adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Fevral 2017 09:41
5465
GÜNDƏM
A- A+

SEVGİDƏN ÖLMƏYƏN BİR QIZIN ETİRAFLARI

Həmişə müasir şairlərimizin, xüsusilə cavanların sevgi şeirlərini oxuyanda Ramiz Rövşənin bu misralarını xatırlayıram:

Bu sevgidi, mənim balam,

ömürlərdən uzun sevgi.

Bir əliylə

beşikləri yırğalayan,

Bir əliylə

qəbirləri qazan sevgi.

Bu sevgidi, mənim balam, -

bir dəlisov kəhər kimi

dalımızca çapan sevgi.

Harda olsaq, əcəl kimi

gəlib bizi tapan sevgi.



Bir anlığa dünyanın nağıllaşan, əfsanələşən məhəbbət fədailərini xatırlayırsan - Məcnunu, Leylini, Otellonu, Romeonu, Cülyettanı, Fərhadı... Sevgi dünyası başdan-ayağa qəribəliklərlə doludur. Ölüm də var bu yolda, xəstələnmək də, divanə olmaq da, tənhalığa qapılmaq da. Əsl sevgi insanı mənən, daxilən saflaşdırır. Faciə sevgisizlik yarananda başlayır. Amma əbədi yaşayan, ölümsüzlüyə aparan sevgilər var bu dünyada. Sevgini ömrün fəsillərinə də bənzədirlər - deyirlər ki, bahar fəsli gəncliyin sevgisidi, hisslərin, duyğuların coşduğu fəsil. Yaş gəlir otuza çatır. Sonra yay gəlir - hisslər daha da alovlanır, məcnunluq, divanəlik başlayır. Yaş qırxa çatır. Sonra payız - unudulmayan xatirələr xəzan yarpaqları kimi bircə-bircə ürəkdən baş alır. Yaş artıq qırxı, əllini keçir. Sevginin qışı olmur. Əlbəttə, ömrün fəsilləri və sevgi yaşı ilə bağlı bu fikirlə razılaşmamaq da olar. İnsan əlli, altmış, hətta yetmiş yaşında da gəncliyində olduğu kimi ehtirasla sevə bilər. Çünki sevgi üçün konkret bir yaş həddi, konkret bir "elmi metod" yoxdur.

Cavan şairlərimizirn demək olar ki, hamısı sevgidən yazırlar: Oğlanlar qızların vəfasızlığından, qızlar da oğlanların onları atıb getməyindən, xəyanətindən. Ortada "sənsizlik" sindromu. Amma bu "ənənə" ilə yanaşı, yaqanılan, duyulan hisslərin ifadəsi olan sevgi şeirləri də az deyil.

Vəfa Mürsəlqızının "Qağayı gülüşü" kitabındakı şeirlərin hamısı sevgidəndir. Uğursuz sevgidənmi? Yox! Yaşanılan sevgidəndir. Bu sevginin bitmə nöqtəsi, son dayanacağı görünmür, çünki elə hissdir ki, gün-gündən şölələri artır, yanğına çevrilir. Müşfiqin ölməz misralarını xatırlayırsan: "Ah, bu uzun sevda yolu, Vurulurmu başa könül!". Belə başlanır sevgi etirafları:



Bu dünyaya gələn gündən,

Sadəcə sevmək istədim.

Öz adımı bilən gündən

Sadəcə sevmək istədim.



Beləliklə, Vəfa Mürsəlqızı doğuldu və dünyaya sevgi üçün gəldiyini bəyan edir.



Sevdim, önümə nə çıxdı,

Sevən qəlbim kin bilmədi.

Birini gizlində sevdim,

Mən sevdim, lakin bilmədi.



Təbii ki, uşaqlıq və ilk gənclik illərinin sevdasıdır bu hisslər. Yoxsa deməzdi ki:



Böyüyüncə anladım ki,

Sevmək qələtmiş, İlahi!

Səni sevməyəni sevmək,

Nə pis adətmiş, İlahi?



