adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Fevral 2017 21:07
13472
İQTİSADİYYAT
A- A+

Bakıda bu bankın 6 filialı bağlandı

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən, PAŞA Bank ASC-nin yeni şöbəsinin açılmasına icazə verilib və Bank VTB (Azərbaycan) ASC-nin 6 filialının lisenziyaları ləğv edilib.

Adalet.az xəbər verir ki, Palatanın Direktorlar Şurasının iclasında "PAŞA Bank”ın Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 20 ünvanında yerləşəcək "Fərdi bankçılıq” şöbəsinin açılması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

İclasda, həmçinin, Bank VTB (Azərbaycan) ASC-nin "İçərişəhər”, "Həzi Aslanov”, "Əhmədli”, "Bakıxanov”, "28 May” və "Xırdalan” filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılıb. Filialların bağlanmasına əsas səbəb Bank VTB (Azərbaycan) tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

Direktorlar Şurası "Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq Bank VTB-nin (Azərbaycan) "İçərişəhər” filialının 11.08.2014-cü il tarixli №162/10 saylı, "Həzi Aslanov” filialının 20.08.2013-cü il tarixli №162/5 saylı, "Əhmədli” filialının 27.11.2013-cü il tarixli №162/6 saylı, "Bakıxanov” filialının 21.07.2014-cü il tarixli №162/8 saylı, "28 May” filialının 03.10.2014-cü il tarixli №162/12 saylı və "Xırdalan” filialının 26.09.2014-cü il tarixli №162/11 saylı icazələrini ləğv edib.

Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.