir düşüb. Bu günə qədər də onlardan bir xəbər yoxdur. Ailənin başçısı, rus dili müəllimi Cavanşir Əliyev isə hadisə baş verməmişdən qabaq Bakıda sanatoriyada istirahətdə olduğuna görə sağ-salamat qalmışdı. Eşitmişdim ki, Xocalı faciəsindən sonra Mingəçevirdə yaşayır.

İndi bu sətirləri yazan zaman özündə güc tapıb gecəmə gəlmiş, erməni qaniçənlərinin ucbatından yurdunu, arvadını, qızını itirmiş, dərdi dağlardan ağır Cavanşir müəllimin əlinin istisini kürəyimdə hiss edirəm.

O dövrdə respublikada sıxıntılı günlər yaşasaq da, "Xallı gürzə" romanına oxucu marağı kifayət qədər çox idi. Ən çox oxunan kitablardandı. Elə həmin vaxtda bu əsər M.F.Axundov mükafatına təqdim olunmuşdu. Mən o zaman bu mükafat komissiyasının üzvlərinin kimlər olduğunu bilmirdim. Təkcə onu bilirdim ki, bu mükafat komissiyasının sədri görkəmli yazıçımız Sabir Əhmədlidi. Onun da necə sözübütöv, güzəştsiz yazıçı olduğunu hər kəs yaxşı bilirdi.

Bir gün yazıçı Əzizə Əhmədova mənə zəng vurub dedi ki, ədəbiyyat komissiyasında o da var. Bəs mənim romanımı oxuyub. Çox istəyir ki, mənim romanım mükafata layiq görülsün. Əzizə xanım, hətta ərinməyib mənim kitabımı o vaxt xəstəxanada müalicə olunan tarixi romanlar müəllifi Əzizə Cəfərzadəyə aparıb verər ki, oxuyub fikrini bildirsin. Əzizə Cəfərzadə də romanı oxuyub mənə geniş bir məktub yazmışdı. Çox təəssüf ki, köçhaköçdə o məktubu itirmişəm. Yadımda qalan odur ki, Əzizə Cəfərzadə romanımı xoş sözlərlə təqdir edirdi. Mənim XVIII əsrdə Azərbaycan xanlıqlarının başında duran xanlara münasibətimi, biri-birindən üstün tutmamağımı xüsusi vurğulamışdı.

Bir gün Sabir Əhmədlinin həmyerliləri şair İsmayıl İmamzadə dostu Tariyellə "Gənclik" nəşriyyatına, yanıma gəlmişdilər. Sözarası dedilər ki, səni təbrik edirik. Nə münasibətilə? - Bəs Sabir müəllimdən eşitdik ki, kitabın xoşuna gəlib, Allah qoysa, Axundov mükafatı alacaqsan.

Mən Sabir Əhmədli ilə bir-iki dəfə "Yazıçı" nəşriyyatında, "Ədəbiyyat və İncəsənət" qəzetinin redaksiyasında görüşüb söhbət etmişdim, amma onunla elə bir yaxınlığım yoxdu. Təbii, bir oxucu kimi onun "Yamacda nişanə", "Qanköçürmə stansiyası", "Yaşıl teatr" və başqa əsərlərini oxumuşdum. Sevdiyim yazıçılardan idi.

Bir gün eşitdim ki, ədəbiyyat komissiyasının on bir üzvündən yeddi nəfər Sabir Əhmədlinin otağına toplaşıb təqdim olunan əsərləri müzakirə ediblər. Və orada toplaşanlardan bir qrup yazar mükafat almağımı mənə rəva bilməyiblər. Sonralar komissiyanın tərkibindəki adamların kimliyini biləndə yüz faiz əmin oldum ki, Sabir Əhmədli ilə Əzizə Əhmədovadan başqa orada olanlardan heç biri mənim "Xallı gürzə"mi oxumayıblar. Çünki bir ədəbi sima olaraq o cənabların "can dəftərlərində" mənim adım heç vaxt olmayıb. Beləcə, o ili nəsr üzrə heç kəsə mükafat verilmədi.

Mən bütün bunları seyr etdiyim və yaddaşımda əbədiləşmiş bir ana görə yazıram. Bu hadisədən çox keçməmiş Hüsü Hacıyev küçəsində Sabir Əhmədli ilə qarşılaşdıq. O, Nizami Gəncəvinin heykəli istiqamətində yolu üzü Monolitə, mən isə "Gənclik" nəşriyyatına, iş yerinə getmək üçün əks tərəfə keçməliydim. Sabir müəllim məni görəndə bir an duruxdu. Bu görkəmli yazıçının qarayanız sifətində məsum uşağa xas ifadə donub qalmışdı. Mən onu yaxşı başa düşürdüm. Bu namuslu, ləyaqətli ədəbiyyat adamı şəxsən mənə deməsə də, mükafat alacağımı həmyerlilərinə ağzından qaçırmışdı. Nəticə isə gözlədiyinin əksi olmuşdu. Nəsə... Nəhayət, Sabir müəllim asta addımlarla yolu keçdi. Qarşısına yeriyib onunla səmimi görüşdüm, hal-əhval tutdum, mükafat barədə isə bir kəlmə də soruşmadım. O da heç nə demədi. Nə deyəydi, böyük bir faciə baş verməmişdi ki. Mükafat, fəxri ad olsa da olar, olmasa da. Əsas odur insan heç nəyə görə ləyaqətini itirməsin.



***

Mən nəsr şöbəsində böyük redaktor kimi fəaliyyətə başlayanda şöbənin müdiri Elçin Cabbarov idi. O da ADU-nun jurnalistika fakültəsini bitirmişdi. Təmkinli, tərbiyəli, işini bilən həmkarım idi. Ustad yazıçılarımıza həssaslıqla yanaşırdı. Yadımdadı, ustad yazarımız İsa Muğannanın nəşrə hazırlanan "İdeal" romanından necə vurğunluqla danışırdı. "Tütək", "Saz, "Yanar ürək", "Məhşər" əsərinin müəllifini nəşriyyatda görmək biz gənclər üçün necə də xoşdu. Elçinlə bir redaksiyada uzun müddət işləmək mənə qismət olmadı. O, yenicə açılmış "Universitet" nəşriyyatına baş redaktor getdi… Mən isə nəsr şöbəsinə müdir təyin olundum.

Oqtay Salamzadə, İsa Hümbətov, Cavad Zeynal, Saday Budaqlı, Sadiq Məsiyev, İlqar Quliyev, Zöhrə Əsgərova nəşr şöbəsinin redaktorları, Şamama Həsənli isə kiçik redaktoru idi. Mənim təşəbbüsümlə korrektor işləyən, jurnalistika fakültəsinin məzunu Rasimə Abbasova da nəsr redaksiyasına keçdi. Nəşr şöbəsi çağdaş Azərbaycan yazıçılarının əsərlərini tematik plana salaraq nəşrə hazırlayırdı. O zaman elə bir əsər yoxdu ki, kənar müəllifə rəyə verilmədən və nəşriyyat redaktorunun daxili rəyi olmadan plana salınsın.

Mən redaksiyaya gələn yazıçılarımızın heç birinə adi gözlə baxmırdım - özündənrazı müstəbehlərdən savayı. Şükür ki, belələrinin sayı azdı, amma vardı. Necə deyərlər, qınından çıxıb qınını bəyənməyənlər, Nobel mükafatçılarının adlarını əzbərləyib, amma əsərlərinin on faizini belə oxumayanlar vardı.



(ardı gələn şənbə sayımızda)