Sevginin onun həyatında və ümumən, sevənlərin həyatında (Vəfa xanımın şeirlərində tək özünün yox, ürəkdən sevənlərin də etirafları səslənir), mövcudluğa, mənəvi yaşam tərzinə çevrilməsi sonrakı iki bənddə belə ifadə edilir:



Bu da Allahın payıdır,

Sevdikcə dinə gəlirəm.

Dünyanın bu şər vaxtında,

Yaxşı ki, sevə bilirəm.

Bir gün də ölüb görəcəm

Ya otam, ya da çiçəyəm.

Qorxma, ölüm, həyat kimi,

Mən səni də sevəcəyəm.



Bu səmimi etirafdan sonra "sevgi oyununun" gizlinləri, yəni əslində, bir sevən insanın bitib-tükənməyən digər etirafları səslənir. Bu etiraflardan məlum olur ki, "Duyğuların ən gözəlin İçində boğmaq da varmış", "İkiyə bölünüb həyatım mənim, içimdə baharla qış gəzdirirəm", "Dünya gözlərimdə ağla qaradır, Yaşılı, mavisi, sarısı yoxdur" və s. Füzulinin Leylisi belə demirdi, bu əsrin sevdalısı daha cəsarətlidi, yəni fikrini heç nədən çəkinmədən bəyan edir. Amma onu da fikirləşirsən ki, Leyli bu əsrdə doğulsaydı, elə Vəfa Mürsəlqızı kimi gizlin duyğularını belə açıb-ağardardı:



Dinirəm, dilim göynəyir,

Susuram, içim göynəyir.

Ürəyimi yer üzündən

Götürüm, qaçım, göynəyir!

Elə kəməndə düşmüşəm,

Dilimdən bəndə düşmüşəm,

O dərdə mən də düşmüşəm,

Dərdim-əlacım göynəyir.



Sevgi iki insanın münasibətindən doğur, anlaşma, könül birliyi varsa, vüsala gedən yol açıqdır. Ancaq dünya sevənlərinin qarşısında maneələr o qədər çoxdur ki, əsrlərdir şairlər bu maneələri dəf etməyə can atan aşiqlərin, məşuqların könül ahlarını qələmə almaqdan yorulmurlar. Cütlük arasında ya vəfa bağları qırılır, ya bir-birini anlamamaqdan doğan situasiya yaranır, ya da tərəddüd, şübhə məqamları başlayır. Qadın şairlərin sevgi şeirlərində tərəf-müqabil həmişə iztirab içindədir, kişi şairlərin şeirlərində isə tərəf-müqabil əsasən vəfasız yar obrazında təcəssüm edir. Bəs Vəfa Mürsəlqızının şeirlərində necə? Onun lirik qəhrəmanı "çətin bir adam" sevdiyini etiraf edir. Doğrudur, şeirlərində o "çətin adamın" xarakteri, insani keyfiyyətləri lazımınca açıqlanmır, amma bir şeirində həmin o "çətin adamı" bir azca tanıya bilirik. Sən demə, bu "çətin adamın" Don Juana oxşarlığı varmış: "Mən səni qadınlarda xatırlayıram hələ də, birindən gülüşünü, birindən baxışını". Bu "çətin adamın" ən böyük günahı nədəymiş: "Mən hər şeyini tapdım, Şansı qadındaydısa, ürəyini tapmadım, ürəyini tapmadım!!!". Vəfa Mürsəlqızının lirik qəhrəmanına belə bir sual ismarış edirik: O adamı sevməyə dəyərmi? Amma bütün bunlara baxmayaraq, biz o sevən qadının səmimi etiraflarını və sevən ürəyini alqışlayırıq. "Ümid" şeirindəki ÜMİDə qoşuluruq:


Bəlkə də, bəlkə də ümid var hələ,

Hələ də qopmayan bağlarımız var.

Durna qatarına qoşulub gedək,

Bizim də hardasa baharımız var.