adalet.az header logo
  • Bakı 21°C
17 Fevral 2017 19:49
12993
ƏDƏBİYYAT
A- A+

YUXU

Yoldan keçərkən gənc bir oğlanı avtomobil vurub kənara atdı. Elə hər şey bundan sonra başladı. Qəza keçirmiş gənc bu zaman yarıcan halda edə biləcəyi tək şeyi düşünməkdə görürdü.

O ailəsini düşünürdü: Anam! O bu hadisədən xəbər tutsa… Ya atam?.. Axı onun da ürəyi var!

Daha sonra gəncin həyata qarşı, qarşısı alınmaz duyğusallığı işə düşür: Görəsən ölüb eləsəm, dostlarım nə reaksiya verəcəklər? Sosial şəbəkələrdə şəkillərim vardı, yəqin özü profillərinə məni yad etmək üçün həmin şəkillərimi yerləşdirəcəklər. Şəklin aşağı küncünə qara lent də çəkmək olar. Üzv olduğum gənclər təşkilatı, oxuduğum ali məktəb, yaşadığım küçə… Bəs bu sadaladığım məkanlardakı kütlə məni yad edərmi? Öhö, öhö… Bu nədir, ağzımdan qan gəlir. Deyəsən Ölürəm. Sürücü vicdanını qoyub qaçdı. Nəfəs ala bilmirəm, günəşin parıltısı gözümə qara ləkə kimi görsənir. Get-gedə pessimizm burulğanına sürüklənirəm, artıq həyatdan nəsə gözləmək də əbəsdir. Yaxşı ki, bir vaxtlar nənəm mənə kəlmeyi şəhadəti öyrətmişdi. Ruhun şad olsun nənə! Gəlirəm yanına…

Dayana bilmirəm, bədənim bütöv ağrıya qərq olub. Yaxşısı budur sevgilimə son sözlərimi yazım, yox onu günahlandırmayacam. İstəmirəm başa düşsün ki, sevgimi rədd etməsi üzündən daldığım dərin düşüncələr məni bu hala saldı… Cəhd elə qalx "özüm!” bacaracaqsan… Ağrılar hərəkətimi dayandırıb, iflic olmuşam sanki. Görəsən nə vaxt gözlərimi əbədiyyətə yumacam ?

Aha ilk adəm övladı dəyir gözümə...

"Dayan qardaş, indi ambulans çağırıram. Dözümlü ol, gəlir”.

Nə deyir bu görəsən, danışa da bilmirəm deyim ki, ehtiyac yoxdur onsuzda gedirəm...

Başımın üstündə dayanan adamın nədən bəhs etdiyini anlamırdım. Dərin dumanlığın içərisindən uzaqdan bir qrup insan axını daha… Bu məni yavaş-yavaş təlatümə salır. Hər tərəfdən səsələr gəlir: "Yazıq uşaq”, "Mən gördüm, maşın möhkəm dəydi, çətin ki, yaşasın”, "Anasına yazığım gəlir”... Tək olarkən ölümdən qorxmurdum indi bu adamların hay-həşirindən təsirlənib ölümə düşmən olmayasan neyləyəsən…

Deyəsən telefonuma zəng gəlir. Kimsə cibimə əl atdı:

"Alo, xanım, telefonun sahibi qəza keçirib. Mən yoldan keçən biriyəm, burada Yuxu prospektində qəza baş verib... Bəli, bəli, həmin yolun üstündə bu telefonun sahibi qəza keçirib...”

Başa düşdüm ki, telefonda danışan mənim sevgilim idi. Həyəcandan yüksələn səs tonu mənə onu tanıtmış oldu. Görəsən mənə niyə zəng edib, axı hər şeyin bitdiyini hesab edirdim. Son görüşümüzdə o nömrəmi gözümün önündəcə silmişdi.

…(düşünürəm). Demək ki, ayrılıq onun da ürəyincə olmayıb. Nə fayda artıq gecdir sevgilim!.. Başımın üstündəki qara buludları dəlib şəfəq saçsan da faydası yoxdur, çəməndəki çiçəklər soldusa açan deyil artıq…

Qəza zamanı sinirlərimin zədələnmə səbəbindən ağır eşidən qulağıma vıyıltı səsi gəlir. Deyəsən ambulansdır. Çətinliklə nəfəs alıram, mənimlə ehtiyatlı olun! Aaa! Dedim axı ehtiyatlı olun. Aaaa! Bunlar kimdir? Axı başımın üstündə həkimlər olmalı idi. Polislər burda nə gəzir. Yenə vıyıltı səsi gəlir. Həkimlər indi gəldilər. . Ağrıların təsirindən öz özümə dəli kimi danışırdım: Sizə ümidliyəm, baxın da, mən çətin adamam, sevgilimlə də buna görə ayrılmışam. Siz gərək əldən – ayağdan gedəsiniz həkimlərim! Şikəst də olsam bu ağır həyatda yaşamalıyam. Doğmalarıma doymaq üçün hələ çox erkəndir amma qədər, qismət, ölümsə ölüm...

Artıq maşının içərisindəyəm. Aaa!-Damarıma nəsə sancıldığını hiss elədim. Gözlərim qapanır. Nəhayət ölürəm, bu nədir yaşıl çəmənlik görürəm. Aman Allah, cənnətə düşmüşəm. Bura həm də uşaqlıq xatirəmdə əks olunan kəndimizi xatırladır mənə.

Bilməzdim ki. Cənnətdə günəşin şəfəqi adamın gözlərini çıxarır. Yox, bu tavandan sallanan lampadır. O işığı söndürün gözlərim qamaşır. Palatada həkin var?!

"Nə palata oğlum, sən nə danışırsan?.. Oyan, dərsinə gecikirsən. Nə tənbəl övlad böyütmüşəm ay Allah!

"Ana, mən hardayam?”

"Əstağfirullah! Ay bala evindəsən, dur üzünə su vur ayılsana, sənə min dəfə demişəm o yuxu filmlərinə az bax”.

"Ehh ana, yaxşı, indi hazırlanıb gəlirəm…”

Rüfət Soltan